RU

Rafinya: “Az qala “italyan” olmuşdum”

“Barselona”nın 28 yaşlı braziliyalı ulduz hücumçusu Rafinya İtaliya yığması üçün çıxış etməyin bircə addımlığında olduğunu etiraf edib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, braziliyalı ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Mən onların (İtaliya yığmasının – redaktorun qeydi) qalib gəldiyi Avropa Çempionatına (AÇ-2020) getməli idim. Mahiyyətcə, mən hazır idim, amma pasportum hələ gəlib-çıxmamışdı.

İtaliya yığmasından olan kəslər onda məni onlara qoşulmağa səsləyirdilər. Jorjinyo bunu daima edərdi. Onların yığma komandasının məşqçilər qərargahı mənim üçün maraqlı olan layihəni idarə edirdi, bu, mənim diqqətimi cəlb etmişdi.

Amma daxilən mən bircə faiz də olsa, Braziliya millisinin köynəyində oynayacağıma ümid bəsləyirdim. Xoşbəxtlikdən, mənim italyan pasportum vaxtında hazır olmadı!”, deyə Rafinya məmnunluqla vurğulayıb.

Əlavə edək ki, braziliyalı futbolçuların milliləşdirilməsi siyasəti dünya futbolunda geniş vüsət alıb. Əgər əvvəllər bunu özlərinə ancaq zəif və ortabab komandalar rəva görürdülərsə, son iyirmi il ərzində nəhənglər də müvafiq təcrübədən faydalanmağa çalışırlar. İtaliya yığmasına gəlincə, “skuadra adzurra”nın milliləşdirilmiş braziliyalısı çoxdur, məsələn, yaxın keçmişdən bu günə: mərkəz müdafiəçiləri – Rafael Toloy, Juan Pedro, Luis Felipe; sol cinah müdafiəçisi Emerson Palmyeri; dayaq yarımmüdafiəçiləri – Tyaqo Motta və Jorjinyo; hücumçular – Amauri və Eder.

Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tanhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 52 oyun keçirib, 31 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 139 oyun, 51 qol və 50 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Избранный
0
arena.az

1Источники