"Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası İran və Azərbaycan xalqlarını yaxınlaşdırar" - DEPUTAT
Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir. İran KİV-nə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bildirib. Vilayət rəhbərinin sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək. Bundan başqa, Bəhram Sərmast qeyd edib ki, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi barədə razılıq əldə olunub: "İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycanda təhsil alan İran tələbələri üçün sərhəd keçidinin sadələşdirilməsi, həmçinin İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi və birgə elmi-tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub".
Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası ölkələrarası münasibətlərə müsbət təsir edəcəkmi? Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası hökumətlərarası komissiyada müzakirə mövzusu ola bilər.
Nəsib Məhəməliyev Nəsib Məhəməliyev “Konkret razılıq əldə olunması barədə məlumatım yoxdur. Təbriz tarixi Azərbaycan şəhərdir. Bu şəhərlə müntəzəm aviareys əlaqəsi, İran və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırar, eyni zamanda turizmin və mədəni-iqtisadi münasibətlərin inkişafına xidmət edə bilər. İran prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi səmimi görüş münasibətlərdə yeni səhifənin açıldığının göstəricisidir. İran son 30 ildən artıq bir müddətdə Azərbaycan siyasətində çoxsaylı yanlış davranışlara yol verib və bundan ancaq ziyan çəkib. Zaman dəyişib, regionda yeni reallıqlar yaranıb. Mövcud geosiyasi şərait İranı yeni reallıqllarla hesablaşmağa sövq edir”-deyə deputat qeyd edib.
Nəsib Məhəməliyev tələbə mübadiləsi məsələsinə də toxunub. Deputat bildirib ki, bunu müsbət addım kimi qiymətləndirir.
“İran universitetləri arasında kifayət qədər reytinqliləri var. İndiyə qədər, bizim gənclər İranda ancaq dini təhsil almağa gedirdilər. Nəticədə, dövlətimiz və cəmiyyətimiz üçün xoşagəlməz hallar yaşandı. Bir neçə ixtisas var ki, iranlı tələbələrin Bakıda, bizimki tələbələrin İranda təhsil almasında fayda var.
Azərbaycan, hər zaman İranla bərabər hüquqlu, qarşılıqlı hörmətə söykənən münasibətlərə sadiqdir. Münasibətlərin yumşalması, İran dövlətininin xarici və daxili siyasətində əsas söz sahibi olan ali rəhbər Əli Xameneidən asılıdır”-deyə deputat vurğulayıb.