Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik müəyyən qədər səngisə də, qarşılıqlı etimadın tam bərpa olunmadığı aydın hiss olunur. Bunu mayın 4-də Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə icazə verilməməsi bir daha sübut etdi.
Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycan nümayəndə heyətinin Həştərxana səfəri planlaşdırılmışdı. Deputatlar Elman Nəsirov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səfərdə iştirak etsələr də, deputat Azər Badamovun Rusiyaya daxil olmasına icazə verilmədi.
Rusiya tərəfi bu qərarın “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanunun 26 və 27-ci maddələrinə əsasən qəbul edildiyini açıqlayıb. Əsas səbəb isə deputatın “anti-Rusiya və rusofob bəyanatlar verməsi” göstərilib.
Rəsmi izahatda vurğulanıb ki, bu, “şəxsi xarakter daşıyır” və “iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna xələl gətirmir”. Əslində vəziyyətin belə olmadığı görünür. Birincisi, söhbət Rusiya tərəfinin rəsmi dəvəti ilə həyata keçirilən bir səfərdən gedir. Əgər dəvət olunmuş şəxslərdən biri Rusiyaya girişə qadağan olunubsa, bu ya dəvəti göndərən orqanların “stop-list”dən xəbərsiz olduğunu, ya da bu addımın bilərəkdən atıldığını göstərir. Hər iki halda bu, həm deputata, həm də Azərbaycan tərəfinə qarşı hörmətsizlik nümunəsidir.
Moskvanın məsələ ilə bağlı rəsmi açıqlaması isə sözün əsl mənasında diplomatik etikaya uyğun olmayan, ziddiyyətli bir mövqe ortaya qoyur.
Rusiya XİN-in yaydığı bəyanatda deyilir:
“Rusiya dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra Rusiya qanunvericilərinə qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir. Moskva bu cür məsələlərin media vasitəsilə deyil, diplomatik kanallar vasitəsilə həllini düzgün hesab edir”.
Bu açıqlama göstərir ki, Rusiya Nikolay Valuyevin Azərbaycana buraxılmamasını unutmayıb və indi bu addımla sanki onun “əvəzini çıxır”. Halbuki Azərbaycan həmin qərarı ictimaiyyətə şəffaf şəkildə elan etmiş. Rusiya isə deputat Azər Badamovu hava limanında saxlayıb geri qaytarmaqla həm diplomatik protokolu pozdu, həm də ona olan etibarı zədələdi.
Bu insident bir daha göstərir ki, Azərbaycan-Rusiya münasibətlərində problemlər tam aradan qalxmayıb. Xüsusilə rəsmi Bakının Moskvaya inamı son zamanlar daha da zəifləyib. İstər ikitərəfli səfərlər, istərsə də media ritorikası səviyyəsində təmkinli davranış müşahidə olunsa da, pərdəarxasında dərin narazılıq və inamsızlıq davam edir.
Turan Rzayev
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта