RU

Azər Qaraçənli: “Atam bu hadisə barədə heç vaxt danışmayıb, yazmayıb” - MÜSAHİBƏ

​BAKI, 5 may. TELEQRAF

“Torpaqlarımızın işğaldan azad olunması elə Ağa Laçınlıya abidədir”

Mayın 5-i şair, alim, pedaqoq Ağa Laçınlının 85 illiyidir.

1940-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində ali təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) “Natəvan” klubunun müdiri vəzifələrində çalışıb. 1970-ci ildən indiki Bakı Dövlət Universitetində dərs deyib, dünya ədəbiyyatı kafedrasının dosenti olub. 2007-ci il noyabr ayının 25-də vəfat edib. O vaxt doğma kəndi işğal altında olan şair Bakıda torpağa tapşırılıb.

Beş övlad atası olan Ağa Laçınlının hər üç oğlu qələm əhlidir: Fəxri Uğurlu, Oqtay Qorçu, Azər Qaraçənli.

Teleqraf-ın suallarını kiçik oğul – jurnalist Azər Qaraçənli cavablandırıb.

- Atanızın obrazını bir rəsm əsərində necə təsvir edərdiniz?

- Qırağından lal-dinməz çay axan ucqar bir dağ kəndini gözünüzün qabağına gətirin. Orta yaşlı çalsaç bir kişi isti yay günündə, çayın ortasında, nə vaxtsa selin yumalayıb gətirdiyi qara daşın üstündə, arxası kəndə, üzü dağlara-dərələrə oturub, ayağını suya sallayıb. O tayda biçilmiş biçənəklər, örüş yerləri, təkəm-seyrək ağacların kölgəsində yatışmış qoyun-quzu görünür...

Diqqətlə baxsanız, solda dağın döşündə gur bulağı, sağda çınqılın altından dərəyə süzülən bulaqların suyunu da görə bilərsiniz. Ot qoplarının birinin böyründə biçinçinin pendir-çörəyin üstünə qatlayıb getdiyi süfrəni də görmək olar...

Uzaqda yəhərsiz-yüyənsiz bir boz at var, ayaq üstə mürgüləyir. Çiçəkləri rəngindən seçə bilirsinizsə, adbaad deyə bilərsiniz. Quşları dimdiyindən tanıyırsınızsa, şəkli böyüdüb zənninizi sınamaq imkanınız var. Onda o ağ köynəkli, boz şalvarlı, qara toqqalı, saçını arxaya daramış kişinin soyunub çayın qırağında qoyduğu parıltılı ayaqqabısını, bir az bəridə otluğa yıxdığı bahalı əl çantasını da görəcəksiniz. Aha, bu, şəhərliymiş ki... Köynəyinin, şalvarının ütüsünə bax. Universitet müəllimidir yüz faiz. Özü də ədəbiyyatdan dərs deyir. Həm şairdir, həm alim. Kəndinə dəyməyə gəlib. Yaydır axı, yayda məktəblər, müəllimlər tətilə çıxır.

Çaydan keçməyə gəlmisinizsə, geri qayıdın, onu düşüncələrindən ayırmayın. Bir də müəllim adamdır, ayağını suya salladığını görsəniz, sizdən utana bilər. Köhnə kişilərdəndir, qız-gəlin görsə, lap xəcalət çəkər. Görmüsənsə də, gərək özünü görməzliyə vurasan, gəlmisənsə də, gərək dönüb geri qayıdasan. Şair adamdır, qoy öz aləmində olsun. Bəlkə də əlində kağız-qələm nəsə yazır, görmək olmur axı. Bəlkə də ağlayır, bəlkə də öz-özünə danışıb gülür, nə bilmək olar. Bir Allah bilir keçmişə dalıb, yoxsa gələcəyi düşünür. Nə bilirsən dağa-dərəyə baxır, bəlkə nəzərini suyun altına, bəlkə göyün işığına dikib, bəlkə də heç hara baxmır, gözünü yumub səsləri dinləyir.

Deyə bilərsiz ki, bu adamın yerində hər kəs ola bilər. Ən azından hər müəllim, hər şair, şəhərdən kəndinə qayıtmış hər adam ola bilər. Əlbəttə. Amma bu adamın bütün arzusu nə vaxtsa indili, keçmişli, gələcəkli bütün doğmalarıyla bir yerdə ölümsüz dünyada doğulub yenidən bu çayın qırağına enmək, arxada qoyduğu kənd-kəsəyinin, el-obasının, vətəninin, bütün Yer kürəsinin bir dərd-səri, bir kədəri, bir qayğısı, zərrə qədər ölüm-itim qorxusu qalmadığını bilib yaşamaqdırsa, onda o adam məhz Ağa Laçınlıdır, başqası deyil. Bir anlıq elə bilin həmin arzu gerçək olub, çağırın çevrilib hay versin, görəcəksiniz ki, olanı deyirəm.

- Ağa müəllimin ölümü qəfil oldu, yoxsa xəstəliyi vardı?

- Ölümündən səkkiz il qabaq xəstələnmişdi, amma söz-sənət, poeziya vurğunu olan çox xeyirxah bir el adamının köməyi sayəsində yaxın xaricdə müalicə aldı, ölümdən qurtardı. 2007-ci ilin noyabr ayının 20-də Bakı Dövlət Universitetində işdə olduğu vaxt qəfildən halı pisləşdi, beş gün sonra da yuxudaykən keçindi. Səkkiz il qabaqkı xəstəliyi tamam başqaydı, o azardan qurtardı, sonra da özünü gözlədi. Amma ürək xəstəliyi qəfil gəldi, buna sanki nə biz, nə də atamın özü ciddi yanaşmağa vaxt tapdı. Dost-doğmalar, xeyirxah insanlar bəlkə də xəbər tutsaydılar, onlar həyəcan təbili çalardılar, amma qismət elə gətirdi ki, heç buna da macal olmadı.

- Həyatınızın hansı məqamında atanızın yoxluğunu daha çox hiss eləmisiniz? Elə hallar olubmu ki, kaş atam yanımızda olaydı demisiniz?

- Dünyadan köçmüş adamların yeri tez-tez görünür. Bu, itirdiyimiz ailə üzvlərimizə, qohumlarımıza, dost-tanışlarımıza da aiddir, tarixi şəxsiyyətlərə də. Məsələn, Nizaminin, Füzulinin, Mirzə Fətəlinin, Üzeyir bəyin, daha neçə-neçə şəxsiyyətin yeri görünmürmü? Görünür. Fiziki cəhətdən həmişə bir yerdə olmağımız mümkün deyilsə də, mənəvi bağları itirməyə bilərik. Yanında olmalı olduğumuz adamların hətta bu dünyada olmayanda da yanında ola bilərik. Yanımızda olmalı adamlar hətta bu dünyada deyillərsə də yanımızda ola bilərlər.

- Atanızın dostları, doğmaları ilə rastlaşanda, söhbət Ağa Laçınlıdan düşəndə daha çox nələri xatırlayırlar?

- Yaxşılıqlarını daha çox xatırlayırlar. Mən 67 illik ömrə bu qədər yaxşılığın necə sığdığına hərdən təəccüb eləyirəm. Əslində, bu yaxşılıqlar, belə demək mümkünsə, gizli yaxşılıqlardır. Dediyiniz söhbətlərdə həmin gizlinlərin üzə çıxması, sözsüz, bir övlad kimi bizə zövq verir. Sağ olsunlar, bu zövqü bizə yaşadan dost-doğmalarımız da, tanımadığımız adamlar da çoxdur. Yaxşılıq heç vaxt itmir, deyirlər. Bu, yaxşılığın əbədiyyət xassəli, əxlaqi keyfiyyət olduğundan xəbər verir. “Yaxşı” “xeyir”in türkcəsidir. Yaxşı-pis. Yəni xeyir-şər. Biri əbədi, o biri öləridir. Yaxşılıq bilmək də eyni dərəcədə çox yüksək xüsusiyyətdir.

- Ağa Laçınlının yaradıcılığında hansı ideya və mövzular üstünlük təşkil edirdi?

- Burada həm bəşəri (Allah-insan, insan-təbiət, olum-ölüm, sevgi, ayrılıq), həm milli-məhəlli (Quzey-Güney, vətən-yurd, el-oba, doğmalar), həm də ictimai-siyasi (xüsusilə Azərbaycanın rus-sovet işğalı altında olması) mövzulara rast gəlmək mümkündür. Yəni bəzi şeirlərini filosof, bəzi şeirlərini klassik şair, bəzi şeirlərini el aşığı, bəzi şeirlərini isə ictimai-siyasi mübariz kimi qələmə alıb. Antisovet şeirlərinə görə Sovet İttifaqı dağılandan sonra da heç vaxt ictimailəşdirmədiyi, yəni gözə soxmadığı ciddi başağrıları olub. Bunun biri haqqında – “Şah İsmayıl” şeirinə görə artıq çap olunmuş “Gecə yuxusu” kitabının 6 min nüsxəsinin hamısına mətbəədə həbs qoyulduğu, onları mətbəənin anbarından çıxarmağın qadağan olunduğu, gərgin müzakirələrin, həyəcanlı günlərin şeirin dəyişdirilib bir vərəqdə mətbəədə yenidən çap edilməsi ilə yekunlaşdığı, anbarda şeirin ilkin variantının vərəq-vərəq kitabdan cırılıb çıxarıldığı, yeni variantın ora əllə yapışdırıldığı haqda mən üstündən 23 il keçəndən sonra, həm də atamın ölümündən sonra bir məqaləmdə yazmışam. Atam özü isə bu hadisə barədə heç vaxt, Sovet İttifaqı dağılandan sonra da danışmayıb, yazmayıb, müsahibələrində, çıxışlarında bir dəfə də olsun bu məsələyə toxunmayıb. Necə deyərələr, özünü reklam eləməyib, döşünə döyüb öyünməyib. Təvazökarlıq – haqq işi öz borcu kimi yerinə yetirdiyinə görə minnət qoymağı ağlına gətirməyən adamın təbii vəziyyətidir. Ağa Laçınlı ömrünün sonuna qədər bu tövrünü itirmədən yaşayıb.

- Sovet dövründə normal dolanışığı olan bir çox təbəqə, o cümlədən universitet müəllimləri müstəqilliyin ilk illərində çətinliklərlə üzləşmişdilər. Sizin ailədə necə idi durum?

- Sovet dövründə universitet müəllimləri normal dolanışığı olan təbəqədən olmayıblar. Onlar indi də bu təbəqəyə aid deyillər. Amma sovet dövründə kitabı çıxanda, mətbuatda yazısı dərc olunanda müəlliflərə pis qonorar vermirdilər. Bundan başqa, “Bilik” Cəmiyyəti söz-sənət adamlarını bölgələrə kolxozçularla, sovxozçularla, fabrik-zavodların əmək kollektivləri ilə görüşlərə ezam eləyirdi. Bu ezamiyyətlərin də qonorarı olurdu. Yəni ailəmizin qazanc mənbəyi tək maaş deyildi.

Dağılmalı Sovet İttifaqının axır ki, dağılıb getdiyi, dövlət müstəqilliyimizin bərpa olunduğu illər iqtisadi cəhətdən hamı üçün çətin keçdi. Ticarət damarı olmayan təbəqə üçün dolanışıq ikiqat ağırlaşdı. Sonralar güzəran o dövrlə müqayisədə düzəlməyə başladı.

Əslində işləyən adamın dolanışıq qayğısı olmamalıdır. İşləyirsən axı. Ancaq təəssüf ki, bu, hələ də problem olaraq qalır. Bir yerdə işləyən adam başqa yerdən əlavə qazanc axtarır. Bu, qətiyyən normal hal deyil, amma vəziyyət belədir. Ona görə indi repetitorluq eləyən, bir məktəbdən çıxıb o biri məktəbə qaçan, haradasa arı saxlatdırıb bal satdıran, hansısa mülkünü kirayə verməyə adam axtaran müəllimlərə qınaqla baxmaq olmaz. Müəllimin tək maaşla dolanması hələ də çətin məsələdir. Bunu sovet dövründə də, müstəqilliyimiz dövründə də Azərbaycanın ən böyük ali təhsil ocağında dərs demiş müəllimin övladı kimi deyirəm. Necə deyərlər, təcrübədən çıxış eləyirəm.

- Ağa müəllim Laçın adını özünə təxəllüs seçmişdi. Laçın işğal olunanda keçirdiyi hissləri, bu ağır dərdə münasibətini necə xatırlayırsınız?

