RU

Xarici turistlər hələ də Bakıdan regionlara çıxmaq istəmir... Az qala 80 faiz...


Ceyhun Aşurov: “Azərbaycana gələn əcnəbi turistlərin 80 faizdən çoxunun Bakıda qalmasının bir çox səbəbi var

Son illər Azərbaycana turist axını ilə bağlı müsbət tendensiyalar müşahidə olunur. Sevindirici haldır ki, əcnəbi turistlərin gəzmək, görmək üçün maraqla üz tutduqları ölkələr sırasında Azərbaycanın da adı var. Ölkəmizə gələn əcnəbilər əsasən Bakıda qalmağa üstünlük verir.

Statistikaya görə, 2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı 484.9 min olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur. Turistlərin üstünlük verdiyi hotellərin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, yenə də xaricilər əsasən Bakıya üstünlük verirlər. açıqlanan rəqəmlərdən də bəlli olur ki, xarici turistlər daha çox paytaxt Bakı ərazisində qalmağa maraq göstərir. Bu hal isə bölgələrin inkişafı baxımından müsbət tendensiya sayılmır.

“Əcnəbilərin Azərbaycana çıxışı, əsasən, Bakıda olan hava limanı üzərindəndir, bu amil də gələnlərin çoxunun Bakıda qalmasına təsir edir

Turizm üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, Azərbaycana gələn əcnəbi turistlərinin 80 faizdən çoxunun Bakıda qalmasının bir çox səbəbi var: "Regionlara da səfərlər olur, amma gələnlər əsasən, Bakıda qalır. Əcnəbilərin Azərbaycana çıxışı əsasən, Bakıda olan hava limanı üzərindəndir. Bu amil də gələnlərin çoxunun Bakıda qalmasına təsir edir. Regionlara sadəcə birgünlük səfərlər edirlər, yaxud səhər gedib axşam qayıdırlar. Digər ölkələrdə də mövsümiliyin qarşısını almaq, eləcə də regionlarda turistlərin paylaşdırılması, qalmasını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirirlər. Bakı paytaxt olduğu, şəhər otelçiliyi inkişaf etdiyi üçün regionlar qədər mövsümilik hiss olunmur. Demək olar ki, hər mövsümdə turistlər gəlir və qalır. Xaricdə bu kimi qeyri-bərabər paylanmanın qarşısını almaq üçün regionlarda festivallar, müxtəlif tədbirlər keçirirlər. Hətta qeyri-mövsümdə müxtəlif sərgilər, konfranslar regionlara salınır. Müxtəlif dərnəklərin tədbirlərini regionlarda keçirməklə həm daha uyğun qiymətə bu işi görür, həm də regionun doluluğunu təmin etməklə sahədən gələn maliyyənin düzgün paylanmasına, mövsümdən asılı olan otellərin ilboyu çalışmasına və ya mövsümlərin uzadılmasına şərait yaradırlar. Bu da mərkəzə yüklənməni azaltmış olur".

Günel CƏLİLOVA

Избранный
0
baki-xeber.com

1Источники