RU

Azərbaycan və Belarus hökumətləri sazişlər və dövlət başçılarının tapşırıqlarıyla əlaqədar birgə səyləri artıracaq

Biz hökumət kanalları vasitəsilə imzalanmış sazişlərin və dövlət başçılarının tapşırıqlarının həyata keçirilməsi üçün birgə səyləri artırmaq barədə razılığa gəldik.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniş tərkibli görüşdə bildirib.

“Sevindirici haldır ki, siz bu gün belə yüksək səviyyəli nümayəndə heyəti ilə Azərbaycandasınız. Bu, Belarusun əlaqələrimizin inkişafına verdiyi önəmi bir daha təsdiqləyir. Azərbaycan da Belarusla qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır. Bu gün bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələləri ilə bağlı çox konstruktiv müzakirəmiz oldu. 170-dən çox sənədə əsaslanan geniş praktiki əməkdaşlığımız var. Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun birgə səyləri sayəsində Azərbaycan-Belarus tərəfdaşlığı hazırda bütün sahələrdə inkişaf edir və hərtərəfli xarakter daşıyır. Qarşılıqlı səfərlər və ən yüksək səviyyədə keçirilən görüşlər, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər əməkdaşlığın effektiv inkişafını təmin edir. 2024-cü ildə Belarus Prezidentinin Azərbaycana iki səfəri, habelə üçüncü ölkələrdə dövlət başçılarının beynəlxalq məkanlarda ikitərəfli görüşləri bunun bariz təsdiqidir. 2024-cü ilin mayında Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı dövlət başçıları əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni istiqamətlər müəyyən ediblər. Kənd təsərrüfatı, gömrük, turizm, kiçik və orta biznesin inkişafı kimi sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün mühüm sənədlər paketi imzalanıb”, - deyə Baş nazir qeyd edib.

Əli Əsədov deyib ki, keçən ilin iyununda Belarusda işgüzar, oktyabrda isə rəsmi səfərdə olub. Həmçinin 2024-cü ildə baş nazir müavinlərinin sədrliyi ilə Minskdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib, dövlət başçılarının tapşırıqları nəzərə alınaraq əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün Yol Xəritəsi yenilənib.

Избранный
0
6
operativmm.az

10Источники