RU

“Skype”ın kədərli sonu

Amerikanın texnologiya nəhəngi “Microsoft”a məxsus “Skype” video və audio kommunikasiya proqramı 5 may 2025-ci il tarixindən etibarən xidmətlərini dayandırdı.

Bu, bir rəqəmsal eranın sonu deməkdir, məncə.

“Skype” 2003-cü ildə estoniyalı iki mühəndis tərəfindən İsveç şirkətində yaradılmışdı. 2010-cu ildə 300 milyondan çox aktiv istifadəçiyə çatan bu tətbiq, 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alındı. Lakin zamanla “Skype” rəqəmsal dünyada yerini yeni və daha çevik platformalara verməyə başladı. İnformasiya texnologiyalarının sürətlə inkişafı və istifadəçi gözləntilərinin dəyişməsi bu populyar tətbiqin sonunu gətirən əsas amillər oldu.

“Zoom”, “Google Meet” və “Microsoft Teams” kimi platformaların – xüsusən də pandemiya dövründə – yüksəlişi “Skype”ın mövqeyini daha da zəiflətdi. Maraqlıdır ki, “Microsoft” öz məhsulu olan “Teams”i işə salmaqla sahibi olduğu “Skype”ın təbii sonunu daha da sürətləndirdi. Beləliklə, adı çəkilən platformalar “Skype”ın kölgəsindən çıxaraq önə keçdilər.

“Skype” mənim üçün də xüsusi yer tuturdu. Ortaya çıxdığı gündən son dövrlərə qədər bu kommunikasiya möcüzəsindən aktiv istifadə etmiş, onun sayəsində dünyanın müxtəlif televiziya kanallarına müsahibələr vermiş, dostluq, iş və əməkdaşlıq körpüləri qurmuşdum.

44 günlük Vətən müharibəsi zamanı İstanbulda yaşadığım üçün türk kanalları mənim üçün əlçatan idi. Türkiyə xaricindəki kanallarla əlaqə qurmaqda isə dadıma “Skype” çatırdı. Bu səbəbdən, zamanla ayaqlaşa bilməyib köhnələn bu gözəl platforma ilə vidalaşmaq mənim üçün xeyli hüznlüdür.

“Skype” bir dünya idi və onun sonu rəqəmsal kommunikasiya tarixində silinməz iz qoydu.

Vəfalı bir istifadəçi kimi onu hər zaman sevgi və hörmətlə xatırlayacağam.

5 may 2025

Избранный
0
1
vaxt.az

2Источники