RU

Fitri istedadlı sahibkar

(Portret cizgilər)

Akif Şahbazov: “Sahibkar o adama deyirlər ki, təyyarəyə minib, öz həyatını riskə atır. 
Ailəsini burada qoyub gedir mal gətirməyə. Həmin mal da gəlib çatacaq, çatmayacaq hamısı sual altındadır.
Deməli, sahibkarın həyatı, bütün  işləri, hər şeyi  risk altındadır”

Sahibkarlıqla, fermer təsərrüfatı ilə məşğul olanlar çoxdur. Amma, əfsus ki, onların çoxu hətta gördükləri işin nə olduğunu və bu işdən necə pul qazanıb, ətrafında olan işçilərini  və öz ailəsini dolandırmağı, dövlət büdcəsinə kömək etməyi yaxşı bilmirlər. Məhz ona görə də bu işlə məşğul olanlar bir müddət sonra, bu işdən ayrılırlar və çox vaxt da özlərini yox, başqalarını günahlandırırlar. Məhz ona görə də mən deyirəm ki, “ Sahibkarlıq Allah vergisidi”. Necə ki, müəllimlik, hakimlik, həkimlik, yazıçılıq, incəsənət işçisi olmaq Allah vergisi olduğuna kimi  bu müqədds sahə də Allah vergisidi. Bu yazımda sizi həmin Allah vergisi olan bir şəxsiyyətlə daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: May ayının 5-də artıq 56 yaşı tamam olan  Akif  Səfər  oğlu Şahbazov  1969-cu ilin may ayının 5-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaqlı kəndində kəndçi ailəsində anadan olub. 1976-cı ildə həmin kəndin birinci sinifinə daxil olub və 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirsə də, Ermənistanda keçirilən olimpiadaların qalibi olsa da, mənfur, nankor qonşularımız olan ermənilərin türklərə olan nifrətinə  görə ona qızıl medal verməyiblər.  Amma Akif Şahbazov bundan ruhdan düşməyib. Həzrəti Əlinin bu sözlərini özünün ali məqsədi eləyib: “Mənə bir hərif öyərədənin köləsi olaram”. Müəllimlərini və valideynləri çox sevib. Çünki onlar ona təkcə hərifləri yox, elmin sirlərini öyrədiblər. O, artıq orta məktəbi bitirəndə yüksək kamil düşüncəyə malik olub. Dostumuz  Akif Şahbazov  deyir ki, “ artıq orta məktəbi  bitirəndə mən, gələcək həyatımı necə quracağımı başa düşmüşdüm. Və başa düşmüşdüm ki, bir insan qarşısına hansı məqsəd qoyursa və səbrlə ona doğru gedirsə, gec-tez ona çatacaq”.

O, 1987-ci ildə ordu sıralarına çağrılıb və Moskva vilayətinin Serpuxova şəhərində hərbi xidmətdə olub.  Elə həmin ildən də ermənilərin azərbaycanlılara qarşı törətdiyi ixtişaşlar  başlayıb. 1988-ci ildən Akif Şahbazovun valideynləri də Qərbi Azərbaycanda yaşayan üç yüz mindən çox  həmvətənlilərimiz kimi Ermənistandan deportasiya olunublar və  Sumqayıt şəhərində məskunlaşıblar. Akif də hərbi xidmətini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib. Ailə vəziyyətlərinin ağır olmasına görə Akif  Şahbazov ilk əmək fəaliyyətinə Sumqayıt  Boru  Yayma  zavodunda çilingər kimi işə başlayıb. Ailə vəziyyəti ağır olduğundan,  belə qərara gəlib ki, ali təhsilini yalnız axşam şöbəsində alsın. Məhz buna görə də 1990-cı ildə  Sankt-Peterburq  şəhərinin Voznesenski adına İqtisadiyyat Universitetinin Bakıda yerləşən filialının sənayenin iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə qəbul olub. O, oxuduğu 10-48, 10-50 qruplarının dərs əlaçısı, tələbə yoldaşları tərəfindən həmişə sevilən və müəllimlərinin hörmət bəslədiyi  bir tələbə olub.  Çünki Viktor Hüqonun bu kəlamı həmişə onun amalı olub:  “Xeyirxah olmaq çətin deyil, ədalətli olmaq çətindir”. Məhz buna görə də Akif Şahbazov təkcə tələbə yoldaşlarına yox, həm də onu əhatə eləyənlərə qarşı həmişə ədalətli olub.

