RU

Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketinə 150-yə yaxın tanker daxil olacaq

Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 17-ci paketinə 60 fiziki və hüquqi şəxs, həmçinin Avropanın kölgə donanmasının bir hissəsi hesab etdiyi 150-yə yaxın tanker daxil olacaq.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır. Agentlik qeyd edir ki, Aİ xarici işlər nazirləri mayın 20-dək Brüsseldə görüşəcəkləri zaman yeni sanksiyalar paketini təsdiqləmək istəyirlər.

Tədbirlər qüvvəyə minərsə, Rusiya neftinin qiymət həddini aşaraq nəqlinə görə sanksiyalara məruz qalan gəmilərin sayı 300-ə qədər artacaq. Avropa Komissiyasının Rusiyanın enerji resurslarından imtinaya dair “yol xəritəsi” kölgə donanması ilə mübarizə üçün yeni tədbirlərin görülməsinin zəruriliyindən danışır.

Sanksiya paketinin qəbulu Aİ-yə üzv olan bütün dövlətlərin dəstəyini tələb edir. “Bloomberg” və “Politico”nun mənbələrə istinadən verdiyi məlumata görə, Aİ-nin bir neçə ölkəsi bu cür qərarlar qəbul edərkən Budapeştin vetosundan yan keçmək imkanını müzakirə edir.

Xatırladaq ki, fevralın 24-də təsdiq edilmiş 16-cı sanksiyalar paketində Aİ daha 13 Rusiya bankının SWIFT sisteminə çıxışını qadağan edib. Rusiyadan ilkin alüminium idxalı və səkkiz rus media orqanının Avropada yayımı da qadağan olunub. Qara siyahıya 48 fiziki və 35 hüquqi şəxs daxildir.

//Samir Qurbanov, Editor.az

Избранный
0
29
editor.az

10Источники