RU

Hakim Həqiqət Əhmədovanın “aliment həqiqəti”

Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə “troyka”sının cərimə “hökmü” Konstitusiyadan üstünmüş!

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun göstərişi ilə Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə “troyka”sının 1-ci dərəcəli Qarabağ əlilini 400 manat cərimə etməsindən 50 gün keçir.

Kollegiya sədri və “troyka” o qədər “humanist, qərəzsiz, obyektiv” olub ki, ölüm yatağında yaşam uğrunda çarpışan savaş qazisini Novruzun ilaxır çərşənbəsində - 18 mart 2025-ci ildə elə yatağında “məhkəməyə müraciət etdiyinə görə” cərimə edib. Cərimənin absurdluğu qədər ondan şikayət vermək hüququna qadağa qoyulması da absurddur. Cərimə “hökmünü” çıxaran “troyka” apellyasiya instansiyası olduğundan ondan şikayətin kassasiya instansiyasına olacağı isə absurd deyil, mütləqdir. Di gəl, “troyka” 1-ci dərəcəli Qarabağ qazisinə nəinki kassasiya şikayəti verməyə dövlət hesabına vəkil ayırıb, əksinə, şikayət edəcəyi halda YENİDƏN CƏRİMƏ ediləcəyi ilə hədələyib. Kassasiya şikayətinin qaytarılmasından MPM-in 402.2 maddəsinə əsasən Ali Məhkəməyə müraciət edən 1-ci dərəcəli qazinin  kassasiya şikayəti də 02.05.2025-ci il tarixli qərardadla mümkün sayılmayıb. Qarabağ qazisi bu qərardaddan əlavə kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə verib. Çox güman, apellyasiya “troyka”sının  “1-ci dərəcəli Qarabağ əlili , xaricdə müalicəyə ehtiyacın olması barədə tibbi sənədlərin dövlət hesabına vəkillə təminata əsas vermədiyi” nəticəsi qərara alınacaq. İşin gedişi belə fikirləşməyə əsasdır.

Apellyasiya “troykası”, kassasiya instansiyasını vəkil axtarışına qadağaya bəhanə axtarmaqda qoyub, sizə kimdən danışaq? Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Aslanov Əlihüseyn Zayralı oğlunun 18.03.2025-ci il tarixli icra sənədini “İcra haqqında” Qanunun 7-ci maddəsinin tələbinə uyğun olmadığı halda icraatına qəbul edib icraata başlamaq haqqında qərarından. Qanunun 7.1.4 maddəsində yazılıb ki, icra sənədində tələbkar və borclu hüquqi şəxslərin hüquqi və faktiki ünvanları, VÖEN-i göstərilməlidir. “Troyka”nın icra sənədində isə nə borclu, nə də tələbkar var, 1-ci dərəcəli Qarabağ əlili cavabdeh kimi göstərilib, belə çıxır, məhkəmə də İDDİAÇIdır!(?)

İcraata başlamaq haqqında qərardan şikayət vermək hüququndan yararlanan qazinin şikayətini icra sənədini verən “troyka” qəbul etməyib, Bakı İnzibati Məhkəməsi qeydiyyatından imtina edib, icra məmurunun olduğu yer üzrə Nizami məhkəməsi “məhkəməyə aid olmadığı” əsası ilə geri qaytarıb.

Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Həqiqət Əhmədovanın 18.04.2025-ci il tarixli geriqaytarma qərardadı 02.05.2025-ci ildə - 14 gündən sonra kabinetdə yerləşdirilib və acı HƏQİQƏT üzə çıxıb. Heç demə, Həqiqət Əhmədova o qədər “QƏRƏZSİZ, OBYEKTİV, ƏDALƏTLİ” olub ki, heç şikayətlə tanış olmayıb, iddia ərizəsi kimi qəbul edib və qərardan şikayət vermək hüququnu izah edib. Özü də ƏLİBALAYAVEA XANIM AĞAQULU qızının  FİKRƏTOV QARTAL İSMAYIL oğluna (qərardadda adlar HƏQİQƏT olsa da, biz şərti adlar seçdik) qarşı “aliment məbləğinin indeksasiyası” tələbini geri qaytaran Həqiqət Əhmədovanın HƏQİQƏT nağılına acımamaq olmur.

Bakı Apellyasiya Məhkəməsinin 1-ci dərəcəli Qarabağ əlilini 400 manatlıq cərimə qərarının Konstitusiyadan üstün olması  HƏQİQƏT nağılı burda bitir. İndi söz  Məhkəmə Hüquq Şurasındadır, “troyka”ya göydən üç alma, sifarişçilərə və icraçılara cəza payı” verəcəkmi? Yaşaya bilsək, görərik.

M. AĞSU

P.S. Yasamal məhkəməsi (h. Aytəkin Əsədzadə) 1-ci dərəcəli qazinin Bakı Apellyasiya Məhkəməsinə qarşı, 3-cü şəxs Maliyyə Nazirliyi olmaqla “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbli iddia ərizəsini məhkəmədə baxılmalı olmaması “əsası” ilə geri qaytarıb. (?) Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərə məhkəmədən özgə hansı orqan baxır , görəsən? MPM-in 153.3 maddəsinə əsasən bu orqanın adı göstərilməli olsa da, məhkəmə bunu etməyib. Qərardaddan şikayət verilib, bu şikayətin barəsində şikayət verilən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi absurd olar, birbaşa kassasiya instansiyasına göndərilməlidir.

 

Избранный
0
1
hurriyyet.az

2Источники