RU

Doğuş üstündə ölümlər 70 faiz artıb...


Vaqif Qarayev: “Başlıca səbəb hamilə qadınlar zamanında həkimə müraciət etmirlər”

Azərbaycanda ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 29 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumat üçün bildirək ki, ana ölümlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, 2009-cu ildən sonra qeydə alınan ən yüksək ikinci göstəricdir.

Onu da bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ana ölümləri ən aşağı səviyyəyə 2018-ci ildə düşüb. Həmin il ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 17 ana ölüb. 2018-ci illə müqayisədə ötən il ana ölümlərinin sayı 70,6% artıb.

Maraqlıdır, son 7 ildə Azərbaycanda ana ölümlərinin sayının 71 faizədək artması nə ilə bağlıdır? Ölüm hallarını minimuma endirmək üçün hansı profilaktik işlərin görülməsinə ehtiyac var?

“Ana ölümlərinin ikinci səbəbi erkən nikahlarla əlaqədardır”

Sözügedən məsələyə aydınlıq gətirən pediatr Vaqif Qarayev “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Başlıca səbəbi onunla əlaqədardır ki, hamilə qadınlar zamanında həkimə müraciət etmirlər. Heç olmasa ən pis halda 9 ayda bir dəfə həkimə getmək lazımdır. Ancaq bizdə yalnız doğuş başlayanda həkim axtarırlar. Onda da belə faciəli hadisələr baş verir. Ana ölümlərinin ikinci səbəbi erkən nikahlarla əlaqədardır. Müasir dövrdə hələ də erkən nikahların mövcud olması təəssüf doğurur. Çünki qadın orqanizmi həm fizioloji, həm də mənəvi-psixoloji baxımdan hamiləliyə, doğuşa hazır olmalıdır. Ancaq problem ondadır ki, nikah yaşına çatmayan qızlar buna hazır olmur. Ən yaxşı halda bu, 9 aya çatmadan uşağın tələf olması ilə yekunlaşır. Ən pis halda da hamiləlik ananın ölməsinə səbəb olur. Əslində bütün bunlar olmamalıdır. İcbari tibbi sığorta tətbiq olunana qədər əhalinin bir bəhanəsi var idi ki, həkimə getməyə pulumuz yoxdur. İndi axı pulsuzdur. Ümumiyyətlə, hamilələrə, doğuşa yardım bütün dünyada pulsuzdur. Nəinki bölgələrdə, Bakıda və digər iri şəhərlərin özündə belə, hamilə qadınların çoxu həkimə müraciət etmir. Ya səhlənkarlıq edirlər, ya da evdən qoymurlar. Üçüncü səbəb, həkimin düzgün yardım göstərməməsi ilə bağlıdır. Bu səbəbdən də ana ölümləri baş verir. Ancaq bunun sistem halında olduğunu deyə bilmərəm. Deməzdim ki, həkim səhlənkarlığı üzündən belə hallar daha çox baş verir. Ancaq bu səbəbdən də ana ölümü halları baş verir. Ona görə də analara çağırış edirəm ki, hamiləliyinizi bilən kimi həkimə müraciət edin. Daim hamiləlik prosesi həkim nəzarətində olmalıdır. Harada olmağından asılı olmayaraq hamilə qadınlar həkim nəzarətində olmalıdılar. Hamiləliyin ilk həftələrində nəsə yoxdursa belə, sonrakı həftələrdə nəsə ola bilər. Əvvəlki hamiləliklərdə uşaq salmalar, qanaxmalar olubsa, bu qadınlar daha çox nəzarətdə olmalıdır. Özlərinə, sağlamlıqlarına qarşı daha diqqətli olmalıdılar. Ailə planlanmasına diqqət edilməlidir. Qeysəriyyə əməliyyatına əsassız meylin olması da buna öz təsirini göstərir. Qeysəriyyə də olsa, bu, cərrahi əməliyyatdır. İstənilən cərrahi əməliyyatda gözlənilən və gözlənilməyən ağırlaşmalar olur”.

Vidadi ORDAHALLI

Избранный
0
baki-xeber.com

1Источники