RU

"Mersin kansler seçilməsindən sonra Almaniya Aİ-də yenidən liderlik edəcəkmi?" - "Deutsche Welle"

 
"Brüssel Mers hökumətindən daha güclü, effektiv və qərarlı fəaliyyət, "alman səssizliyi"nə son qoyulmasını gözləyir..."
 
Almaniyada keçirilən seçkilərdən sonra Xristian-Demokratik İttifaqının (XDİ) lideri Fridrix Mers ölkənin 10-cu kansleri seçilib. Onun Avropa siyasəti ilə bağlı ilk çıxışlarında verdiyi mesajlar, Almaniyanın Avropa İttifaqındakı (Aİ) rolunu yenidən gücləndirmək niyyətində olduğunu göstərib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb.
 
Aİ-yə dəstək və liderlik mesajları
 
Valensiyada keçirilən Avropa Xalq Partiyasının qurultayında Mers bəyan edib ki, "Almaniya Avropanın ən böyük tərəfdarlarından biri olacaq". O, Avropada birliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi, yeni ticarət razılaşmalarının dəstəklənməsi, iqlim siyasətinin yenidən nəzərdən keçirilməsi və miqrasiya axınının azaldılması məqsədilə yeni təşəbbüslərlə çıxış edəcəyini bildirib.
 
İlk diplomatik addımlar: Paris, Varşava, Brüssel
 
Kansler seçildikdən dərhal sonra Mers ilk xarici səfərlərini Fransaya, Polşaya və Avropa İttifaqının siyasi mərkəzi olan Brüsselə edib. Bu, onun Aİ-yə önəm verdiyinin rəmzi jesti kimi qiymətləndirilir.
 
Avropa müdafiəsində daha çox müstəqillik
 
Fridrix Mers Avropanın müdafiəsinin NATO çərçivəsində təşkil edilməsini müdafiə etsə də, Avropa ölkələrinin daha müstəqil müdafiə imkanlarına sahib olmasının zəruriliyini vurğulayır. "Bu, könüllü deyil, zəruri şərtdir," - o, qeyd edib. Bu kontekstdə o, ortaq silah alışları və hərbi layihələrin birgə hazırlanması ilə bağlı daha praqmatik yanaşma çağırışı edir.
 
Rusiyanın Ukraynaya təcavüzündən sonra Aİ öz müdafiə imkanlarını artırmaq qərarına gəlib. Mers bu planların reallaşdırılmasını prioritet sayır və Avropanın ABŞ-dan daha az asılı olması üçün çalışmaq niyyətindədir.
 
Fransa ilə ittifaq və Makronun strateji avtonomiya ideyası
 
Fransa prezidenti Emmanuel Makron üçün Mersin kansler seçilməsi yeni əməkdaşlıq imkanları yaradır. Makronun irəli sürdüyü "strateji avtonomiya" ideyası - Avropanın müdafiə, enerji, texnologiya və xammal kimi sahələrdə daha müstəqil siyasət yürütməsi Merslə ortaq müzakirə mövzusu olacaq.
 
Mübahisəli məqamlar: Atom enerjisi və ticarət
 
Almaniya və Fransa münasibətləri yaxınlaşsa da, bəzi sahələrdə fikir ayrılıqları qalır. Almaniya uzun müddət "yaşıllar"ın təsiri altında atom enerjisinə qarşı çıxsa da, Mersin rəhbərliyi dövründə bu məsələdə daha realist mövqe gözlənilir. Ekspertlər Almaniyanın ucuz elektrikə ehtiyacı səbəbilə Fransa ilə atom energetikası sahəsində daha çox əməkdaşlığa açıq olacağını düşünür.
 
Digər tərəfdən, Fransa Aİ ilə "Mercosur" ölkələri (Braziliya, Argentina, Uruqvay və Paraqvay) arasında azad ticarət razılaşmasına qarşı çıxır, Almaniya isə bu sazişi dəstəkləyir. Fransa eyni zamanda Avropa üçün ortaq borc mexanizmlərini təklif edir, Almaniya isə buna kəskin qarşı çıxır.
 
Brüsselin gözləntiləri: Fəal və qərarlı Almaniya
 
Avropa paytaxtında Mers hökumətindən daha güclü, effektiv və qərarlı fəaliyyət gözlənilir. Olaf Şoltsun rəhbərlik etdiyi koalisiya hökumətinin dağılmasından sonra Almaniya mühüm məsələlərdə qərar verməkdə gecikib, ya da neytral mövqe tutub. Bu da Brüsseldə "alman səssizliyi" adlanıb.
 
Mersin hakimiyyəti ilə bunun sona çatacağı düşünülür. Aİ-nin uzunmüddətli büdcəsinin hazırlanması, miqrasiya siyasəti, ABŞ-ın proteksionist ticarət tədbirlərinə cavab və Çinlə ticarət əlaqələrinin tənzimlənməsi kimi mövzularda Almaniyanın aktivliyi zəruri sayılır.
Избранный
0
moderator.az

1Источники