RU

İlk “yaş senzi” mitinqi və iki azyaşlı uşaq...

Bu gün Azərbaycan zirvələrdədir.  İnamla irəliləyən ölkəmiz iqtisadi və siyasi müstəqilliyini tam təmin edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində əsas ümummilli ideyamızın həyata keçməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olmuşuq. Hazırda Vətən müharibəsində öz gücümüzlə işğaldan azad etdiyimiz əraziləri yenə də öz gücümüzlə yenidən qururuq, Böyük Qayıdış Proqramını həyata keçiririk. Növbəti hədəfimiz zamanında dörd depotasiya nəticəsində yurd yerlərindən amansızcasına qovulmuş soydaşlarımızın tarixi torpaqlarımıza - indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycana ləyaqətli qayıdışını təmin etməkdir.

Bu qəbildən olan vəzifələrin öhdəsindən ancaq Azərbaycan kimi güclü dövlət gələ bilər. Bu gün hər bir azərbaycanlı güclü müstəqil dövləti ilə qürur duyur. Ancaq biz tarixi də unutmamalıyıq. Unutmamalıyıq ki, möhtəşəm uğurlarına sevindiyimiz bugünkü Azərbaycan ötən əsrin əvvəllıərində - müstəqilliyinin ilk illərində çox çətin vəziyyətlə üzləşmişdi. Hətta XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi təhlükəsi də tam real idi. Müstəqilliyimizin xilaskarı isə məhz böyük siyasətçi Heydər Əliyev oldu. Elə xalqın dərin inam bəslədiyi Heydər Əliyevin hakimiyyətə gəlməsinin özü də asan olmayıb, burada vətənpərvər insanlar böyük fədkarlıq göstəriblər.

Xatırlayaq ki, M.Qorbaçovun keçmiş SSRİ-nin rəhbərliyinə gəlişindən sonra ittifaq rəhbərliyində təmsil olunan Heydər Əliyevə qarşı qarayaxma və təcrid kompaniyasına start verildi. Heydər Əliyev keçmiş ittifaq rəhbərliyinin siyasətinə etiraz əlaməti olaraq 1987-ci il oktyabr plenumunda tutduğu vəzifələrdən istefa verdi. Ancaq Azərbaycanın o dövrdəki rəhbərliyi Onun Bakıya dönüşünü əngəlləmək üçün hər cür rəzilliyə əl atdı. M.Qorbaçov iqtidarının göstərişləri əsasında Heydər Əliyevə qarşı təcridetmə siyasəti Azərbaycan müti rəhbərliyi tərəfindən də davam etdirilirdi. Mərkəzi hakimiyyətdən gələn bütün ditələri, necə deyərlər, gözüyumulu qəbul edən, bununla da öz vəzifəsini qorumağa çalışan Ayaz Mütəllibov Kremlin sifarişini  həvəslə yerinə yetirirdi. Əvvəlcə Heydər Əliyevin Bakıda qalması əngəlləndi  və  O, Naxçıvana getmək məcburiyyətində qaldı.

Bununla belə, Azərbaycanın hər yerində insanlar ölkənin dövlət başçısı vəzifəsində yalnız Heydər Əliyevi görürdülər. Ümumi rəy belə idi ki, gənc müstəqil dövləti ancaq böyük həyat və idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev xilas edə bilər. Respublikadakı ümumi ictimai rəy rəhbərliyi ciddi şəkildə vahiməyə salmışdı. Qarşıdakı seçkilərdə xalqın etimadı əsasında Heydər Əliyevin Prezident seçiləcəyi şəksiz idi. Hakimiyyət bunu əngəlləməkdən ötrü qanunvericiliyə bədnam “yaş senzi” dəyişikliyi etməyə qərar verdi. Belə ki, böyük dövlət adamı Heydər Əliyevi siyasi fəaliyyətdən təcrid etmək üçün Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda yeni  müddəa əlavə olundu: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu Qanuna müvafiq surətlə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun”.

