Son dövrlərdə bir çox vətəndaş bank kreditlərinin ödənişində cüzi gecikməyə görə - bəzən cəmi 1 gün - yüksək faiz və ya cərimələrlə qarşılaşdıqlarını bildirirlər. Hətta bəzi hallarda xəbərdarlıq edilmədən maaş kartlarından vəsait tutulur və ya kart mənfi balansda göstərilir. Bu cür hallar banklarla müştərilər arasında narazılığa və hüquqi sualların yaranmasına səbəb olur.
Bank vətəndaşın razılığı olmadan maaş kartından pul tuta bilərmi? Kredit ödənişlərində gecikmələr nə ilə nəticələnir?
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, kredit gecikmələrinə görə, faizlərin tətbiq edilməsi bankların müstəqil olaraq tətbiq etdiyi mexanizmdir:

“Hər bir bank üçün bu cərimə müxtəlif formalarda və müxtəlif faiz dərəcələrində nəzərdə tutulur. Gecikmələrə görə, müxtəlif müddətlər, möhlət imkanları və yaxud da faizlərin tətbiq edilməməsi vətəndaşla bank arasında olan fərdi razılaşma müqaviləsi əsasında müəyyən edilir. Bəzən vətəndaşlar kredit götürərkən imzaladıqları müqaviləni diqqətlə oxumurlar. Mərkəzi Bankın təlimatına görə hazırlanmış, kredit müqavilələri aydın şəkildə oxuna bilən və vətəndaşa ətraflı şəkildə göstərilməsi mümkün olan formada hazırlanmalıdır. Banklar adətən kredit müqavilələrini çox kiçik ölçüdə hazırlayırlar. Bəzən bu müqavilələri oxuyub başa çatdırmaq çətin olur. Ona görə də vətəndaşlar qarşılarında olan kredit müqaviləsini imzalayırlar. Bu da sonradan yaranmış ödənişlərin gecikməsinə görə tətbiq edilən faizlərlə bağlı narazılıq yaradır. Əgər hər hansı bir bankın bağladığı müqavilədə konkret olaraq gecikməyə görə, hansı cərimə mexanizmləri tətbiq ediləcək hissəsi vətəndaşa aydın şəkildə ifadə olunmursa, bu, qanun pozuntusu hesab olunur. Eyni zamanda, kredit müqavilələrinin hazırlanması qaydaları da Mərkəzi Bankın təlimatından kənara çıxılırsa, bu da pozuntu faktı kimi qeyd edilə bilər. Buna görə də vətəndaşların öz razılığı olmadan, heç bir bank ona əlavə faizlər tətbiq edə bilməz və onun əməkhaqqı kartından məbləğin tutulmasını həyata keçirə bilməz. Lakin bu, vətəndaşın əvvəlcədən verdiyi razılıq əsasında həyata keçirilir. Əgər vətəndaş buna razılıq vermirsə və bank vətəndaşın əmək haqqı kartından gecikməyə görə faiz və yaxud da kredit ödənişini tutursa, o zaman qanun pozuntusudur və bununla bağlı məhkəməyə müraciət etməlidir. Ən ciddi gecikməyə görə faizlərin tətbiq edilməsi problemi lombard kreditləri ilə bağlıdır. Azərbaycanda lombardlar haqqında yeni qanun qəbul edilməyib və lombardlar istədikləri formada hər gün gecikməyə görə istədikləri məbləğdə yüksək faiz cərimələri tətbiq edirlər. Ən böyük xaotik vəziyyət və qanun pozuntuları məhz lombardlarla bağlıdır”.