RU

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.

 

A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Daha sonra Azər Badamov başqa bir reyslə Azərbaycana qayıdıb. Azər Badamovun Rusiyadan deportasiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanıb.

 

Xatırladaq ki, 2 ay öncə  Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirlərinə görə onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.

 

Sfera.az bildirir ki, dövlətlərin deputatlara qarşı giriş qadağası tətbiq etməsi, əsasən, diplomatik münasibətlərdəki gərginliklər, milli təhlükəsizlik məsələləri və ya siyasi qarşıdurmalarla əlaqədardır.

 

Ümumilikdə isə bunlar deputatların “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil.

 

Belə ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.

 

2013-cü ildə Rəsmi Bakı Alman Bundestaqının üzvü, deputat Yurqen Klimkenin Azərbaycana gəlişinə qadağa qoyub. Onun adı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanuni səfər etdiyi üçün “qara siyahı”ya salınıb.

 

Tarixdə deputatların adının “qara siyahı”ya salınması və ölkəyə girişinə qadağan edilməsinə dair müxtəlif nümunələr mövcuddur.  Məsələn, bəzi ölkələrdə deputatların xarici səfərləri müəyyən məhdudiyyətlərə tabe tutulmuş və ya onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halları baş vermişdir.  

 

Belə ki, 2025-ci ilin aprelində İsrail Britaniya Leyborist Partiyasının deputatları Yuan Yang və Abtisam Mohamedin ölkəyə girişini qadağan edərəkə onları deportasiya edib. İsrail hakimiyyətləri deputatların İsrail təhlükəsizlik qüvvələrini sənədləşdirmək və nifrət nitqi yaymaq niyyətində olduqlarını iddia edib.  

 

2025-ci ilin aprelində Liberal Demokrat Partiyasının deputatı Wera Hobhouse, Honq Konqa səfəri zamanı girişinə icazə verilmədi. Hobhouse, bu qərarın Çin hökumətinin insan hüquqları pozuntularına qarşı tənqidlərinə görə verildiyini düşündüyünü bildirdi.  

 

2019-cu ildə Çin avstraliyalı siyasətçilər Andrew Hastie və James Patersona viza verməkdən imtina etdi. Bu qərar onların Çin Kommunist Partiyasını və insan hüquqları pozuntularını tənqid etmələri ilə əlaqələndirildi.  

 

2024-cü ilin iyununda Özbəkistan parlamenti ölkənin suverenliyini və ərazi bütövlüyünü təhqir edən və ya ictimai nifrət yaradan xarici vətəndaşların ölkəyə girişini beş il müddətinə qadağan edən qanun dəyişikliyini qəbul etdi. Bu qanun, həmçinin belə şəxslərin daşınmaz əmlak almasını və maliyyə əməliyyatları aparmasını da qadağan edir.  

 

2024-cü ilin avqustunda Banqladeşdə məhkəmə, korrupsiya ittihamları ilə əlaqədar olaraq səkkiz keçmiş nazir və altı keçmiş deputatın ölkədən çıxışını qadağan etdi. Bu qərar, Antikorrupsiya Komissiyasının müraciəti əsasında verildi.  

 

Rusiyada isə bu hadisə adi hala çevrilib. Belə ki, 2022-ci ildə Rusiya, Ukrayna müharibəsi ilə əlaqədar Böyük Britaniyanın 386 Rusiya Dövlət Duması üzvünə sanksiya tətbiq etməsinə cavab olaraq, 287 Britaniya parlament üzvünün ölkəyə girişini qadağan etdi. Bu siyahıya Mühafizəkarlar Partiyasından Jacob Rees-Mogg və Ətraf Mühit Naziri George Eustice kimi şəxslər daxil idi.  Ötən ay da Rusiya 21 britaniyalı parlamentarinin ölkəyə girişinə qadağa qoyub.

 

Ötən il rəsmi Kreml 235 avstraliyalı deputatın, 2023-cü ildə isə 11 moldovalı deputatın ölkəyə girişinə qadağa qoyub. 2024-cü ilin martında Rusiya, Estoniya, Latviya və Litvanın 347 vətəndaşına, o cümlədən deputatlara, jurnalistlərə və ictimai xadimlərə qarşı giriş qadağası tətbiq etdi. Bu tədbir, Baltikyanı ölkələrin Rusiyaya qarşı "barbar kampaniyası" apardığı iddialarına əsaslanırdı.  

 

Beynəlxalq hüquqda, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən şəxslərə qarşı səyahət qadağaları tətbiq oluna bilər.  Məsələn, 2011-ci ildə qəbul edilmiş 1970 saylı qətnamə ilə Liviya lideri Muammar Qəddafi və onun yaxın çevrəsinə qarşı səyahət qadağası və aktivlərin dondurulması tədbirləri görülmüşdü. 
 

Azərbaycanın qanunvericiliyinə görə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən şəxslər "arzuolunmaz şəxs" elan edilərək ölkəyə girişdən məhrum edilə bilər. 

 

Bu tədbirlər, dövlətlərin öz suverenliklərini qorumaq və daxili siyasətlərini müdafiə etmək məqsədi ilə həyata keçirilir.  Lakin belə qadağalar, beynəlxalq münasibətlərdə gərginliklərə və qarşılıqlı etimadsızlığa səbəb ola bilər.

 

Firuzə Əliyeva

Sfera.az
 

Избранный
0
1
sfera.az

2Источники