Aydın məsələdir ki, qanuna bu əlavə sırf Heydər Əliyevə görə salınmışdı. Bu, ədalətsizlik idi və insanlar bununla barışmadılar. 1992-ci ilin aprel-may aylarında Ali Sovetin qarşısında “yaş senzi”nin aradan qaldırılması ilə əlaqədar mitinlər təşkil olundu. İlk mitinqin təşkil olunması barədə isə əlbəttə ki, ayrıca bəhs etmək lazımdır. Xatırladaq ki, Heydər Əliyev həmin dövrdə hakimiyyətə müxalifətdə idi. Xalq arasında onun çoxsaylı tərəfdarları olasa da,  bu qüvvələr pərakəndə halda idilər. Həmin qüvvələrin ilk təşkilatlanmış forması məhz “yaş senzi” mitinqi oldu.

Bu mitinqdə iki azyaşlı uşaq da iştirak edirdi. Onlar əllərində bayraq və Heydər Əliyevin portretini tutmuşdular. Bu azyaşlı uşaqlar kimlər idi və onları bura kim gətirmişdi? Həmin uşaqlar Ramin və Tural Rüstəmov qardaşları idilər. Onlar mitinqə ataları Arif Rüstəmovla  birlikdə gəlmişdilər. Arif Rüstəmov bütün varlığı ilə Heydər Əliyevçi idi. O, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Heydər Əliyevin müdafiəsi ilə bağlı mitinqlərin təşkilində və keçirilməsində böyük fəallıq göstərirdi. Arif Rüstəmovun həyat yoldaşı Həvva Həsənova həmin günlərdə baş verənlərə işıq salaraq deyir: “Yaş senzi” mitinqinin təşkil edilməsində ən fəal rol oynayan şəxslərdən biri mərhum həyat yoldaşım, Heydər Əliyevi səmimiyyətlə sevən, onun müdafiəsinə qalxan Arif Rüstəmov idi. Arif Rüstəmov yeganə şəxs idi ki, iki azyaşlı oğlunu da özü ilə o mitinqlərə aparırdı. Həmin vaxt edilən təhdidlərə, Əmircan qəsəbəsindəki evimizin qəsdən yandırılmasına baxmayaraq, Arif Rüstəmov Heydər Əliyevin digər tərəfdarları ilə birlikdə bu aksiyaları təşkil edir və azyaşlı oğlanları ilə birlikdə mitinqlərə qatılırdı. Aksiyalardan birində oğlumuz Tural və Ramili hətta döyərək, xəsarət yetirmişdilər”.

Aradan illər ötüb. Ramin və Tural Rüstəmov qardaşları uzun illərdir ki, polis zabiti kimi Daxili İşlər Nazirliyi orqanlarında ləyaqətlə xidmət edirlər. Dahi siyasətçi Heydər Əliyevin bir sözü burada yerinə düşür. Həyatda iki şey var ki, onu sonradan öyrənmək mükün deyil: Bunlar sədaqət və cəsarətdir ki, məhz insanın qanında olur. Necə deyərlər, “ot kökü üstə bitər”. Tural və Ramil qardaşları da ataları Arif Rüstəmovun əxlaq kredosunu ləyaqətlə davam etdirirlər.

“Yaş senzi” ilə əlaqədar keçirilən ilk mitinq çox keçmədi ki, təşkilatlanmış ümumxalq hərəkatına çevrildi. Hakimiyyət, sonradan isə AXC - “Müsavat” iqtidarı bütün ölkə miqyasında Heydər Əliyevə olan dəstəyin qarşısını almaqda aciz qaldılar. Xalq təkidlə  Heydər Əiyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdi və bu böyük qayıdış 1993-cü ilin yayında baş verdi. O dövrdən etibarən əvvəlcə Heydər Əliyevin Özünün, sonradan isə Onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni bir inkişaf erası başladı.

Mübariz FEYİZLİ

Избранный
0
1
yeniazerbaycan.com

2Источники