Rusiyan prezidenti Vladimir Putin ciddi daxili siyasi böhran riski səbəbindən Ukraynaya qarşı müharibədə sülhə gedə bilmir.
Editor.az xəbər verir ki, BILD bu barədə mayın 3-də yüksək rütbəli Qərb rəsmilərinə istinadən məlumat yayıb. Bu, Rusiyanın hələ də hərbi məqsədlərinə çatmaması ilə izah olunur. Məqalədə qeyd olunur ki, müdafiə sənayesi böyük maliyyə inyeksiyaları ilə dəstəklənir – yüz minlərlə rusiyalı müharibə sayəsində yüksək gəlirlər əldə edir. Jurnalistlər əlavə ediblər ki, təhlildən hərbi sənaye kompleksinin üstünlük təşkil etdiyi sektorları çıxarsaq, Rusiya iqtisadiyyatı faktiki olaraq tənəzzülə uğrayır. Bir çox sənaye sahələrində, o cümlədən qida sənayesi, kömür hasilatı, tikinti materialları istehsalı, metal məmulatları və maşınqayırmada azalma qeydə alınıb.
Onlar qeyd edirlər ki, bütün bunlar Putinin kompromis əldə etmək qabiliyyətini xeyli çətinləşdirir.
Ekspertlərin fikrincə, müharibə veteranları Putin rejimi üçün ayrıca təhlükə yaradır. Onların bir çoxu cəbhədən qayıdaraq, xüsusilə həyat səviyyəsi aşağı olan və iqtisadi perspektivləri məhdud olan regionlarda sosial qeyri-sabitlik mənbəyinə çevrilə bilərlər. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun Rusiya üzrə eksperti Marqaret Klein deyir ki, Putin üçün müharibədən sonra qayıdan veteranlarla işləmək “çox çətin olacaq”. Onun sözlərinə görə, cəbhəyə könüllü kimi gedənlər çox vaxt orta əmək haqqını bir neçə dəfə üstələyən ödənişlər alırdılar.
Bu, təkcə artan maaşlara deyil, həm də 40.000 avrodan çox olan birdəfəlik işə qəbul bonuslarına aiddir. Klein qeyd edir ki, Kreml bu insanlara iqtisadi gələcək təklif edə bilməsə, zorakılıq dalğası riski artır.
//Samir Qurbanov, Editor.az