RU

Heydər Əliyev – xalqın və dövlətin xilaskarı!



Ulu Öndər Heydər Əliyev XX əsrin ən görkəmli siyasi və dövlət xadimlərindən biri olaraq təkcə Azərbaycanın deyil, həmçinin 70 il ərzində dünyanın ən qüdrətli və ən böyük dövləti olan keçmiş SSRİ-nin rəhbərliyində yüksək vəzifələri tutmuş, ən mühüm iqtisadi, sosial və mədəni sahələrin işini idarə etmiş, bu sahələrin inkişafına misilsiz töhfələr vermişdir. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev faktiki olaraq, SSRİ-nin idarə olunmasını həyata keçirən əsas şəxslərdən biri olmuşdur. Hər zaman prinsipiallığı və qətiyyəti ilə seçilən Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün qadağalara rəğmən, hətta özü və ailəsi üçün yaranmış həyati təhlükəni belə gözə alaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və burdan bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Həmin il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, burada Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. Ulu Öndər Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə Ulu Öndər 1993-cü ilə kimi çalışmışdır.

Bu il Azərbaycan xalqı özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü hər zaman olduğu kimi, böyük təntənə ilə qeyd edəcək. Qədirbilən xalqımız bugünkü müstəqilliyimizə, azad və güclü bir dövlətin vətəndaşları olduğumuza görə məhz Ümummilli Lider Heydər Əliyevə borclu olduğunu heç zaman unutmur. Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilən Ulu Öndərimizin əziz xatirəsini xalqımız daim uca tutur və minnətdarlıqla anır. Heç də təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi 15 iyun günü Azərbaycan Respublikasında dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edilir.

Məlum olduğu kimi, ötən əsrin sonlarında müstəqilliyini yeni bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Xalqın və dövlətin taleyinin həll olunduğu, ölkənin mövcudiyyətinin sual altında qaldığı belə bir ağır zamanda xalqın təkidli çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Qeyd olunmalıdır ki, Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul edib. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edildi.

1993-cü ilin oktyabr ayında xalqımız böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi ölkə Prezidenti seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində belə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Məhz bu tarixi gündən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də əlbəttə ki, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər bu barədə belə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilib.

Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında olan müstəsna xidmətlərindən bəhs edərkən Ümummilli Liderimizin ordu quruculuğu sahəsində gördüyü misilsiz işlər xüsusi vurğulanmalıdır. Hələ sovet dönənimdə, respublikada hakimiyyətə ilk dəfə gəlişindən sonra məhz Heydər Əliyevin müstəsna xidmətləri sayəsində Azərbaycanda milli hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər həmin illərdə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.

Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti bu gün öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu artıq sübuta yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işi 2003-cü ildən sonra uğurla davam etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq torpaqlarımızın 30 illik işğalına son qoydu. Keçən il, məhz Azərbaycanda Heydər Əliyev İli elan olunmuş, 2023-cü ilin sentyabr ayında isə ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi.

Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq, son dərəcə böyük uğurla inkişaf və davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Избранный
0
aia.az

1Источники