RU

Sənaye istehsalı yeni sahələrlə genişlənir

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dərman buraxılışı müəssisələrinin də sayı artır

2025-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 15,8 milyard manatlıq məhsul istehsal edilib.

Hesabat dövründə ölkənin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 3,5 faiz artıb. Ümumilikdə, son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25,9 faiz, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə çoxalıb. Bu və digər məsələlər barədə mayın 5-də Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı toplantıda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev məlumat verib.

Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırıldığını, bunun da hesabına 10 min 600-dən artıq daimi iş yerinin yaradıldığını diqqətə çatdıran nazir müavini deyib ki, ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.

Dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradıldığını xatırladan E.Əliyev bildirib: “Sənaye parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Sənaye parkının ərazisi artıq tam şəkildə rezidentlərlə dolub. Sahibkarların bura marağı böyükdür. Buna görə də sənaye parkının ərazisinin genişləndirilməsi məsələsinə baxıla bilər”.

Qeyd olunub ki, Pirallahı Sənaye Parkında layihələrinin investisiya həcmi 120 milyondan manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. E.Əliyevin sözlərinə görə, burada sahibkarlar tərəfindən görülmüş işlərə, ümumilikdə, 45 milyon manatdan çox investisiya yatırılıb, 160-a yaxın daimi iş yeri yaradılıb, ötən müddətdə parkda 64,5 milyon manatlıq məhsul istehsal edilib.

Nazir müavini Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin tam gücü ilə fəaliyyətə başlamasının əczaçılıq sənayesinin inkişafını, dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdıracağını diqqətə çatdıraraq deyib: “Sevindirici haldır ki, artıq parkdakı bir sıra müəssisələr fəaliyyətə başlayıb. Sənaye Parkının rezidenti olan “Diamed Co” MMC müasir texnologiyalar əsasında birdəfəlik şprislər istehsal edir. Digər bir rezident “R-Pharm” MMC müxtəlif dərman vasitələrinin qablaşdırılmasını həyata keçirir. Hazırda sənaye parkında Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri A.Ş.” şirkəti ilə birgə beynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıq təhlükəsizliyi prioritetlərinə uyğun yeni dərman zavodu tikilir. Zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq”.

Nazir müavini qeyd edib ki, “Scandens Pharmaceutical İndustries LTD” MMC tərəfindən Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində daha bir əczaçılıq zavodu inşa olunub və fəaliyyətə başlaması planlaşdırılır. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş İsrailin “BioPharmax” şirkəti tərəfindən istehsal binalarının tikintisi istiqamətində işlər davam etdirildiyini diqqətə çatdıran E.Əliyevin sözlərinə görə, burada 50 adda tibbi məhsul, ilk növbədə, insulin istehsalı nəzərdə tutulur.

Elnur Əliyev vurğulayıb ki, artıq uzun müddətdir ki, Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən Türkiyənin “Nobel İlaç Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən ölkəmizdə dərman zavodunun qurulması istiqamətində müzakirələr aparılır. “Hesab edirik ki, sözügedən şirkətin əczaçılıq sektoruna investisiyaları bu sahədə inkişafa öz töhfəsini verəcək. Görülən işlərin nəticəsində Azərbaycanın əczaçılıq sektorunda son illər irəliləyişlər müşahidə edilməkdədir. Belə ki, 2024-cü ildə 20 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilmiş, əvvəlki ilə nisbətən 81,5 faiz artım qeydə alınıb. 2024-cü ildə 9 milyon manatlıq dərman istehsal edilib, əvvəlki ilə nisbətən 4 faiz artım baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
3
icma.az

10Источники