Sərkisyan Qarabağa gedərsə, ilk hansı addımı atacağını açıqladı; polkovnik: “Laçın sərhəd postu açıqdır, nə vaxt istəyirsə, buyurub gəlsin”
Ötən həftənin sonu Ermənistanın keçmiş prezidenti, Xocalı cəlladı Serjik Sərkisyan puç xəyallarla dolu bəyanatlar verib. Nyus.am-ın yaydığı məlumata görə, Ermənistan Universitetində təşkil olunan görüşün mövzusu Birinci Qarabağ müharibəsi olub. Tələbələr və müəllimlər qarşısında çıxış edən Xocalı hərbi canisi birinci müharibədəki “qələbə”dən danışıb.
O, Şuşanın işğal edilməsi üzrə hərbi əməliyyatın xəritəsinin bir nüsxəsini Ermənistan Universitetinə bağışlayaraq, “Ümid, iman və şərəf” yazıb. Daha sonra “Mübarizəsiz heç nə verilmir” deyib.
Göründüyü kimi, Azərbaycan türməsinin darıxdığı bu sarsaq qoca cani hələ də ümiddən dəm vurur. Bu da son zamanlar keçmiş liderlərin və separatçı tör-töküntülərin fəallaşması fonunda baş verməkdədir.
Ardınca ona “Qarabağa gedərsə nə edəcək” sualı verilib. Sərkisyan cavabında deyib ki, “getmək imkanım olsa, ilk işim valideynlərimin və dostlarımın məzarlarını ziyarət etmək olacaq”.
Sözsüz ki, Sərkisyan bu arzusuna çatmayacaq. Çünki bir erməni faşistinin, körpə qatilinin valideynlərinin məzarını görməyə mənəvi haqqı yoxdur. Amma o, Qarabağa gəlməkdən danışırsa, Laçın sərhəd-keçid məntəqəsi açıqdır, gələ bilər. Elə biz də bunu istəyirik. Gerisini görəcək.
Keçmiş prezidentin bu açıqlamalarını necə qiymətləndirmək olar?
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Qarabağ canisinin bu fikirlərinin arxasında duran niyyətlərdən söz açdı: “Sərkisyan özü qarabağlıdır. Onların I Qarabağ savaşında necə “qələbə” qazandıqlarını biz çox yaxşı bilirik. Rusların dəstəyi ilə torpaqlarımızı işğal ediblər, 366-cı rus alayının köməkliyi ilə Xocalı faciəsini törədiblər. Azərbaycan insanına qarşı misilsiz vəhşiliklər törədiblər. Sərkisyan bir canidir. Əlbəttə, o bir daha Xankəndinə qayıtmayacaq. Qorxaq it kimi uzaqdan hürür. Daş atdıqda qaçır.
Bildiyiniz kimi, Laçın sərhəd postu açıqdır. Nə vaxt istəyirsə, buyurub gəlsin. Əgər gəlməyə cəsarəti çatırsa, buyursun, gözləyirik. Zaman gələcək, o birilər kimi o da Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Hesab edirəm ki, bu mövzu artıq qapanmalıdır. Qarabağ məsələsi artıq tarixin arxivinə atılmalıdır. Onların boş-boş danışıqlarının heç bir əhəmiyyəti yoxdur. Bir yol qalıb, o da onları həbs edib, Azərbaycan məhkəməsinin qarşısına çıxarmalıyıq”.
Qarabağ qazisi Rey Kərimoğlu “Dəmir yumruğ”a yenidən ehtiyacın yarandığını qeyd etdi: “Ermənistanda xüsusi vurğulanmalı bir sıra insanlar var ki, birbaşa Qarabağ münaqişəsinin başlanmasına səbəb olublar. İblis, şeytan adamlardır. Onlardan biri də elə bu Serj Sərkisyandır. O, müharibə cinayətlərinə görə ən ağır cəzaya məhkum olunmalıdır. Bunlar hələ anlamırlar ki, Cənubi Qafqazda iki xalqa hansı bəlaları yaşadıblar. Özlərini bədbəxt etdilər, bizləri də çöllərə saldılar, yurdumuzdan olduq, on minlərlə şəhid verdik. Adi elementar məsələdir, insan anlamalıdır ki, bunu belə etmək olmaz. Bir dövlətin ərazisinə bu qədər iddia irəli sürüb, qətllər, işğallar törətməzlər. Görünən odur ki, bunlar hələ də başa düşmürlər. Köhnə xülyalara yenə qapılıblar. Saxta xəritələr paylayır, çağırışlar edirlər. Onlar hələ ağıllanmadıqlarına görə, “Dəmir yumruq”, deyəsən, bunların başına bir daha enməlidir. Sərkisyanın gəlməyinə gəlincə, necə deyərlər, Azərbaycanın sərhədləri açıqdır. Gəlsin, amma ilk növbədə bilsin ki, məhkəmə qarşısına çıxacaq. Necə ki, Araiklər, Vardanyanlar bu gün haqq məhkəməsinin önünə çıxırlar, o da çıxacaq”.“Yeni Müsavat”