Aqşin Yeniseyin yazdıqları bir çox yazıçının fikridir
Bəzi yazarlar “kitab təqdimatı” anlayışının əvəzinə “imza günü” formatını təklif edir – sadə, səmimi və ticarət yönümlü.
Şair Aqşin Yenisey kitab təqdimatlarına dair narazılığını sosial media hesabında açıq şəkildə ifadə edib. Onun fikrincə, bu təqdimatlar öz əsas məqsədini itirib və artıq yalnız müəlliflər və şairlər arasında sosial əlaqələrin qurulmasına çevrilib. “Bakıda kitab təqdimatı işi kökündən yanlış prinsip üzərində qurulub” deyən şair bildirib ki, bir yazıçının, yaxud şairin kitab təqdimatı olur, dəvət olunanlar həmin yazıçı və şairlə gündə beş dəfə yeyib-içən digər yazıçı və şairlərdir:
“Təqdimatın hədəfi oxucu olmalıdır! Bizdə təqdimatın hədəfi müəlliflərdir. Mən, onsuz da, diqqətimi çəkən müəllifin kitabını yerin deşiyində də olsa tapıb oxuyacağam. Onu mənə təqdim etməyə nə ehtiyac var? Kitabı oxucuya təqdim etməyin yolunu tapmaq lazımdır. Mən sənin kitabının təqdimatına gəlmişəm, sən də mənim kitabımın təqdimatına gəl. Sanki sünnət toyudur. Bir dəlləyi əksikdir! İyirmi-otuz müəllifi it sürütməsi kimi sürüyürlər təqdimatdan-təqdimata. “Obeddə” pomidor-yumurta yediyin şairin axşam kitab təqdimatına gedirsən və özünü elə aparırsan ki, sanki yeni bir imza kəşf etmisən.Təsadüfən bir-iki oxucu gözə dəyir, çox keçmədən onlardan da belə bir mesaj gəlir: Sizi yenicə işıq üzü görən kitabımın təqdimatına dəvət edirəm! Ünvan: Sərgərdan bazarla üzbəüz “Bookbikar kafe”.
Qeyd edək ki, Aqşin Yeniseyin kitab təqdimatları ilə bağlı iradları ciddi və aktual bir məsələyə toxunur. O, Azərbaycanda bu cür təqdimatların daha çox müəlliflərə yönəldiyini və oxucunun diqqətini çəkmək məqsədilə daha məqsədyönlü təşəbbüslərin olmadığını vurğulayır. Kitab təqdimatları, əslində, oxucu ilə birbaşa əlaqə qurulmalı, onun kitabı kəşf etməsi üçün təşviq etməlidir. Lakin Yeniseyin qeyd etdiyi kimi, bu tədbirlər əsasən yazıçılar və şairlər arasında, onlardan hər biri üçün hazırlanan təqdimatlarla məhdudlaşır. Bu, Azərbaycan ədəbiyyatında oxucu kütləsinin inkişafı və yeni əsərlərlə tanış olması baxımından bir çatışmazlıq yaradır. Oxucular üçün təqdimatlar, onları müəlliflərə yaxınlaşdırmaq əvəzinə, çox vaxt şənliklərə və sosial tədbirlərə çevrilir və nəticədə, əsərlərin dərinliyinə enmək və onları dərk etmək məqsədini yerinə yetirmir.
Şairin iradları isə ədəbiyyat ictimaiyyətində yeni bir yanaşmaya, oxucunun daha aktiv şəkildə daxil olmasına və təqdimatların formatının təkmilləşdirilməsinə ehtiyac olduğuna işarə edir. Kitabın təqdimatı yalnız müəllifin tanınması deyil, həm də oxuculara həmin kitabın nə qədər dəyərli olduğunu izah etməli və onlara öz dünyalarını genişləndirmələri üçün bir fürsət verməlidir.
Kitab təqdimatlarının daha faydalı və məqsədyönlü ola bilməsi üçün tədbirlərin daha fərqli yanaşmalarla təşkil edilməsi, məsələn, müzakirələr, interaktiv görüşlər və oxucu ilə birbaşa ünsiyyət imkanlarının yaradılması vacibdir.
Sözügedən paylaşım yazarların da gözündən yayınmayıb.
Şair Qismət Rüstəmov qeyd edib ki, "kitab təqdimatı" anlayışını yığışdırmaq lazımdır: “Kitabın imza günləri olar, vəssalam. Mən çağdaş dünyada bir nəfərin belə kitab təqdimatına rast gəlməmişəm, müəllifin imza günləri olur, qalan söhbətlər ödənişli görüşlər, mühazirələrdir. "Kitab təqdimatı" tədbirdən sonrakı tədbir üçün olan tədbirdir”.
Yazar Nicat Həşimzadə isə əks mövqedən çıxış edib:
“Mənim kitab təqdimatımda 5-10 ədəbiyyat adamı vardı, ən azı 100 oxucu iştirak etdi”.
Təhsil eksperti Yalçın İslamzadənin fikrincə, müəlliflər məcburiyyətdən ərki çatan yazarları dəvət edirlər: “Kitab axtarışında olan abstrakt "oxucu" yoxdur ki, ona müraciət olunsun. Təqdimata gələn nəzərə almalıdır ki, satış varsa, kitab alıb dəstək olmalıdır. Gələnlər ya imkansızlıqdan, ya da ehtiyac görmədikləri üçün əksərən təqdim olunan kitabı almırlar. Şəkil çəkdirib gedirlər. Getdiyim sonuncu təqdimatda jurnalist və yazarlar öz aralarında yüksək səslə danışdıqlarından, müəlliflərin nə dediklərini eşitmədim. Nəticə: kitab və mütaliə vətəndaşın ehtiyacları arasında deyil”.
