“Iqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında əmək haqqı və təqaüd alan vətəndaşlara tətbiq edilən yeni qaydalar barədə məlumat verib.
Onun sözlərinə görə, artıq vətəndaşlar maaş və ya təqaüdlərini istədikləri bankdan əldə etmək hüququna malikdirlər:
"Əvvəllər dövlət və ya özəl qurumlar yalnız əməkdaşlıq etdikləri banklarla vətəndaşlara kart təqdim edə bilirdi. Bu isə bir sıra çətinliklərə səbəb olurdu. Xüsusilə də bankomat və ya POS-terminal olmayan ərazilərdə yaşayan vətəndaşlar üçün alternativ bank seçimi imkanı olmurdu və digər bankların bankomatlarından istifadə zamanı əlavə komissiyalar tutulurdu. Yeni tətbiq edilən sistem isə vətəndaşlara bu məhdudiyyəti aradan qaldırmaq imkanı verir. Artıq vətəndaşlar özlərinə yaxın və ya xidmətlərindən razı olduqları bankı sərbəst şəkildə seçə bilirlər. Bu dəyişiklik həm də banklar arasında rəqabəti artırmaqla, müştərilərə daha çox məhsul və əlavə dividentlər təklif olunmasına səbəb olacaq".
Eyyub Kərimli əlavə edib ki, bu addım regionlarda yaşayan vətəndaşların bank xidmətlərinə çıxışını genişləndirəcək və nəğdsiz ödənişlərin artmasına şərait yaradacaq.
Pərvanə Fərhadqızı