2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 965 milyon manat təşkil edib. Bu isə 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə dövlət büdcəsinin xərcləri 11 milyard 192 milyon manat proqnoza qarşı 10 milyard 962 milyon manat, yəni 97,9 faiz icra olunub. İlin ilk 4 ayında gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 923 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 65 milyon manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib.
Hesabat dövründə dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 milyard 579 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.