Primakov hələ də ümidlidir ki, casus yuvası Bakıda fəaliyyətini bərpa edəcək; Moskva səfərinə qədər bu “düyün”ün açılması realdırmı?
“Rusiya və Azərbaycan Bakıdakı "Rus evi"nin statusunun tənzimlənməsi yönündə işləri davam etdirir. "Rossotrudniçestvo" müsbət nəticəyə ümid edir". “Yeni Müsavat” xəbər verir ki, belə bir açıqlamanı TASS-a qurumun rəhbəri Yevgeni Primakov verib.
Onun sözlərinə görə, Bakıdakı səfirlik və Azərbaycan Xarici İşlər Nazirliyi arasında təmaslar davam edir. “Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan şəxslərin sferasıdır. Bizim səlahiyyətmizdən kənardır. Hələ ki hüquqi status məsələsi həll olunur. Biz nikbinik. İnanırıq ki, bütün bunlar hamını qane edəcək şəkildə yoluna qoyulacaq”, - o qeyd edib.
Bəllidir ki, Bakdakı Rus Evi faktiki hüquqi əsas olmadan, casus yuvası kimi fəaliyyət göstərib. Hərgah rəsmi Moskva bunu danır.
Bəs sənədləşmə nə yerdədir? Mayın 9-da Prezident İlham Əliyevin faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı tədbirə qatılmaq üçün Moskvaya səfəri gözlənilir. Ona kimi "Rus evi" "düyünü"nün açılması, yaxud səfər çərçivəsində ilkin anlaşma əldə olunması realdırmı? İki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi bunu nə dərəcədə mümkün edir?
“Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım”. Bunu Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. O, yenidən ölkə başçısını Moskvaya səfərə dəvət edib: “Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm. Ona görə də ümid edirik ki, Siz bu əlamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz”.
Yada salaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə təbrik çatdırılıb. Bu da hazırda birinci şəxslər səviyyəsində münasibətlərin yüksək olduğunu nümayiş etdirir.
Bu baxımdan bu həftə ərzində "Rus evi" məsələsinin həll olunacağını gözləmək olarmı?
Analitik Elxan Şahinoğlu məsələyə fərqli kontekstdən diqqət çəkib. Onun sözlərinə görə, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın ekspertizası müəyyənləşdirib ki, fevralın 20-də Azərbaycanın media resurslarına kiberhücumu Rusiya ilə əlaqəli olan qruplar təşkil edib. Ekspert xatırladıb ki, komissiyanın sədri Ramid Namazovun sözlərinə görə, Azərbaycana qarşı kiberməliyyatlar həyata keçirən mütəşəkkil dəstə olub: “Başqa ölkələrə qarşı kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstənin Kremlin nəzarətindən kənar fəaliyyət göstərməsi mümkün deyil. Milli Məclisin ekspert rəyi Rusiyanın Azərbaycana olan münasibətinin təzahürüdür. Görüşlər, səfərlər, fikir mübadilələri zaman səslənən xoş sözlər aysberqin görünən tərəfidir. Bir dövlət adətən düşmən saydığı və ya hədəf seçdiyi dövlətə qarşı kiberhücumlar həyata keçirir. Milli Məclis Rusiyadan idarə olunan kiberhücumun motivini də səsləndirib. Kiberhücum Bakıda "Rus evi"nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq həyata keçirilib. Hazırda Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir və bu yöndə açıqlamalar verirlər. Bu açıqlamalar ölkəmizə qarşı şantajın “mədəni” formasıdır". Politoloqa görə, bununla demək istəyirlər ki, Bakıda “Rus evi”nin fəaliyyəti bərpa olunmasa, Rusiya ərazisindən Azərbaycana qarşı növbəti kiberhücumlar həyata keçiriləcək".
Siyasi şərhçi Ramiyə Məmmədova “Rus evi”nin açılmasında Kremlin israrını belə izah edir: “Moskva bu qərarı özünə qarşı cavab kimi qiymətləndirir. Bu mərkəz təyyarəmiz vurulandan sonra bağlanıb. Azərbaycan qeydiyyat problemini göstərir. Amma Rusiya hesab edir ki, məsələ həll olunmalıdır. Yəni burada siyasi proses var. Halbuki Rusiyadan ölkəmizə rəsmi səfərlər var, son olaraq ölkənin patriarxı Kirill gəldi, Putin Prezident Əliyevə 9 May təbriki göndərdi, amma yenə də iki ölkə arasında münasibətlərdə açıq qalan məsələlər var”.
Təhlilçi düşünür ki, "Rus evi"nin açılmasını Kreml özü üçün prinsipə çevirir: “Hazırda rəsmi səviyyədə ehtiyatlı bəyanatlar verilir, danışan hələ ki Primakovdur. Amma onu da danışdıran Kremldir. Fikrimcə, cənab Prezident 9 May paradında iştirak üçün Moskvaya gedərsə, Rusiya lideri ilə bir sıra mövzuları müzakirə edə bilər. Onların arasında "Rus evi"nin olacağını söyləmək çətindir. Amma məncə, rəsmi Bakı baş verənlərdən sonra bu mərkəzin yenidən fəaliyyətə başlamasını istəmir. Əvvəla, vurulan təyyarəmizlə bağlı tələblərimiz tam yerinə yetirilməyib. İkincisi, "Rus evi"nin fəaliyyəti mediada de-şifrə olunub. Üstəlik, bu mərkəzə ehtiyac yoxdur. Nəzərə alsaq ki, belə bir ərəfədə deputatımız Moskvadan deportasiya edildi, o zaman münasibətlərin rəngi daha da tündləşəcək. Yəni 9 may səfərinə az qalmış deputatın tədbirə buraxılmaması heç yaxşı hal olmadı. Bu, istər-istəməz Azərbaycan-Rusiya əlaqələrinə təsir edəcək, büruzə verəcək”.
Xatırladaq ki, sözügedən mərkəzin rəhbəri 2020-ci ilin dekabrından bəri İrek Zinnurovdur. “Baku TV” 24 yanvar 2025-ci ildə yayımladığı reportajda "Rus evi"ni “Rus Kəşfiyyat Evi” adlandıraraq mərkəzi casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edib. 2025-ci ilin fevralında “Rus evi”nin binası Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Həmçinin təşkilatın qeydiyyatdan keçmədiyi bildirilib./“Yeni Müsavat”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта