RU

Parlamentari: Belarus və Azərbaycan beynəlxalq platformalarda oxşar mövqelər nümayiş etdirir

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Aleksandr Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.
Hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

Millət vəkili Naqif Həmzəyev Sherg.az-a bildirib ki, Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin mayın 5-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında inkişaf edən münasibətlərin davamı kimi qiymətləndirilə bilər:

“Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi və yüksək səviyyəli qarşılama mərasimi əlaqələrin əhəmiyyətini bir daha vurğulayır. Belarus-Azərbaycan əlaqələrinin sürətli inkişafında hər iki ölkənin dövlət başçıları arasındakı şəxsi münasibətlər xüsusi rol oynayır. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət münasibətləri dövlətlərarası əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib. Dövlət başçıları arasında müntəzəm görüşlər, qarşılıqlı səfərlər və telefon danışıqları iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə saxlanılmasına xidmət edir. Bu görüşlər zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əməkdaşlığın hüquqi bazasını genişləndirir və dərinləşdirir. Prezidentlərin şəxsi təşəbbüsləri əsasında iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Xüsusilə, Azərbaycanda Belarus traktoru və digər kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisələrin yaradılması prezidentlər arasında əldə olunmuş razılaşmaların nəticəsidir”.

Parlamentari qeyd edib ki, son illərdə ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması da məhz dövlət başçılarının iqtisadi əməkdaşlığı prioritet sahə kimi müəyyənləşdirməsi sayəsində mümkün olub:
“Energetika, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı və ağır sənaye sahələrində əməkdaşlıq genişlənir. Prezidentlərin şəxsi münasibətləri iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstəkdə də öz əksini tapır. Belarus və Azərbaycan BMT, MDB və digər beynəlxalq platformalarda bir çox məsələlərdə oxşar mövqelər nümayiş etdirir və qarşılıqlı dəstək verir. Azərbaycan və Belarus prezidentləri arasında formalaşmış etimad və anlayış mühiti beynəlxalq arenada hər iki ölkənin maraqlarının müdafiəsi üçün əlverişli şərait yaradır. Regional və qlobal məsələlərdə koordinasiya olunmuş mövqelərin nümayiş etdirilməsi hər iki dövlətin beynəlxalq nüfuzunun artmasına töhfə verir. Prezidentlərin təşəbbüsü ilə iki ölkə arasında humanitar sahədə də əməkdaşlıq gücləndirilir. Təhsil, elm və mədəniyyət sahələrində birgə layihələr həyata keçirilir, tələbə mübadiləsi proqramları təşviq edilir, mədəni tədbirlər keçirilir. Xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mədəni və humanitar əlaqələrin genişləndirilməsi iki ölkə prezidentlərinin xüsusi diqqət mərkəzindədir. Belarus Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri çərçivəsində aparılacaq danışıqlar və imzalanacaq sənədlər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək. Prezidentlərin müəyyənləşdirdiyi strateji xətt əsasında hökumətlər arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilə bilər. İki ölkə liderlərinin güclü siyasi iradəsi və qarşılıqlı etimadı Belarus-Azərbaycan münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik yaradır. Belarus və Azərbaycan arasındakı münasibətlər prezidentlər arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət əsasında formalaşan və inkişaf edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlər iki ölkənin maraqlarına cavab və regional əməkdaşlığa töhfə verir. Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri bu münasibətlərin inkişafında növbəti mühüm addım olacaq”.
Избранный
0
1
sherg.az

2Источники