Səkkiz il bundan qabaq, tanınmış  göz həkimi, ictimai xadim, maraqlı yazıçı, publisist Hümbət Həsənoğlunun yaratdığı Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü olan Akif Şahbazov, idarə heyyətinin bütün üzvləri tərəfindən sevilir və onun hər çıxışı çox maraqla qarşılanır. Çünki o, hər bir fikrini reallığa söykənərək deyir. Ən maraqlısı budur ki, bu gün də Akif Şahbazov özü üçün yox, ətrafında oıanlar üçün yaşayır. Hərbərlik etdiyi “Məktəbli aliəsi” kollektivinin işçiləri üçün yaşayır. Yəni ilk öncə onları düşünür. Onlaarın problemini həll edir. Bax, belələrinə deyirlər: “Əsl rəhbər”.

Ailələri çətin dolandığına görə Akif Şahbazov səhər işə gedib, axşam təhsil alıb və gecə yenə də növbəyə gedib ki, ailənin dolanışığına köməklik etsin. Hətta boş vaxtlarında “qul bazarına” gedib, orada da iki ustanın əlinin altında fəhlə  işləyib ki, heç olmasa 50-60  manat pul qazansın  və  böyük ailələri korluq, əziyyət çəkməsinlər. 1996-cı ildə ali təhsilli mütəxəsis kimi İqtisadiyyat Universitetini  bitirib. Təhsil aldığı bu altı ildə iş yerində də Akif Şahbazovun böyük  inkişafı olub. Belə ki, az bir vaxtda Kimya Sənayesi zavoduna Boru Yayma zavodundan köçürmə yolu ilə keçib. Burada olan Metal-Qab zavodunda ilk işi kadrların hazırlanması və qəbulu üzrə təlimatçı olub. Onun bacarığını, savadını görüb az bir vaxtda burada vəzifə pillələrində inkişaf  edərək, kadrlar şöbəsinin rəisi, material üzrə  mühasib, baş mühasib olub.

