RU

Körpənizi atıb-tutmazdan əvvəl 2 dəfə düşünün

Körpənizi atıb-tutmazdan əvvəl

Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Ferunda Dəmir valideynləri xəbərdar edərək, körpələrə qarşı sevgi nümayişi adı ilə edilən bəzi davranışların ciddi sağlamlıq riskləri daşıdığını bildirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, körpəni silkələmək, sıçratmaq və ya havaya atmaq kimi hərəkətlər beyin qanaması, tənəffüs tutulması və gözdaxili qanaxma kimi ağır fəsadlara yol aça bilər.

Dr. Dəmir bildirib ki, 1 yaşından kiçik körpələrlə təmas zamanı yanlış davranışlar geri dönməz nəticələrə səbəb ola bilər. “Sevgimizi göstərmək istəyirik, lakin bilmədən onların sağlamlığını təhlükəyə atırıq”, – deyə mütəxəssis qeyd edib.

Ekspertin fikrincə, cəmiyyətdə hələ də körpənin ağlamasını dayandırmaq və ya onu güldürmək üçün silkələmək, sıçratmaq və havaya atmaq kimi yanlış üsullara müraciət edilir. Lakin bu hərəkətlər körpənin fiziki quruluşuna uyğun deyil. “Körpələrin başı bədənlərinə nisbətən daha böyükdür. Bu da başın hərəkəti zamanı beyində və göz damarlarında ciddi zədələnmələrə səbəb ola bilər”, – deyə Dr. Dəmir vurğulayıb.

Zərər sadəcə beyində deyil

Mütəxəssis əlavə edib ki, başın sarsılması yalnız beyində deyil, tənəffüsə nəzarət edən sinir sistemində də fəsadlar yarada bilər. “Belə travmalar ani tənəffüs dayanmasına da yol aça bilər. Bu, sadəcə əylənmək və ya sakitləşdirmək üçün edilən bir hərəkət olsa belə, körpənin həyatı üçün təhlükəlidir.”

Qəzalar qalıcı travmalara səbəb ola bilər

Dr. Dəmir, bəzi hallarda valideynlərin körpəni havaya atıb tuta bilmədiklərini, nəticədə uşağın tavana çırpıldığını və ya yerə düşdüyünü bildirib. Belə hallar həm baş, həm də bədən travmaları ilə nəticələnə və uzunmüddətli fiziki və psixoloji zədələrə səbəb ola bilər.

Sevgi sakit və yumşaq yollarla ifadə edilməlidir

Mütəxəssis körpələrlə sağlam bağ qurmaq üçün onların gözünə baxmaq, danışmaq, mahnı oxumaq və toxunmaq kimi sakit və yumşaq üsulların daha uyğun olduğunu bildirib. Körpənin bezinin təmiz, qarnının tox və ümumi rahatlıq halında olması da onun emosional rahatlığı üçün vacibdir.

Sarsıntı sonrası bu əlamətlərə diqqət yetirin

Dr. Dəmir valideynlərə xəbərdarlıq edərək, əgər körpədə sabit bir nöqtəyə baxmaq, anormal davranış, şiddətli qusma və gözlərini qıymaq kimi əlamətlər müşahidə olunursa, dərhal həkimə müraciət edilməli olduğunu bildirib. “Erkən müdaxilə ilə qalıcı zərərin qarşısını almaq mümkündür”, – deyə o qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
0
e-saglam.az

1Источники