RU

Bakı məhkəməsi qondarma "Artsax" seçkilərini demokratik sayanları ifşa etdi


Elşad Həsənov: “Qərb müxtəlif təsisatlar vasitəsilə erməni separatizmini himayə edib”

Məlum olduğu kimi, Bakıda Qarabağ separatçılarının məhkəmə prosesi gedir. Məhkəmədə separatçıların verdiyi ifadələrdə bir sıra saxtakarlıqları ortaya çıxıb.

Məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyanın müsahibəsinin yer aldığı videomaterialdan kadrlar da nümayiş etdirilib və tədqiq olunub. A.Harutyunyan filmdə erməni tağım komandirlərindən birinin Kərkicahan, Malıbəyli və digər döyüşlərdə iştirak etməsindən danışır. A.Harutyunyan dövlət ittihamçılarının bununla bağlı suallarını cavablandırarkən həmin döyüşlərdə iştirak etmədiyini, adıçəkilən döyüşlər zamanı İrəvanda Kənd Təsərrüfatı İnstitutunda ali təhsil aldığını iddia edib. O bildirib ki, 2020-ci ildə qondarma rejimdə “namizəd” olarkən müharibə zamanı “xidmətləri”nin şübhə altına alınmaması üçün belə çıxış edib. A.Harutyunyan deyib: “Özümə sənəd hazırlayanda şahidlər çağırmışdım desinlər ki, guya mən döyüş əməliyyatlarında iştirak etmişəm. Orada mənim həmin dövrdə olan xidmətim əks etdirilməli idi. Onlar orada o məlumatı verməli idilər ki, mənim orada iştirak etməyimin şahidi olublar. Mən, ümumiyyətlə, o məlumatları (döyüşlərlə bağlı – red.) dostlardan almışam və sentyabrdan guya onlarla xidmət etmişəm. Təfsilat barədə qardaşımın gündəliyindən tanışam. Bunlar olmasaydı, 2020-ci il “seçkiləri” zamanı mənim həmin dövrdə xidmətim şübhə altına alınardı. Hansısa bir şey çəkilməli idi və götürülməli idi ki, mən döyüşlərdə iştirak etmişəm. Amma fakt budur ki, mən həmin vaxt tələbə olmuşam”. O, öz vəkilinin sualını cavablandıran zaman isə deyib ki, Qarabağa birdəfəlik 1993-cü il avqustun sonu-sentyabrın əvvəlində köçüb.

O vaxt Qarabağda qondarma rejimin olması öz yerində. Məlum olur ki, 2020-ci ildə qondarma “seçkini” də bunlar saxtakarlıq şəraitində keçiriblər. Ümumən, bu faktın özü 30 il ərzində separatçıların Qarabağda keçirdiyi “seçkiləri” “demokratik seçki” hesab edən bəzi beynəlxalq təşkilatlara elə separatçılar tərəfindən vurulan zərbədir. Gör bu təşkilatlar kimi dəstəkləyiblər və nəyi onlar “demokratik seçki” hesab ediblər. Erməni lobbisindən bəslənən bəzi beynəlxalq təşkilatlar, insan hüquqları ilə məşğul olan təşkilatlar Qarabağda separatçıların keçirdiyi “seçkiləri” “demokratik” hesab edib həmişə tərifləyirdilər. Məhkəmədə məlum olur ki, bu “seçkilər” tamamilə saxtakarlıq şəraitində keçirilirmiş.

“Arayikin verdiyi ifadələr bu baxımdan həmin gizli oyunların ifşasıdır”

Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, nəinki erməni separatçıların, eyni zamanda bəzi beynəlxalq təşkilatların saxtakarlıqlarını gözlər önünə sərir: “Ümumiyyətlə, Qarabağ problemi millətçi daşnak qüvvələrin, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Qərbin bəzi dairələrinin SSRİ-ni dağıtmaq planının tərkib hissəsi olub. Məhz Qarabağda 1988-ci ildə erməni separatizmi alovlanandan sonra SSRİ dağılmağa başladı. Etnik zəmində münaqişələrin qızışdırılması buna xidmət edirdi. 1988-ci ildə baş verən hadisələri təhlil edərkən görürük ki, ABŞ-dakı erməni milyonçuları separatçıları silahlandırmaq üçün həm böyük vəsaitlər ayırıblar, həm də digər işlərlə məşğul olublar. Bütün bunlar əsla təsadüf ola bilməzdi. ABŞ kəşfiyyatı tərəfindən bu, idarə edilirdi. Çünki SSRİ-ni dağıtmaq onların qarşısında duran başlıca plan idi. Qarabağda separatizmin alovlandırılması hesabına Qərb qarşısına qoyduğu məqsədə nail oldu. 1991-ci ildə SSRİ çökdü. Ermənilərin bu “xidmətlərinə” görə Qərb Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına göz yumdu. Qərbin razılığı olmasaydı, Boris Yeltsinin rəhbərlik etdiyi Rusiya işğala hərtərəfli yardım göstərməzdi. Bütün bunlar bir-biri ilə əlaqəli idi. Yoxsa Ermənistan kim idi ki, həm ərazilərimizi işğal etsin, həm də uzun müddət işğalı davam etdirsin? Qərbin təlimatı ilə bəzi beynəlxalq təşkilatlar, insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər işğal dövründə Qarabağda keçirilən qondarma “seçkilərə” “demokratiya” donu geyindirməyə çalışırdılar. Sual olunur, nəyə görə Qərb təsisatları Dnesteryanı bölgədə, Abxaziya və Cənubi Osetiyada separatçıları dəstəkləmirdilər? Çünki onlardan fərqli olaraq, Qarabağdakı erməni separatçıları Qərb üçün bir alət rolunu oynayırdılar. ABŞ-da, Avropada olan erməni lobbisi bu işin içində idi. Demokratlar Partiyası hakimiyyətdə olanda, yəni 1998-ci ildə ABŞ Qarabağda ermənilərə hər il “humanitar yardım” adı altında Konqresdən vəsait ayırmağa başladı. Arayikin verdiyi ifadələr bu baxımdan Qərbin gizli oyunlarının ifşasıdır. Məlum olur ki, Qərb müxtəlif təsisatlar vasitəsi ilə erməni separatizmini himayə edib”.

Vidadi ORDAHALLI

Избранный
0
baki-xeber.com

1Источники