Elə həmin vaxtı “Azərikimya” Dövlət Şirkəti yaranıb. Şirkətin nəzdində də Təmir-Tikinti idarələri fəaliyyətə başlayıb.  O  vaxtı da Akif Şahbazovu   9  nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi təyin ediblər. Sonra onu 1 nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi vəzifəsinə keçirbilər. Bu artıq həmin dövr idi ki, şeytan xislətli  Mixail Qorbaçovun yenidənqurma adlı  bic siyasəti nəticəsində SRRİ kimi nəhəng dövlət  dağılmağa doğru gedirdi. Həmin dövrdə də artıq iş yerlərinin bağlanması, müəsisələrin çökməsi, parçalanması  başlanmışdı. Çox yaxşı intusiyaya, uzaqgörən siyasətə malik Akif  Şahbazov da artıq  başa düşür  ki, Sovetlər  ölkəsinin  sonu yaxınlaşır. Əgər burada qalıb işləsə gələcək üçün heç bir perspektivi olmayacaq. Çünki Həzrəti Əlinin bu kəlamını Akif Şahbazov elə həmin vaxtlar öz beyninə yazmışdı: “ Dövlətin dini ədalətdir. Ədaləti olmayan dövlət dinsizdir və gec-tez dağılacaq”.  Ona görə də çevik hərəkətlə  1991-ci ildən sahibkarlıq fəaliyyətinə başlayıb. Belə ki, həmin vaxtı Sumqayıt Mərkəzi Univermağında yerlər götürüb, həmin yerlərdə satıcılar qoyub, ticarətə başlamaqla özünü  sahibkarlıqda sınayıb. O, görüb ki,  məktəblilər və dəftərxana üçün lazım olan ləvazimatlara ehtiyac çox böyükdür. Ona görə də bu işlə məşğul olmağa başlayıb. Həqiqətən də həmin vaxtı  belə mallar Azərbaycanda qıt idi və çətin tapılırdı. Az bir vaxtda bu sahədə işləri uğurlu gətirdiyinə görə və  məktəbli malları, ofis məmulatları olan xüsusi mağaza olmadığından o,  bu boşluğu doldurmaq məqsədi ilə və geniş çeşidli etmək üçün  Sumqayıt  Mərkəzi Univermağın yaxınlığında olan “Sputnik” adlı sənaye malları  univermağında ayrıca icarəyə yer götürüb. Beləliklə, 1992- ci  ildə Bakı və Sumqayıtda ilk dəfə  ayrıca məktəbli malları, dəftərxana ləvazimatları  olan  xüsusi  mağazanı  məhz  Akif  Şahbazov  yaradıb. Bununla da imkanlarını  bir az da genişlənib. Az bir vaxtda artıq Sumqayıtdakı Sülh küçəsində, mərkəzi bazara yaxın yerdə  yer alıb  və  orada  60 kvadrat metr yerdə mağaza tikdirib. Həmin mağaza da məktəbli malları və dəftərxana ləvazimatlı mağazası  olub. Sonra həmin mağazanın ikinci mikrorayonda filiallarını açıb. Artıq sahibkarlıqda lazım olan təcrübə əldə eləyən  Akif  Şahbazov belə qərara gəlib ki, bu malları özü istehsal etmək üçün bir müəssisə yaratsın.  Bununla bağlı ayrıca yer götürüb və ora lazım olan aparatlar, dəzgahlar, maşınlar gətirməklə məktəbli malları və dəftərxana ləvazimatları olan məhsullar istehsal etməyə başlayıb  və ayrıca mətbəə-poliqrafiya yaradıb. Bu müqəddəs işdən möhkəm yapışan   Akif Şahbazov uzun illərdir ki, məktəb malları və dəftərxana  ləmazimatları istehsal etmək sahəsində ən yaxşı mütəxəssis olub və yaratdığı böyük  mətbəə, poliqrafiya  respublikada tanınır. Burada həm də bədii, sənədli kitablar çap etdirməklə və bu kitabları da öz mağazalarında satdırmaqla, çoxlu  müştəriləri, kitabsevərləri də ətrafına toplaya bilib  Akif  Şahbazov. Sumqayıtdakı bütün məktəblilər və yaşlı oxucular da  məhz Akif Şahbazovun rəhbəri olduğu mağazalara gəlirlər. Çünki bu mağazalarda Sumqayıtdakı bütün mağazalardan həm məktəbli malları, həm  dəftərxana ləvazimatları  və həm də kitablar çox ucuz qiymətə satılır. Bu iş, məhz elmlə, ziyalılarla bağlı olduğuna görə  Akif Şahbazov bu işi özünə müqəddəs iş və şərəf  bilir. Onu da vurğulayım ki, bu gün Bakı şəhərində və bölgələrdə olan  demək olar bütün məktəbli mağazaları  Akif Şahbazovun həm maraqlı məsləhətləri və həm də dəyərli  ziyalı kimi  böyük  dəstəyi ilə uğurlar əldə edirlər.  Akif Şahbazovun məsləhətilə Bakıda açılan məktəbli mağazaları alıcı çoxluğuna görə daha tez inkişaf etsələr də, amma onların rəhbərləri  bu gün də  Akif müəllimin  məsləhətlərindən yararlanırlar.  Bütün bu illərdə Akif müəllimin çəkdiyi zəhmət hədər getməyib. Belə ki, keçən ilin oyabr ayında Sumqayıt şəhərinin 75 illik yubileyində ölkə başçımız cənab İlham Əliyevin sərəncamı ilə Akif Şahbazov “Tərəqqi” medalı ilə təltif olunub. Bu ilin əvvəlində keçirilən Bələdiyyə seçkilərində Akif Şahbazov çox böyük səs çoxluğu ilə Sumqayıt Bələdiyyəsinə seçilib. Biz inanırıq ki, Akif müəllim Sumqayıt Bələdiyyəsinin inkişafı üçün çox işlər görəcək. Çünki o, müasir düşüncəli, yüksək təfəkkürlü, yenilikçi sahibkar və iş adamıdır. Ona görə də Azərbaycan iqtisadiyyatını, sahibkarlığını dirçəltmək üçün belə uzaqgörən sahibkardan, yüksək təşkiltçı insandan lazım olan kimi istifadə etmək lazımdır. O, idarə heyyətinin  üzvü  olduğu  Qərbi Azərbaycanlıların Cəmiyətinin Sumqayıt şöbəsi üçün də böyük işlər görə bilər. Çünki bir siyasətçi kimi də çox yetkin insandır. Mən, onunla ad günüdə, çox yüksək, Avropa standartlarına uyğun  səviyyədə qurulmuş, geniş çeşidli Sumqayıt Məktəbli nağazasında bu müsahibəni  apardım. İstəyirəm siz də onun orijinal fikirlərilə tanış olasınız əziz oxucular.

