RU

Mükəmməllik - yoxsa mənəvi zəhərlənmə?

İnsanları, onların düşüncələrini, həyata baxışlarını, maraqlarını, narazılıqlarını, istəklərini öyrənmək bir qədər mürəkkəbdir.  Həmişə yenilik, mükəmməllik axtarışında olan insan, heç vaxt var olduğu vəziyyətdən razı qalmır. Daha artığını tələb edir, daha yaxşı olanı gözləyir. Psixologiyaya nəzər salsaq görərik ki, “perfeksionizm” adlanan bu məfhum həm müsbət, həm də mənfi təsir göstərə bilən xüsusiyyətdir. Hər şeyi qüsursuz etməyə çalışmaq  və bu məqsədlə özünə qarşı yüksək tələblər qoymaq müəyyən məqamda motivasiyanı gücləndirib, məqsədə çatmaqda kömək edə bilər. Lakin uğursuzluq qorxusu sonda depressiyaya qədər gətirib çıxarır. Hər şeyin  mükəmməl olması  üçün daim daxili gərginlik, təşviş keçirən insan qüsurlu olacağından qorxduğu üçün, görməli olduğu işi başlaya bilmir. Uğursuzluğu şəxsi dəyər itkisi kimi qəbul edir, çıxış yolları axtarmaq yerinə yalnız özünü tənqid edir. Haqqında bəhs olunan bu mürəkkəb həyat prosesinin səbəbləri də fərqlidir. Demək olar ki, insan həyatının müsbət və ya mənfi, hər situasiyasının ilkin mənbəyi ailədir. Övladını düzgün yetişdirməyi bacaran, onun arzu və istəklərini daim  nəzərə alan, sosial müqayisə və təzyiqə yol verməyən ailədə böyüyən fərdlərdə bu kimi mənfi situasiyalar daha az nəzərə çarpır. Yalnız mükəmməl olacağı təqdirdə qəbul olunan uşaqlar, sevginin yalnız şərtli olduğunu düşünəcək, özlərini daim başqaları ilə müqayisə edəcəklər. Xarakterinin formalaşdığı yaş dövründə ətraf ona rəqib kimi görünəcək, sonra da ömürboyu özünü sanki bir mübarizə tərəfi kimi qəbul edəcək. Və daim qalib olmağı hədəfləyib, uğursuzluqlarını həyatın sonu kimi görəcək. Perfeksionizmi yaradan amillərdən biri də cəmiyyətdir. Uğur, geyim, davranış, intellektual performans bəzi cəmiyyətlərdə çox mühüm və həyatidir. Bu mükəmməllik istəyini dərinləşdirir. Ya şəxsin mükəmməl olmaq istəyi, ya da mükəmməl insan olmaq məcburiyyəti - hər iki məqam bir o qədər də sağlam rəqabəti özündə ehtiva etmir. Keçmişdə uğursuz təcrübəsi olan, bu uğursuzluq səbəbindən alçaldılmaya, təhqirə məruz qalan insan bunun yenidən təkrarlanmasından daim narahatdır.

Həm maddi, həm mənəvi cəhətdən üstünlük istəyi təbiidir. Lakin bu, ifrata varsa həmin insana, onun psixologiyasına  mənfi təsir göstərər.  Həyat hadisələrində daim müsbət xüsusiyyətlərə diqqət çəkməyə çalışsam da, bəzi məqamlarda bu, mümkün olmur. Çünki motivasiya mənbəyi bu qədər mənəvi “zəhərlənmə” ilə mümkün deyil. Və bu yolun sonu uğurla tamamlansa da, insanın hiss etdiyi sevinc deyil, yorğunluq olacaq. İnsan yalnız özünü olduğu kimi, bütün uğurları və uğursuzluqları, yaxşı və  pis cəhətləri ilə qəbul etsə xoşbəxt ola bilər. Öz müsbət cəhətlərinizi gözardı edib, başqalarının uğurlu olduğunu düşündüyünüz hər şeylə mübarizə aparmağın  sonunda sizi qalib elan etməyəcəklər. Bəlkə istədiyiniz mövqeyə çata bilərsiniz, çox yüksək sosial statusa da sahib ola bilərsiniz, bu məqamda özünüzə bu iki sualı verin, “Mən olmaq istədiyim yerdəyəm?”, “Bu mənəm?”. Çünki əsas olan bir məqama çatmaq deyil, həmin məqama özün kimi çatmaqdır. Özünüzdən muğayat olun.

Nuray Səxavət,
Bakı Slavyan Universiteti, Sosial elmlər fakültəsi,
Junalistika ixtisasının III kurs tələbəsi

Избранный
0
1
ikisahil.az

2Источники