Mücirəddin Mübariz adlı istifadəçi kitab təqdimatlarını yas yerinə bənzədib: “Gəliblərsə, getməlisən!”.
Elşən Əzim də hesab edir ki, “kitab təqdimatı”ndansa, “İmza günü” daha uğurlu sayıla bilər: “Heç bir çıxış, nitq, tərif olmadan yaxınlaşıb kitab alırlar, sonra müəllifə imzaladırlar. Bu ənənə formalaşmalıdır. Məncə, ölkədə kitab menecerliyi deyə bir sənət növü də yaranmalıdır”.
Gənc yazar Yusif İlhamoğlu isə qeyd edib ki, təqdimat kitabın xərcinin çıxarılması üçün ən yaxşı üsuldur: “Birdəfəyə çoxsaylı satış və təqdimatdan sonra təqdimatın gətirdiyi reklam çox önəmlidir. Təqdimatda insanları toplayan müəllifin adı və çağırışıdır. Adın arxasınca gələn olmayanda avtomatik çağırışa müəllifin çevrəsi gəlir. Ümumiyyətlə, düşünürəm ki, kitabla bağlı çatışmazlıqlarımız çoxdur: nüfuzlu müəllif, yaxşı mətn, yaxşı redaktor, yaxşı korrektor, yaxşı tənqidçi, yaxşı reklam meneceri, yaxşı satış meneceri, müəllif-nəşriyyat münasibətləri. Və ən önəmli problemlərdən biri də müəllifin kitab hədiyyə etməsi. Kitabı nəşriyyat tənqidçiyə və Milli kitabxana tipli yerlərə hədiyyə etməlidir. Bir də müəllifin ailə üzvlərinə təbii ki. Dost gəlsin kitab alsın ki, dostunun cibinə də nəsə getsin”.
Yazar Pərviz Cəbrayıl da açıqlamalarının birində kitab təqdimatlarını “sünnət toyu”na bənzədib: “Bu onu dəvət edir, sabah da o bunu. Getmirəm o cür dəvətli təqdimatların heç birinə. O müəllifi ki oxumağa dəyər, kitabını alıb oxuyuram. Azərbaycanın müasir və iyrənc toy estetikası artıq ədəbiyyata da yoluxub. Bunu ləğv etmək lazımdır”.
Kulis.az saytının baş redaktoru Ulucay Akif isə “Sherg.az”a açıqlamasında artıq bu məsələlər haqqında danışmağın, təkliflər verməyin onun üçün çox mənasız olduğunu bəyan edib: “Kitab haqqında, bu məsələlər haqqında o qədər danışmışıq, yazmışıq ki, artıq nəsə deyəndə özümü tutuquşu kimi hiss edirəm... Çünki dəfələrlə demişik, yazmışıq, hamı da bilir nə etməliyik. Dediklərimizi etmirlərsə, Don Kixot kimi əlinə taxta qılınc alıb ortalığa düşməyin nə mənası var?”.
Yazar Cəlil Cavanşir uzun zamandır bu problemi müşahidə etdiyini deyib: "Kitab təqdimatlarına gələnlərin əksəriyyəti qələm adamları olur. Bunun səbəbi kitaba olan marağın azlığı, insanların kitaba diqqətsiz yanaşmasıdır. Belə başa düşürəm ki, hələ uzun müddət bu problem davam edəcək”.
Yazar Sevinc Elsevər də “Sherg.az”a açıqlamasında deyib ki, Aqşin Yeniseyin yazdıqları bir çox yazıçının fikridir:

“İnanın ki, bu vəziyyətdən adam yorulur. Mən özüm ədəbi mühitdə aktiv deyiləm. Dostlarla nadir hallarda görüşərəm, təqdimatlara az-az gedirəm. Uzun illər rayonda yaşadım, asosiallaşdım. Şəhərə də gələndən gördüm ki, toy məsələsinə dönüb təqdimatlar. "Xala-xala oyunu" , "bir gün sizdə, bir gün bizdə" və s. Məsələ budur ki, yaxın dostların, ədəbi çevrənin təqdimatlara gəlməyi abırı örtür. Oxucu azdır. Dəhşətli dərəcədə azdır. Təqdimatlara da yaxşı çevrə qazanan adamlar adam toplaya bilir. Kimsə yeyib-içən oğlandır, deyib-gülən qızdır, hardasa baş redaktordur, bəlkə vəzifəsi də var, o adamların təqdimatları gur keçir. Amma baxırsan gələnlər arasında beş-on real oxucu ola, ya olmaya”.
S.Elsevərin fikrincə, təqdimatlarda oxucuların iştirakının artırılmasında nəşriyyatlar maraqlı olmalıdır və çarəni də elə onlar tapmalıdır:
“Nəşriyyatlar da ümidini ona dikir ki, yazıçının yaxın çevrəsi, dost-tanışı gəlib kitab alsın. Ona görə yazıçıların öz iştirakı ilə kitab təqdimatlarını edirlər. Məncə, yazıçının iştirakı olmadan kitab satılmalıdır. Mağazada. Ən doğru yol budur. Nəşriyyatlar, kitab mağazaları kitabı yaxşı sata bilməlidir. Bizdə mövcud durumu bilərək yazıçılar öz kitablarının arxasında dururlar. Nəşriyyatlara əllərindən gələn dəstəyi göstərirlər. Amma bununla bu iş düzələn deyil. Problem böyükdür. Səbəbi də çoxdur. O səbəblərin hamısının aradan qalxması üçün də bir çox məsələ öz həllini tapmalıdır. Düşünəndə adamın tükü biz-biz olur!”.