Bu payız yalnız şagirdlər üçün deyil, müəllimlər üçün də yeniliklə başlayacaq. Təhsil sektorunda çalışan şəxslərə güzəştli kartların təqdim olunması planlaşdırılır. Yeni layihə müəllimlərin sosial rifahını yüksəltmək və peşəkar fəaliyyətlərinə əlavə stimul vermək məqsədi daşıyır.
Hazırda Təhsilin İnkişafı Fondu bu istiqamətdə müxtəlif partnyorlarla əməkdaşlıq edir. Fondun məlumatına görə, kart vasitəsilə müəllimlər nəqliyyatdan tutmuş alış-verişə, iaşə xidmətlərindən elektron və elmi resurslara qədər bir sıra endirim və güzəştlərdən faydalana biləcəklər. Lakin layihənin dəqiq istifadəyə veriləcəyi tarix hələlik müəyyən edilməyib.
Müəllimlər isə bu təşəbbüsü təqdirlə qarşılayır və onun həm sosial, həm də elmi-pedaqoji baxımdan önəmli olacağını düşünür.
Ləman Qasımlı, müəllim:
“Turizm yönündən yay vaxtlarında müəllimlər daha səmərəli istirahət edə bilsələr, bu onların işinə də müsbət təsir edər. Kitab və məqalə çapı kimi sahələrdə də endirimlər faydalı olar. Bu güzəştlər təkcə müəllimlər üçün deyil, tələbələr və gələcək nəslin rifahı üçün də önəmlidir.”
Kənan Novruzov, müəllim:
“Biz elm adamlarıyıq, istərdik ki, elmi ədəbiyyatların alınması və mədəni istirahət sahələrində – məsələn, kinoteatrlarda – də güzəştlər tətbiq olunsun. Bu cür təşəbbüslər müəllimlərə əlavə stimul verər.”
Qeyd edək ki, fond tərəfindən hazırda tələbələr üçün nəzərdə tutulan və bir sıra imtiyazlar təqdim edən “TələbəPlus” kartı üzərində də geniş işlər aparılır.