RU

Qazaxıstanın özəl neft-emalı zavodu Xəzər və Mərkəzi Asiya bazarlarında mövqeyini möhkəmləndirməyi planlaşdırır - ÖZƏL MÜSAHİBƏ

Qazaxıstanın özəl neft emalı zavodu olan "Aktobe Refinery" xarici bazarlarda məhsullarını genişləndirmək üçün yeni imkanları nəzərdən keçirir, eyni zamanda, sənayenin inkişafına əngəl yaradan bir sıra çağırışlarla üzləşir.

Day.Az bildirir ki, bunu Trend-ə zavodun baş direktoru Timur Batrımbetov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya" forumu çərçivəsində verdiyi özəl müsahibədə bildirib.

Əsas müzakirə predmetlərindən biri Qazaxıstanın gəmi yanacağı istehsalçılarının Xəzər regionu bazarındakı mövqeyi olub.

"Bizim gəmi yanacağımız yüksək keyfiyyəti ilə tanınır - o, beynəlxalq standartlara cavab verir, o cümlədən, kükürd tərkibi 0,1 faizdən artıq deyil",- deyə Batrımbetov vurğulayıb.

Lakin o əlavə edib ki, son illərdə Qazaxıstan istehsalçıları Rusiyanın və Qırğızıstanın ucuz dizel yanacağı ilə dolu bazarlarında mövqelərini itirirlər.

"Biz bu dempinq qiymətləri ilə rəqabət apara bilmirik, bu da məhsulumuzun satışını çətinləşdirir", - deyə o izah edib.

Bu problemi həll etmək məqsədilə "Aktobe Refinery" satış üçün Aktau limanı vasitəsilə yeni kanallar və Xəzər regionunda yerli bunker təchizatçıları ilə əməkdaşlıq imkanlarını araşdırır. Batrımbetov əmindir ki, Qazaxıstan bu bazarlarda beynəlxalq standartlara cavab verən keyfiyyətli yanacaq təklif edərək öz yerini tuta bilər.

Bundan əlavə, Batrımbetov özəl emal müəssisələrinin dəstəklənməsi üçün dövlət təşəbbüslərinin əhəmiyyətinə də toxunub. O bildirib ki, Qazaxıstandan birbaşa distillat benzinin ixracına qoyulan məhdudiyyətlər xarici ticarətin genişlənməsi imkanlarını məhdudlaşdırır.

"Biz birbaşa distillat benzin istehsal edirik, lakin onun Qazaxıstandan ixracı qadağandır. Hesab edirəm ki, Rusiyada olduğu kimi, dövlət rüsumu ödənilməsi şərti ilə bu məhsulun ixracına icazə verilməsi daha məntiqli olardı", - deyə o vurğulayıb.

Batrımbetov qeyd edib ki, Rusiyada belə zavodlar məhsullarını, məsələn, Qırğızıstan və ya Özbəkistana rüsum ödəməklə ixrac edə bilirlər və bu, onun fikrincə, sahənin daha effektiv inkişafına töhfə verə bilər. Bundan başqa, zavod artıq Azərbaycan bazarında premium məhsul kimi tanınmış mazut ixracını fəal şəkildə inkişaf etdirir.

"Bizim mazut Azərbaycanda yüksək keyfiyyətinə görə yaxşı tanınır - kükürd tərkibi aşağıdır (0,5%-ə qədər), donma temperaturu isə mənfi 35 dərəcədir", - deyə "Aktobe Refinery"nin baş direktoru bildirib.

O qeyd edib ki, Xəzər və Mərkəzi Asiya forumu çərçivəsində SOCAR-ın struktur bölmələri də daxil olmaqla Azərbaycan şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üzrə ilk işgüzar danışıqlar aparılıb.

"Hazırda biz SOCAR ilə danışıqlar aparırıq və hesab edirik ki, əməkdaşlığımız qarşılıqlı faydalı ola bilər", - deyə Batrımbetov vurğulayıb və əlavə edib ki, SOCAR-ın infrastrukturu ilə işləyən Azərbaycan şirkətləri və treyderləri ilə əməkdaşlıq artıq fəal şəkildə inkişaf edir.

Onun sözlərinə görə, zavodun məhsulları Kulevi və Batumi limanlarına çatdırılır ki, bu da öz növbəsində Xəzər regionu bazarlarında iştirakın genişləndirilməsi üçün əlavə imkanlar açır.

Nəticə etibarilə, qiymət rəqabəti ilə bağlı çətin şəraitə baxmayaraq, "Aktobe Refinery" kimi Qazaxıstan neft emalı müəssisələri xarici bazarlarda mövqelərini möhkəmləndirmək və ixrac imkanlarını genişləndirmək üçün aktiv şəkildə yeni yollar axtarırlar. Batrımbetov Qazaxıstan hökumətinin bəzi qaydalara yenidən baxacağına və ölkədə neft emalı sahəsinin inkişafı üçün daha çevik şərtlər yaradaraq, yerli istehsalçıları dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Избранный
0
2
day.az

3Источники