-Akif müəllim, salam. Necə oldu ki, siz Sumqayıt şəhərindəki 2-ci mikrorayonun zirzəmisində mağaza yaradası oldunuz?

- Çox maraqlı sualdır.  Xarici ölklərə gedəndə görürdüm ki,  birinci mərtəbələrdə demək olar ki, yaşayış yoxdur. Ona görə də fikirləşirdim ki, bizdə də bunlar gec-tez qeyri-yaşayış sahələri olacaq. Belə qərara gəldim ki, burada  bir üç otaqlı mənzil alım. Sonra iki otaqlı bir mənzil də aldım. Sonradan bu binanın zirzəmisinə baxış keçirtdim. Baxış keçirən zaman gördüm ki, yuxarı mərtəbələrin təmirindən yaranan  bütün zibilləri zirzəmiyə töküblər.  SSRİ dövründən olan bütün kanalizasiya sistemi də istismar müddətini başa çatdırmışdı. Ona görə də bütün kanalizasiya suları da zirzəmiyə axırdı. Mən bu zirzəmini çirkab sularından, siçovullardan, ağcaqanadlardan təmizləmək və bu boş zirzəmidə fəaliyyət göstərmək  üçün belə bir qərara gəldim ki, buranın  təmizlənməsi işinə başlayaq. İlk öncə fikirləşəndə əlbəttə, bura bizim sahəyə yarayan bir iş deyildi.  Çünki zirzəmidə  həmişə nəmişlik olur. Və orada kitabla bağlı iş, ağlagələn və  işimizə yarayan  bir iş deyildi. Çünki bizdə kitab işidi.  Amma buna baxmayaraq  mən bu  riskə getdim.  Mən lap uşaq yaşlarımdan riskə getməyi xoşlayıram. Zaman-zaman bu zirzəmini təmizlədik. Zirzəmiyə  çirkab sularının buraxılması  nəticəsində  özül panellər artıq çürümüşdü. Onları bərpa etmək üçün, yerə  armobeton bərkitmə işləri aparmaqla bu  zirzəmini tam quru vəziyyətə gətirdik.  Avropa  satndartlarına uyğun  gözəl sahəyə çevirdik. Orada havalanma işini yüksək səviyyədə qurduq. Beləliklə də, burada artıq heç bir nəmişlik  olmadı.  Bununla da kitablarımıza, kağız məmulatlarımıza da heç bir maneə yoxdur. Özünüz də bunu görürsünüz.

