Ucuz neft strategiyasından Tramp qazandı, neft ölkələri itirdi
OPEC+ ölkələrinin gözlənilməz qərarı neft bazarlarında yeni dalğalanmalara yol açdı. Belə ki, təşkilatın səkkiz üzv dövləti iyun ayından etibarən gündəlik neft hasilatını ümumilikdə 411 min barel artıracaq. Qərarın verilməsinə Səudiyyə Ərabistanı səbəb olub – rəsmi Ər-Riyad Trampın səfərindən öncə neft qiymətlərini ucuzlaşdıran qərar alaraq Ağ Evin tələblərindən birini yerinə yetirib.
Ekspertlər isə hesab edir ki, Tramp administrasiyasının iqtisadi yanaşmaları şou xarakterli görünə bilər, lakin əslində o və komandası uzunmüddətli və planlı siyasət yürüdür. Neft qiymətlərinin süni şəkildə ucuzlaşdırılması da həmin planın tərkib hissəsidir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında deyib ki, qara qızılın “qara” günləri başlayır.
Trampın ucuz neft strategiyasının arxasında duran səbəblərə toxunan ekspert bildirib ki, Rusiya, İran və Venesuelaya ən böyük təzyiq neft qiymətləridir, ucuz neft bu ölkələri daha tez anlaşmalara getməyə vadar edir:
“Üstəlik, neftin ucuzlaşması benzin-dizelin ucuzlaşması deməkdir ki, avtomobil ölkəsi olan ABŞ-də orta statistik seçicinin ən çox önəm verdiyi amil məhz 1 qallon benzinin-dizelin qiymətidir (1 qallon = 3,8 litr). Ucuz benzin-dizel inflyasiyanı cilovlamaqda, qiymətləri aşağı çəkməkdə ciddi rol oynayacaq, çünki, ABŞ daxilində yükdaşımaların yarıdan çoxu məhz avtomobillərlə həyata keçirilir. ABŞ-nin neft hasilatı üzrə dünya lideri olmasını da unutmayaq. Gündəlik hasilat artıq 13,5 mln. barreli keçib, ABŞ-də çox böyük neft ehtiyatları var, hasilatı yenidən artırmaq üçün fürsət yaranıb, çünki ABŞ-də hasilatın maya dəyəri yeni texnologiyaların və medotların tətbiqinə görə son 10 ildə 3 dəfədən çox ucuzlaşıb. ABŞ neft hasilatını 15-16 mln. barrelə çatıra bilər, bunun üçün neft qiymətlərinin 50-55 dollar arası olması kifayətdir. ABŞ neftdən asılı ölkə olmadığına görə də, neftin ucuzlaşmasından ancaq udur, bəzi şirkətləri ucuz neftdən narahat ola bilərlər, amma onlar üçün də vergi güzəştləri, hasilat üçün icazələrin ucuz və asan olması kimi təşviqlər var, daha da artırılacaq”.
N.Cəfərlinin sözlərinə görə, neftin ucuzlaşması ABŞ-də “multiplikativ effekt” yaradır, bir çox sahələrdə, məsələn, aqrar, neft-kimya, turizm maya dəyərinin düşməsinə, iqtisadi canlanmanın artmasına səbəb olur. Amma bu effekt qiymətin uzun zaman aşağı hədlərdə qaldığı zaman üzə çıxır, deməli, yaxın illərdə ucuz neft erası davam edə bilər. Buruqdan asılı qalan ölkələrin durumuna gəldikdə isə iqtisadçı bildirib ki, əgər neft qiymətləri 50 dollar civarında bir neçə il qalsa, neftdən kəskin asılı olan ölkələrdə ciddi iqtisadi dalğalanmalar baş verəcək:
“Azərbaycan dünyada neft-qazdan ən çox asılı olan ölkələr sırasındadır, ixracatımızın 90 faizi enerji sektorudur, bu faiz nisbəti illərdir ki, dəyişmir, doğrudur, mütləq rəqəmlərdə dəyişikliklər olur, amma məhz faiz nisbəti dəyişmir. Bir də bizim vəziyyətin qəlizliyi ondadır ki, qiymətlə paralel neft hasilatı da kəskin azalır. Yaxşı, bəs son 20 ildə 3-cü neft ucuzlaşması dalğasına hazırıqmı, ilk 2 dalğa dərs oldumu – təəssüf ki, bu sualların müsbət cavabı yoxdur. Məsələ də odur ki, iqtisadiyyatda yığılan problemlərin həlli artıq iqtisadi qərarlarla mümkün deyil – öncə idarəetmə sistemində ciddi islahatlara ehtiyac var. İlk addım idarəetmə və məhkəmə sistemində köklü islahatlar olmalıdır ki, iqtisadi sahədə atılan növbəti addımlar ciddi effekt versin”.