Türkiyənin Nevşehir bölgəsi Dərinquyu rayonunda 6 gün əvvəl dünyasını dəyişmiş Nuri Gümüşün məzarı başında olanlar yerli sakinləri heyrətə gətirib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, məhrumun oğlu “atamın ölümündən sonra bu, bizi daha da üzdü”, deyərək baş verənləri anladıb. Ötən həftə Çakıllı kəndində 75 yaşında dünyasını dəyişən Nuri Gümüş kənd qəbiristanlığında torpağa tapşırılıb. Gümüşün 5 il əvvəl sahibləndiyi “Qərib" adlı iti isə sahibi dəfn edildikdən sonra məzardan aralanmayıb. Nuri Gümüşün qızı Nurcan Çetinkaya jurnalistlərə açıqlamasında köpəyin məzarı tərk etməməsinin onları çox duyğulandırdığını deyib:
“Biz onun övladları olaraq İstanbulda yaşayırdıq. Atamın sadiq dostu Qərib adlı bu köpək idi. O, atamın tənhalığını bölüşürdü. Atamızı dəfn etdiyimiz gündən gecə-gündüz burada yatır. Yasin surəsini oxuyub ağlayanda başını çiynimə qoyub, ayağı ilə yanağımı silirdi. İllər əvvəl qonşumuz köpəyi burda buraxıb İstanbula köçüb, atam isə köpəyə yemək verib, ona sahib çıxıb, onlar beləcə dostlaşıblar. O gündən bəri atamın yanında idi, heç ayrılmırdılar”.
Nuri Gümüşün oğlu Nihat Gümüş itin bu davranışının diqqət çəkdiyini bildirib. Hər dəfə məzara gələndə itin orada olduğunu bildirən Gümüş, "biz ağlayanda sanki bizə nəsə deyir. Atamın ağrısından sonra bu it bizi daha da kədərləndirdi. Daha əvvəl belə bir duyğu görməmişdik. Bir tərəfdən kədərlənərkən, digər tərəfdən də sevinirik. Məlum oldu ki, atamın ən yaxın dostu məhz bu köpək imiş”, söyləyib.