Mayın 4-də Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiyada saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. O, Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində olub. Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Dünən "RİA Novosti" mənbəyə istinadla məlumat paylaşıb ki, Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov barəsindəki tədbirlər fərdi xarakter daşıyır. Mənbənin sözlərinə görə, deputatın ölkəyə buraxılmamasının səbəbi Rusiya haqqında səsləndirdiyi fikirlər olub: "Bu, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişafında dəyişməz qərarlılığına təsir göstərmir".
Millət vəkili Elman Nəsirov Sherg.az-a bildirib ki, həmkarım Azər Badamovun Moskvada Şeremetyevo Hava Limanından deportasiya edilməsi bir sıra məqamlar baxımından əsassız görünür:

“Birinci deportasiya olunmadan öncə Rusiya Xarici İşlər Nazirliyi Azər Badamovla bağlı mövqeyini ifadə etməli idi. Beynəlxalq praktikada persona non-qrate (arzuolunmaz şəxs) üsulundan istifadə olunur. Yəni həmin şəxsə qarşı arzuolunmaz şəxs ifadəsi işlədilir və həmin insanın ölkəyə girməsinə qadağa qoyulur. Necə ki, Azərbaycan dövləti Qarabağ işğal altında olan dövrdə oraya gələn şəxslərlə bağlı eyni praktikadan istifadə etmişdi. Ancaq Azər Badamovu Moskvada saxlayırlar və ümumi təhlükəsizlik məqsədiylə aparılan iş kimi ifadələr səsləndirirlər. Daha sonra isə hadisəylə bağlı müxtəlif versiyalar mətbuatda dolanır, amma konkret heç bir iddia ortaya qoyulmur. Əgər Rusiya XİN-i Azər Badamovu arzuolunmaz şəxslər siyahısına salsaydı, həmkarım Moskva şəhərinə gedə bilməzdi. Azər Badamov prosesdən tamamilə xəbərsiz olub. Sözügedən məsələ ilə bağlı konkret sübutların ortaya qoyulmasını gözləyirik. Hazırda məsələylə bağlı qeyri-müəyyənlik hökm sürməkdədir. Bu məsələnin sürətlə öz həllini tapmağını çox istəyirik. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji xarakter kəsb edir və müttəfiqlət arasında hansısa anlaşılmazlıqlar ortaya çıxarsa, dərhan həmin məsələlərə aydınlıq gətirilməlidir”.