Birinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərib canından keçən Vətən qeyrətli oğullardan biri də leytenant Arif Nuriyevdir. Qəlblərdə yurd-yuva qurmaqla əbədiyyətə qovuşan bu Vətən sevdalısı yaşasaydı, 54 yaşı tamam olacaqdı. İgidliyi, rəşadəti ilə tarixin səhifəsində yer tutan ölümsüzlük qazanan qəhrəmanın doğum günü adını daşıdığı Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində qeyd edildi.
Rayon rəsmiləri, şəhid leytenantın adını daşıyan Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva, liseyin şagird-müəllim kollektivi, şəhidin ailə üzvləri liseydə Arif Nuriyevin xatirəsinə yaradılan muzeydə oldular, onun şərəfli həyat yolu, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açdılar. O da bildirildi ki, Arifi xalq məhəbbəti, Vətən, torpaq sevgisi şəhidlik zirvəsinə qaldırıb. Cismən aramızdan getsə də, xalqımız öz qəhrəman oğlunun xatirəsini həmişə əziz tutur.
Daha sonra tədbir iştirakçıları ehtiram əlaməti olaraq şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzdülər.
Arif Ələskər oğlu Nuriyev Lerik şəhərində müəllim ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirib Rusiyada ali təhsil almağa gedib. Vətənin dar günündə təhsilini yarımçıq qoyub Bakıya qayıdıb. Burada təhsilini davam etdirə-etdirə müharibədə, ən qaynar döyüş bölgəsində şərəflə xidmət edib. 08.01.1994-cu ildə qəhrəman zabitimiz Ağdamda ağır döyüş zamanı şəhadətə qovuşub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü