"Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da baş tutmuş növbəti səfər. Yolumuz Laçına idi. Bu müqəddəs torpaqların qoxusunu almaq - azad görmək necə bir hiss olmasını sadəcə sözlərlə anlatmaq mümkünsüzdür".
Adalet.az xəbər verir ki, bu fikirləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu öz sosial şəbəkə hesabındakı paylaşımında bildirib. Partiya sədri onu da vurğulayıb ki, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak etdiyi səfər daxilində Laçınımızda görülən yenidənqurma, quruculuq və abadlıq işləri ilə tanış olduq:
"Təfərrüatlara varmadan qeyd etməliyəm ki, bu kimi səfərlər ilk növbədə, kifayət qədər maraqlı, eyni zamanda, cəmiyyəti siyasətdə sağlam, rasional və peşəkar münasibətlərə alışdıran təcrübədir. Hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların qeyri-şərtsiz fəal iştirakı sayəsində cəmiyyətdə həmrəylik, siyasi dialoq mühiti qorunur, habelə siyasətçilər arasında milli maraqlar müstəvisində dövlət naminə şəxsi ambisiyalardan imtina olunması mədəniyyəti formalaşdırılır. Bunun nəticəsində isə “MƏN” düşüncə paradiqması tədricən “BİZ” düşüncə paradiqması ilə əvəz olunur. Qısa desək bütövləşmə, vahidləşmə və böyükləşmə fonunda qazanan tərəf məhz Azərbaycan cəmiyyəti olur.
Heç şübhəsizdir ki, siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla yanaşı - eyni zamanda tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Bu o deməkdir ki, siyasi münasibətlərin keyfiyyəti artır, onların təyinat baxımından məzmunu isə dövlət və cəmiyyətin inkişafına yönəlir. Bu birlik, həmrəylik heç şübhəsiz ki, burada qeyri-ixtiyari Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi yada salmış olur…
Tanrı Azərbaycanımızı qorusun… Yaşasın bütöv və qüdrətli Azərbaycan!"
Əntiqə Rəşid