- Elədi.  Çox gözəl, yaraşıqlı mağazadır. Bu gün işlə məşğul olanların hamısını sahibkar adlandırırlar. Amma əslində belə deyil. Bu adamların içərisində mülkədarlar da var. Sahibkarla, mülkadarın fərqi nədir?

-Sahibkar öz işinin sahibkarı deməkdir. Yüz nəfərdən Allah cəmi 3-4 nəfərə bu istedadı verir. Mülkadarlıqla sahibkarlığı qarışdırmaq olmaz.  Sahibkar malına, canına, puluna, mülkünə risk  eləyən insanlar qrupuna daxildir.  Onun məqsədi odur ki, yeni iş yerləri yaratsın. Yaradıcılıqla məşğul olsun.  Mülkədar isə bir yeri alır, icarəyə verir və oradan özü üçün pul qazanır. Bu artıq sahibkarlıq demək deyil. Sahibkar o adama deyirlər ki, təyyarəyə minib, öz həyatını riskə atır.  Ailəsini burada qoyub gedir mal gətirməyə. Həmin mal da gəlib çatacaq, çatmayacaq hamısı sual altındadır. Deməli, sahibkarın həyatı, bütün  işləri, hər şeyi  risk altındadır.  Mülkədar isə hansı  yollarlasa binalar, obyektlər  alır və onları icarəyə verir. Oturur öz evində və həmin icarəyə verdiyi yerlərdən pul qazanır.  İstədiyi kimi istirahət eləyir. Öz həyatını keyf  içində  yaşayır. Ona görə də artıq zamanıdır ki, biz sahibkarla, mülkədarı bir-birindən ayıraq. Mülkədara yox, sahibkara dəstək olmalıyıq. Sahibkar pulun sahibi deyil və pul haqqında da düşünmür. Sahibkar işinin sahibidi. Və istəyir iş qursun, işlər  yaratsın.  Bu, bir  növ  xəstəlikdir. Özü də xoş xassəli bir xəstəlik və həm də cəmiyyətin  xeyrinə  olan bir xəstəlikdir. Təsəvvür edin ki, sahibkar həmişə  risklər altında olduğuna görə canı xəstədir. Evində demək olar ki, heç nəyi yoxdur. Əlinə də  beş manat düşürsə bir iş qurur. Ya da gedib bankdan yüksək faizlə kredit  götürüb işlər qurur. Özünü  gərginlikdə, zorluqda  məhz ona görə  saxlayır  ki, nə isə yaratsın.  Bax,  məhz  bu insanlara dövlət tərəfindən lazım olan  şərait yaratmaq lazımdır ki, onlar geniş iş yerləri açıb, işsizlik probleminin müsbət həll olunmasında dövlətə köməklik etsinlər.

Bir daha vurğulamaq istəyirəm ki,  sahibkarlara şərait yaratmaq lazımdır ki, onlar öz işlərini lazım olan kimi görsünlər. İşsizliyin qarşısını rahat ala bilsinlər.

-Siz orta məktəbi əla qiymətlərlə bitiribsiniz. Ayrı-ayrı müəssisələrdə aparıcı vəzifələrdə işləyibsiniz və böyük uğur qazanıbsınız. Niyə siz məhz həmin sahələri yox, məktəbli işini seçdiniz?

-Bu, çox  maraqlı sualdır.  Mən başa düşdüm ki, ruhum elə buradadır və mən bu işi başqalarından daha çox sevirəm. Burada uşaqlarımıza, gələcək nəslimizə daha böyük xeyir verə bilərəm. Bilirsiniz ki, dünyanın 70 faizi sudur. İnsan orqanizminin də 70 faizi mayedir. İnsanın iş həyatı da 70 faizdən ibarətdir. Ona görə də mən məktəbli mağazalarını yaratmaqla öz iş həyatımı  tapdım. İndi yalnız  bu işlə məşğul oluram. Bax,  mağazada  gördüyünüz bu kitabların hər biri mənimçün bir insandır.  Dahi Nizami Gəncəvi də görün kitab haqqında necə gözəl kəlam deyib:

-Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxartdım.

