RU

“Super azad erməni mediası” barədə fransız səfirin yalanını ermənilər özləri tutdular...


Yadigar Məmmədli: “Səfirin Ermənistanda söz azadlığı barədə səsləndirdiyi bəlağətli fikirlər siyasi xarakterlidir”

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bəyan edib ki, Ermənistan söz azadlığı sahəsində mövqeyini xeyli yüksəltməyə, mövqelərini yaxşılaşdırmağa müvəffəq olub.

“Ermənistanı dəstəkləməklə biz demokratiyanı müdafiə etmiş oluruq”, - deyə o vurğulayıb. Hətta İrəvanı regionda “azadlıq vadisi” kimi qələmə verməkdən də çəkinməyib.

Ancaq Fransa səfirinin bu yalanını elə ermənilər özləri ifşa edib. Ermənistanın Söz Azadlığının Müdafiəsi Komitəsinin (SAMK) sədri Aşot Melikyan fransalı diplomatın dediklərinə cavab olaraq bildirib ki, ölkə yarıazad mətbuata malik ölkələr arasında olmağa davam edir və bölgədə lider mövqe tutsa da, nəzərəçarpan irəliləyişin olmaması narahatlıq doğurur. O qeyd edib ki, bu fakt beynəlxalq insan hüquqları təşkilatı “Freedom House”un hesabatı ilə təsdiqlənir, hansı ki Ermənistanda söz azadlığını mümkün 4 baldan 2 balla qiymətləndirib: “Beynəlxalq təşkilatlar Ermənistanda söz azadlığı sahəsində müsbət dəyişikliklər qeydə almayıblar və 2018-ci il inqilabından sonra qeydə alınan irəliləyiş əhəmiyyətli dərəcədə yavaşlayıb”.

Göründüyü kimi, faktlar, hesabatlar və Ermənistan daxilində fəaliyyət göstərən təşkilatların hazırladıqları materiallar fransalı diplomatın fikirlərini alt-üst edir.

“Məqsəd bu barədə saxta rəy formalaşdırıb Aİ-nin bu ölkəyə daha çox yardım göstərməsini təmin etməkdir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədlinin fikrincə, başda Fransa olmaqla bəzi qərb dövlətlərinin Ermənistanı “demokratiya adası” kimi təqdim etməyə çalışmaları yeni mövzu deyil: “Ermənistanı bütün platformalarda Qərb dəstəkləyir. Əsasən də Avropa İttifaqının timsalında son illər Ermənistana dəstək artan xətt üzrə inkişaf edir. Bu da təsadüfü deyil ona görə ki, Fransa Avroittifaqda aparıcı dövlətlərdən biridir. Fransanın da necə ermənipərəst ölkə olduğunu isə izah etməyə ehtiyac yoxdur. Ən azından ona görə ki, Fransa hakimiyyəti “ermənidən çox erməni” mövqeyindən çıxış edir. Fransa səfirinin Ermənistanda söz azadlığı barədə səsləndirdiyi bəlağətli fikirlər siyasi xarakterlidir. Məqsəd odur ki, bu barədə saxta rəy formalaşdırıb Aİ-nin bu ölkəyə daha çox yardım göstərməsini təmin etsinlər. Guya ki, Ermənistanın qonşuluğunda olan ölkələrdə belə bir mühit yoxdur. Ancaq erməni ictimai rəyi bunun tam əksini göstərir. Üstəlik, bəzi hüquq müdafiə təşkilatlarının hesabatları Fransa səfirinin iddialarını təsdiqləmir. Ermənistanda həqiqətən də media azadlığı olsaydı, Nikol Paşinyanın cəmiyyətdə reytinqi son dövrlər nəzərə çarpacaq dərəcədə aşağı düşməzdi. Bu, necə söz azadlığıdır ki, müxalifətə yaxın bir sıra media resursları sıradan çıxarılıb? Ona görə də, Fransa səfirinin uydurmalarının reallıqla heç bir əlaqəsi yoxdur. Bunlar bütün vasitələrlə Ermənistanı gözə soxmağa çalışırlar. Fransa narahatdır ki, gələn il Ermənistanda parlament seçkiləri nəticəsində Rusiyaya yaxın qüvvələr hakimiyyətə gələcək. Həm də bu səbəbdən mövcud hakimiyyəti qorumağa çalışırlar. Hesab edirəm ki, Fransanın bu siyasi oyunları əks nəticələr verəcək”.

Vidadi ORDAHALLI

Избранный
0
baki-xeber.com

1Источники