Ombudsman “Konstitusiya və Suverenlik - hüquqi dövlətin mühüm amilləri” mövzusunda elmi-praktiki konfransda iştirak edib
Ajans.az xəbər verir ki, tədbirdə Müvəkkil “Müstəqil və suveren Azərbaycan dövlətində insan hüquqlarının müdafiəsində Ombudsmanın Konstitusiya Məhkəməsi ilə əməkdaşlığının əhəmiyyəti” mövzusunda çıxış edərək, Ulu Öndərin bilavasitə müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün hüquqi baza rolunu oynadığını və dövlətin gələcək inkişafına təkan verdiyini qeyd edib. Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının Konstitusiyanın əsas hədəflərindən birini təşkil etdiyini bildirən Ombudsman Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin tam olaraq bərpa edildiyini, bölgədə sülh və sabitliyin təmin olunduğunu diqqətə çatdırıb. Səbinə Əliyeva qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən institusional islahatların insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə zəmin yaratdığını qeyd edib, həmin islahatlar çərçivəsində Ombudsmanın mandatının beynəlxalq hüquq normalarından irəli gələrək genişləndirilməsi ilə bağlı əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyünü söyləyib. Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə bərabərlik hüququnun təmin edilməsi, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndirildiyini qeyd edib. Ombudsman Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə mövcud əməkdaşlıq əlaqələrindən bəhs edərək, bu əməkdaşlığın insan hüquq və azadlıqlarının səmərəli təmini baxımından xüsusi önəm daşıdığını, Əsas Qanunun aliliyinin təmin edilməsi və hüquqi müdafiə mexanizmlərinin effektivliyinin artırılması məqsədlərinə xidmət etdiyini bildirib.