BAKI, 5 may. TELEQRAF
Amerikalı alimlər dünyanın ən ölümcül 19 ilanının zəhərini zərərsizləşdirə bilən yeni bir dərman hazırladıqlarını elan ediblər.
Teleqraf xəbər verir ki, bu barədə araşdırma Cell jurnalında dərc olunub.
Bildirilib ki, bu dərman tanınmış antiinflamatuar birləşmə olan varespladib və ilan dişləmələrindən sağ çıxan Tim Fridin bədənindən alınan anticisimlərin birləşməsindən hazırlanıb.
Dərmanın hazırlanmasında Centivax və bir sıra digər tədqiqat mərkəzlərinin biokimyaçıları iştirak ediblər. Onlar, varespladibin iki anticisimi - LNX-D09 və SNX-B03-ün birləşməsini, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında yer alan ilan zəhərlərinin öldürücü dozaları üzərində test ediblər. Sınaqlar nəticəsind siçanlar dərmanla 19 fərqli ilan zəhərindən qorunub, bəzi hallarda isə onların təsirini tamamilə ləğv etmək mümkün olub.
Layihənin rəhbəri Ceykob Qlanvil Tim Fridinin zəhərlərlə təkrar təmasda olmasının, onun unikal immun təcrübəsi ilə geniş spektrli neyrotoksinləri tanıyaraq zərərsizləşdirən universal anticisimləri çıxarmağa imkan verdiyini bildirib.
Mövcud antidotlar adətən, yalnız bir və ya bir neçə ilan növünün zəhərinə qarşı təsirli olur ki, bu da onların istifadəsini məhdudlaşdırır və qurbanların həyatını riskə atır. Yeni kəşf, müxtəlif bölgələrdə və ilan növlərində tətbiq edilə biləcək əlverişli və effektiv bir dərman yaratmaq üçün mühüm bir addım ola bilər.
Bu dərmanın gələcəkdə ilan zəhərləri ilə bağlı ölüm hallarının qarşısını almaq və həyatları xilas etmək üçün böyük potensiala sahib olduğu düşünülür.