Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnama səfəri çərçivəsində Vyetnam Sosialist Respublikasının Etnik Azlıqlar və Dini İşlər naziri Dao Nqok Zunq ilə görüşüb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin, tolerantlıq, multikulturalizm ənənələrinin inkişafı və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini qeyd edib. O, Azərbaycandakı dövlət-din münasibətləri, dini sahədəki mövcud vəziyyət və reallıqlar, eyni zamanda, ölkəmizin dinlərarası dialoq sahəsində gördüyü işlər barədə məlumat verib.
Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu qeyd edən Komitə sədri dinlərarası harmoniyanın, birgəyaşayış ənənəsinin xalqımızın səciyyəvi xüsusiyyəti olduğunu bildirib. O, nazir Dao Nqok Zunqu Azərbaycana səfərə dəvət edib. Ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini abidələrin, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsinin daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Nazir dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirərək, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkələrin təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycanın sivilizasiyalar arasında dialoqu, əməkdaşlığı və tərəfdaşlığı alternativi olmayan istiqamət kimi inkişaf etdirməsini yüksək qiymətləndirən nazir dini sahədə də qarşılıqlı iş birliyinin perspektivlərinə toxunub.
Görüş zamanı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, beynəlxalq aləmdə tolerantlıq və dinlərarası dialoqun, birgəyaşayışın təşviq olunması istiqamətində əməkdaşlığın hər iki qurumun ümumi məqsədlərinə uyğun olduğu vurğulanıb.