Mən də bu şöbələrə girəndə, buradakı kitabların hər birini bir insan kimi görürəm. Ona görə də insanları tanımaq, onları müşahidə etmək, dəyərləndirmək  lazımdı. Bu kitabları oxuyan insanlar,  orada yazılanları öz həyatında tətbiq edə bilərlərr. Biz,  yüksək səviyyəli bir mətbəə də qurmuşuq. Çünki cənab  prezidentimiz İlham Əliyevin sahibkarlığa  dəstəyini gördüyümüzə görə yeni-yeni layihələr üzərində işləməyə başlamışıq. Bunu nəzərə alaraq, işsizliyin qarşısını almaq üçün  biz istehsal sahəsini də düşündük.  Hal-hazırda biz, istehsal sahəsi  də qurduq. Çox sağ olsun cənab Prezidentimizin sahibkarlığın inkişafına belə dəstək verməsi, bizi bu işləri görməyə ruhlandırıb. Bizə olan bu köməkdən, inamdan  ruhlanıb, işimizi daha da qabağa aparacağıq. İnşallah. Təki sağlıq, əmin-amanlıq olsun.

P. S. Dostumuz Akif Şahbazov uzun illərdir ki, Çin Xalq Respublikasına işgüzar səfərlərə gedir və orada görülən işlərlə yaxından tanış olub və onları burada tətbiq etmək istəyir. Və hətta bəzi işləri tətbiq də edir. Onun ən böyük arzusu budur ki, Çin Xalq Respublikasında gedən yüksək quruculuq işləri Azərbaycanda da olsun. İnanır  ki, belə də olacaq. Çünki ölkə başçımız cənab İlham Əliyev də bu yaxın günlərdə Çin Xalq Respubublikasında olub və oradan böyük təəssüratla qayıdıb. Artıq Çin Xalq Respublikası ilə Azərbaycan Müstəqil Respublikası arasında olan viza rejimi ləğv olunub. Bu, özü çox uğurlu addımdır. Deməli, bundan sonra insanlarımız istədiyi vaxtı Çin Xalq Respublikasına gedəcək və çinlilər də Azərbaycana gələ biləcəklər. Bu da iqtisadiyyatımızın inkişafına çox köməklik edəcək. Və biz, ona da inanırıq ki, Akif Şahbazov kimi sahibkarlara, yüksək təşkilatçı, dərin bilikli iqtisadçı  insanlara da lazım olan şərait yaradılacaq ki, uzun illərdir Çin Xalq Respublikasında öyrəndiklərini  Azərbaycannda tətbiq etsinlər  və onlarla lazım olan ticarət  əlaqələri qura bilsinlər. Dünya şöhrətli, çinli  filosof Konfutsinin bu kəlamları həmişə Akif Şahbazovun ali məqsədləri olub: “Xeyirxah adam heç zaman ədalət hissini itirməməli, başqalarını öz iradəsinə zorla tabe etdirməməli, buna müxtəlif fikirlər müstəvisində nail olmalıdır”. “  Xeyirxah adam xeyirxah kimi doğulmayıb, hətta ən xeyirxah ailəyə mənsub olsa da, o, bunu həyatda qazanır və bunun üçün əsas   prinsiplər – özünə və başqalarına münasibət, həyat fəaliyyətinə, xalqın   adət-ənənələrinə  və kitaba münasibətdən ibarətdir”.

Bir daha Akif Şahbazovu ad günü münasibətilə təbrik edib, ona həyatda can sağlığı, ailə səadəti və gördüyü müqəddəs işlərdə böyük uğurlar arzu edirik.

Ağalar İDRİSOĞLU, 
Əməkdar incəsənət xadimi,
05 may 2025-ci il



Избранный
0
herbiand.az

1Источники