- Söhbət tək Laçın rayonundan getmir. Hansı bölgədən oluruqsa olaq, torpağımızın işğal altına düşməsi faciə, azadlığa çıxması toy-bayramdır. Allah şəhidlərimizə rəhmət eləsin! Söhbət vətəndən gedəndə biz özümüzü bir bölgənin, bir şəhidin, bir itkinin, bir yaralının yaxını kimi hiss eləyə, özümüzü təkcə bioloji valideynlərimizin övladı kimi apara bilmərik. Biz həm də yenicə qazılmış məzara şəhid oğlunun cənazəsindən qabaq girib uzanan anayla döyüşdə itkin düşmüş oğlunun meyitinin tapılmasına qurban deyən atanın övladlarıyıq. Tək mən yox, mənim atam da, anam da o ata-ananın övladlarıdır.

- İndi Laçın azaddır. Ağa Laçınlıya aid hər hansı əşyanı, əlyazmanı, fotoları Laçında yaradılacaq muzeyə təqdim etməyi nəzərdə tutursunuznu?

- Muzeyin təşkilatçıları buna təşəbbüs göstərərlərsə, öhdəmizə düşəni canla-başla yerinə yetirməyə hazırıq.

- Laçında Ağa Laçınlının adının əbədiləşdirilməsini istəyərdinizmi?

- Torpaqlarımızın, o cümlədən kəndimizin işğaldan azad olunması elə Ağa Laçınlıya abidədir. Başqa bir abidəyə nə özünün umacağı olub, nə də bizim umacağımız var. Dövlətimizin, rayonumuzun məsul şəxslərinin bütün bunlara baxmayaraq verə biləcəyi hər hansı qərarı isə yalnız sevinclə qarşılaya bilərik.

- Sonda Ağa müəllimlə bağlı bir xatirə danışmağınızı xahiş edirəm...

- Sovet dövründə, 1980-ci illərdə Şimali Qafqazda – Yessentuki kurortunda ailəlikcə dincəlirdik. Böyük qardaşımız Fəxri onda əsgərlikdə idi. Yessentuki şəhərinin bağlı-bəhərli, meyvə ağacları ilə dolu parklarının birində atamla armud dərəndə təsadüfən iki rusla rastlaşdıq. Onlar da bir-birilərini tanımırdılar. Kurort yerinin ənənəsinə uyğun hamı bir-birindən haradan olduğunu xəbər aldı. Məlum oldu ki, rusların ikisi də Moskvadandır. Atam dedi mən də moskvalıyam. Beləcə, üç nəfər bir-birini sınamağa başladı ki, görək doğrudanmı hamı moskvalıdır. Yaxud başqa cür deyək: görək əsl moskvalı kimdir. Filan küçə harada yerləşir, hansı küçəylə kəsişir? Filan metronun filan çıxışından çıxanda nə görünür? Filan idarə haradadır? Bəs filan heykəl haradadır? Az qala elə çıxdı ki, atam Moskvanı onlardan yaxşı tanıyır. Ən azı rusların birindən çox yaxşı tanıdığına söz yox idi. Suallarda ilişən həmin rus moskvalı olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxsa da, deyəsən, istədiyinə nail ola bilmədi. Moskvanı daha yaxşı tanıyan rus atamı göstərib ona dedi: “Sən moskvalı deyilsən. Əsl moskvalı bax budur!” Biz aralanıb gedəndə azacıq içkili olan həmin iki rusun hələ də mübahisə elədiyini, hələ də onlardan birinin atamı əsl moskvalı kimi o birinə nümunə göstərdiyini eşidirdim.

Atam üç illik əsgərliyini Moskavada keçirmişdi. Sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdu. Sonralar da Moskva ilə, oradakı dostlarıyla, ədəbi dairələrlə, nəşriyyatlarla əlaqəsini itirməmişdi. İmkan tapanda gedib-gəlirdi. Bundan başqa, çox güclü yaddaşı vardı. Azərbaycanı qarış-qarış tanıyırdı. Bakıda gədəbəyliyə gədəbəyli, şəkiliyə şəkili, lənkəranlıya lənkəranlı olduğunu sübuta yetirdiyini az görməmişəm.

Избранный
0
teleqraf.com

1Источники