Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Vatikan, 6 may, AZƏRTAC
Roma Katolik Kilsəsinin keçmiş rəhbəri Papa Fransisk bütün gücü tükənənədək öz missiyasına sadiq qaldı.
AZƏRTAC xəbər verir ki, bunu kardinal Protodiakon Dominik Mamberti mərhum Roma Papası üçün keçirilən sonuncu messada deyib.
“Fransiskin missiyası kilsəyə və bütün bəşəriyyətə xidmət vasitəsilə ifadə olunan məhəbbətdir. Biz insanlara yox, Allaha itaət etməliyik. Papa Fransisk də bu sözlərlə güclüləri xəbərdar edib, bütün bəşəriyyətə İncil sevincini, mərhəmətli Atanı və xilaskar Məsihi təbliğ edib. O bunu öz təlimləri, səfərləri, hərəkətləri və həyat tərzi ilə edirdi. Mən Pasxa günü Müqəddəs Pyotr Kilsəsinin “Xeyir-dua eyvanında” Papanın yanında dayanmışdım – əzablarına, amma hər şeydən əvvəl onun xalqına xidmət etməkdə göstərdiyi cəsarət və qətiyyətə şahid oldum” , - deyə kardinal əlavə edib.
Xatırladaq ki, Papa Fransisk aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Mərhum Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub. Yeni Roma Papasının seçilməsi üçün konklav mayın 7-də Vatikanın Sikstin Kapellasında keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.