RU

Xankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilib - YENİLƏNİB

Xankəndi, 7 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda Prezident Kitabxanasının və Qarabağ Universitetinin əməkdaşları, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Heydər Əliyev və Azərbaycanın suverenlik yolu” adlı videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında duran əsas hədəflərdən söz açıb. Bildirib ki, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, eyni zamanda, bölgənin elmi və intellektual mərkəzinə çevrilmə istiqamətində də mühüm addımlar atmaqdadır. Ş.Bayramov çıxışında vurğulayıb ki, universitetin fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin irsi, dövlətçilik prinsipləri və milli suverenlik ideyalarının təbliği əsas istiqamətlərdən birini təşkil edir. O, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən konfransı Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği baxımdan yüksək qiymətləndirib.

Prezident Kitabxanasının direktoru Afət Abbasova çıxışında Qarabağ Universitetinin yaradılmasını tarixi zərurət kimi dəyərləndirib və bu ali təhsil müəssisəsinin Azərbaycanın elmi, mədəni və strateji hədəflərinə xidmət edəcək mühüm bir platforma olduğunu diqqətə çatdırıb. O, həmçinin kitabxana-resurs bazalarının inkişafı, akademik nəşrlərlə əməkdaşlıq və tarixi irsin öyrənilməsi sahəsində Prezident Kitabxanasının Qarabağ Universiteti ilə gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

Universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev “Milli suverenliyin bərpasında Heydər Əliyev irsi: təhlükəsizlik, idarəetmə və diplomatiya” mövzusunda çıxış edərək, Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin müasir dövr üçün strateji əhəmiyyətini vurğulayıb.

Prezident Kitabxanasının Qafqazşünaslıq üzrə direktor müşaviri Nazim Mustafa “Keçmişdən bu günə Qarabağ” mövzusundakı çıxışında regionun tarixi-siyasi keçmişinə ekskurs edərək, Qarabağın hər zaman Azərbaycan xalqının ayrılmaz parçası olduğunu bildirib və Qarabağda aparılan bərpa-quruculuq işlərinin tarixi ədalətin bərpası ilə yanaşı, milli yaddaşın və kimliyin yenidən möhkəmləndirilməsi baxımından da önəmli olduğunu qeyd edib.

Sonra Prezident Kitabxanasının dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsinin müdiri Kəmalə Qasımovanın “Azərbaycanın dövlətçilik modeli: Konstitusiya, liderlər və milli rəmzlərin vəhdəti” mövzusunda çıxışı dinlənilib.

Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov “Konstitusiya və Suverenliyin Zəfəri” layihəsini, Proqram təminatı qrupunun rəhbəri Tuncay Hüseynzadə isə Prezident Kitabxanasının yenilənmiş saytını tədbir iştirakçılarına təqdim edib.

Sonra Prezident Kitabxanası adından Qarabağ Universitetinə kitabların hədiyyə edilməsi ilə bağlı akt təqdim olunub və kitabların sərgisi keçirilib.

10:05

Xankəndi şəhərində Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktik konfrans keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

Избранный
0
3
azertag.az

10Источники