RU

Dünya Oyunlarına üç ay qalıb: növlər, təmsilçilərimiz, rəqiblər

Bu ilin qeyri-olimpiya idman növləri üzrə əsas multi-idman tədbirinə üç ay qalıb. Söhbət avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarından gedir.

İdman.biz xəbər verir ki, Oyunlar 35 növü əhatə edəcək və 100-dən çox ölkədən 4000-dən çox idmançı qələbə uğrunda mübarizə aparacaq.

Onların arasında tamblinq, akrobatika, aerobika, kikboksinq və karate növlərində təmsil olunacaq Azərbaycan komandası da var. İdman növləri üzrə iştirakçıların, demək olar ki, bütün tərkibi müəyyənləşib, idmançılarımızın Oyunlarda kimlərlə mübarizə aparacaqları bəlli olub.

Dünya çempionatında gümüş medal qazanan Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlüyü aerobikada çıxış edəcək. Mütəxəssislər 2022-ci ildə ABŞ-nin Birmingem şəhərində keçirilən Dünya Oyunlarının qalibləri braziliyalılar Tamires Silva və Lukas Barbosanı fərqləndirərək cütlər arasında güclü rəqabət gözləyirlər. Yaponiya, İtaliya, Rumıniya və Ukraynadan olan duetlər də Çində bacarıqlarını nümayiş etdirəcəklər.

Maraqlıdır ki, Mustafayeva və Dolmatov üç il əvvəlki Dünya Oyunlarında aerobika komandasının heyətində "rəqs" kateqoriyasında bürünc medal qazanıblar.

Akrobatikanın qarışıq cütlüklər yarışında ikiqat dünya çempionları Ağasif Rəhimov və Raziyə Seyidli çıxış edəcəklər. Onların rəqibləri İspaniya, İsrail, Qazaxıstan, Portuqaliya və Ukraynadan gimnastlar olacaqlar. İkiqat dünya çempionları Murad Rəfiyev və Daniel Abbasov kişilərin duetində yarışacaqlar və onlar Bolqarıstan, İspaniya, Qazaxıstan, Portuqaliya və Ukrayna idmançıları ilə mübarizə aparacaqlar.

Dünya Oyunlarında qrup yarışında isə dünya çempionatının bürünc mükafatçıları Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərov iştirak edəcəklər. Burada həmçinin Çin, Böyük Britaniya, Almaniya, İsrail və Ukrayna komandaları mübarizə aparacaqlar.

Dünya Oyunları üçün seçmə xarakter daşıyan Gimaraeşdəki dünya çempionatında Azərbaycan komandası dörd qızıl, bir gümüş və üç bürünc medal qazanıb və komanda yarışında Çinə uduzaraq ikinci yeri tutub. Dünya Oyunlarında yerli idmançıların öz ölkələrində daha yaxşı çıxış etməyə çalışacaqları gözlənilir.

Akrobatika üzrə beş kateqoriyanın hamısı – kişi və qadın cütlükləri, qarışıq cütlüklər, kişi və qadın qrupları – Çenqduda təmsil olunacaq. Bir sıra komandalar bu tədbir üçün yeni proqramlar hazırlamağı planlaşdırırlar.

Tamblinq yarışında ikiqat dünya çempionu Mixail Malkin mübarizə aparacaq. Onun rəqibləri Böyük Britaniya, ABŞ, Kanada, Fransa, Portuqaliya və İspaniyadan gimnastlar olacaqlar.

Kikboksinqdə bütün diqqətlər dünya çempionu Amin Quliyevə (63,5 kq) yönələcək. O, ötən il Afinada keçirilən Avropa çempionatında qalib gələrək multiforumda yarışmaq hüququ qazanıb. Dünya Oyunlarında onun çəki dərəcəsində səkkiz idmançı mübarizə aparacaq. Bunlar Vinisius Oliveyra (Braziliya), Mostefa Nambininjanahari (Madaqaskar), Stanislav Renita (Moldova), Emmanuel Kardenas (İsveçrə), Cakrit Konqtok (Tailand), Qleb Mazur (Ukrayna) və Asilbek Sadıkovdur (Özbəkistan).

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) da Dünya Oyunlarına vəsiqə qazanıb. Çinə ilk vəsiqələr 2023-cü ildə Budapeştdə keçirilən dünya çempionatında verilib və Tokio Olimpiadasının gümüş mükafatçısı orada ardıcıl üçüncü dəfə çempion tituluna sahib çıxıb. Onun finaldakı rəqibi Yelena Quiriçi (İsveçrə) və dünya çempionatının bürünc mükafatçısı Seiko Zefanya (İndoneziya) da Çenqduda çıxış edəcəklər.

Qalan iştirakçılar reytinq əsasında müəyyən edilib. Onlar Eda Eltemur (Türkiyə), Hadir Hendi (Misir), Kama Tsubasa (Yaponiya), Giaogiao Li (Çin) və Talia Sombedir (Fransa).

Zəki Feyzullayev
İdman.biz

Избранный
0
idman.biz

1Источники