RU

Azərbaycanda DEVALVASİYA olacaq? - Manatın məzənnəsi ilə bağlı TƏCİLİ XƏBƏR

2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdu. Bu, 2024-cü illə müqayisədə 5 dollar azdır və hökumət bu qiyməti daha ehtiyatlı və real proqnozlara əsaslanaraq müəyyən etmişdi. Lakin hazırda qlobal neft bazarında qiymətlər bu proqnozdan xeyli aşağıdır. Məsələn, Brent markalı neftin qiyməti 2025-ci ilin may ayının əvvəlində təxminən 59.20 dollar səviyyəsinə düşüb. Bu azalma əsasən OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı və qlobal tələbatın zəifləməsi ilə əlaqədardır.

Bəzi beynəlxalq analitiklər, məsələn, "Barclays bankı" 2025-ci il üçün Brent neftinin orta qiymət proqnozunu 66 dollar səviyyəsinə endirib. Bu, Azərbaycanın büdcədə nəzərdə tutduğu qiymətdən aşağıdır və potensial fiskal risklər yarada bilər. 

Neft qiymətlərinin bu səviyyədə davam etməsi Azərbaycanın fiskal siyasətinə və iqtisadi sabitliyinə təsir edə bilər. Belə olan təqdirdə devalvasiya riski nə qədər yüksəkdir?

Məsələ ilə bağlı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, neftin qiymətini gündəlik əsasda yox, daha geniş zaman kəsiyində — aylıq, rüblük və ya yarımillik əsasda qiymətləndirmək daha doğrudur:

"Hələlik ilin əvvəlindən Azərbaycan neftinin orta qiyməti 70 dollar civarındadır və bu, büdcə üçün kritik risk yaratmır. Lakin bu tendensiyanın davam etməsi halında real problemlər ortaya çıxa bilər. Əgər ikinci rübdə neftin qiyməti 60 dollar civarında olsa, bu zaman iqtisadiyyatda müəyyən problemlər yaşana bilər. Bizim valyuta gəlirlərimiz azalacaq, tədiyə balansında mənfilik ola bilər".

İqtisadçı həmçinin vurğulayıb ki, iyun ayında qiymətlər bu səviyyədə davam edərsə, büdcəyə yenidən baxılması, yəni dəyişikliklərin edilməsi qaçılmaz ola bilər:

"Bu isə büdcə xərclərinə, sosial proqramlara və investisiya planlarına da təsir göstərə bilər. Hazırkı şəraitdə hökumətin məsələni diqqətlə izlədiyi bildirilir. Qısa müddətdə panikaya ehtiyac olmasa da, davamlı eniş Azərbaycanda iqtisadi və fiskal sabitlik üçün yeni çağırışlar yarada bilər. Xüsusilə də tədiyə balansı, valyuta ehtiyatları və manatın sabitliyi kimi faktorlar üçün bu proses strateji əhəmiyyət daşıyır".

Aqil Qarayev

Избранный
0
news24.az

1Источники