RU

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

Kulis.az Azər Turanın "Himn mistikası, yaxud bir şeirin ətrafında yaranmış mif" adlı yazısını təqdim edir.

Martın 12-də Milli Elmlər Akademiyasında "İstiqlal marşı"nın 104-cü ildönümünə həsr olunmuş tədbirə dəvətliydim. Böyük məmnuniyyətlə qatıldığım konfransda Mehmet Akiflə, onun "İstiqlal marşı" ilə bağlı fikirlərimi bölüşdükcə çıxışıma yansıtmasam da, içimdə nəyinsə sıxıldığını hiss etdim. İçimdə sıxılan nə idi?.. Düşündüm, biz "İstiqlal marşı"ndan daha əvvəl yazılmış Azərbaycan himninin ildönümünü qeyd etsək və həmin tədbirə də bu konfransda olduğu kimi, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirini, Qüzey Kıprısın Azərbaycandakı daimi nümayəndəsini dəvət etsək, o mərasimdə himnimiz barədə nə danışardıq?

Alimlərimiz Azərbaycanın "İstiqlal" marşını elə labirintə salıblar ki, otuz ildir, əlimizi sinəmizin üstünə qoyub oxuduğumuz, sədasına sayqı duruşu ilə qarşılıq verdiyimiz himnin mətn müəllifi ilə bağlı mübahisələr səngimək bilmir. Bir qism iddia edir ki, himnin mətni Əhməd Cavadın deyil, Cəmo Cəbrayılbəylinindir. Başqa bir qism iddia edir ki, himnin sözləri nə Əhməd Cavadın, nə də Cəmo Cəbrayılbəylinindir, mətn Camo Hacinskinindir. Gətirilən arqumentlər isə, sadəcə, yeni mübahisələrə yol açır. Alimlərimiz bu mövzuda, hətta Milli Məclisi köməyə çağırır ki, parlament "ədaləti" bərpa etmək üçün qərar çıxarsın.

Himnin mətni 1919-cu ildə "Milli nəğmələr" kitabında "Cəmo bəy" imzası ilə çap olunub. Amma heç kəs elmi dəlillərlə isbat edə bilmir ki, bu "Cəmo bəy" Cəmo Cəbrayılbəyli, yoxsa Cəmo Hacinskidir, yaxud o dövrdə yaşamış hansısa başqa bir Cəmo bəydir. Bəlkə Cavad Əhməd Məhəmmədəli Oğludur...

Xatırlayıram, 2011-ci il aprelin 28-də ATV kanalında 2 saat davam edən canlı yayımda Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə bir yerdə aparıcının bu barədə suallarını cavablandırırdıq. Həmin verilişə telefon bağlantısı ilə akademik Bəkir Nəbiyev də qatıldı və "Cavad Əhməd Məhəmmədəli Oğlu" fikrini də həmin gün efirdə o səsləndirdi.

1992-ci ildə Himnin mətni Parlamentdə müzakirə olunarkən, Elm, təhsil və mədəniyyət komissiyasının sədri, professor Firudin Ağasıoğlu da "Cavad Əhməd Məhəmmədəli Oğlu" versiyasını diqqətdə saxlamışdı.

Azərbaycan himninin mətni ilə bağlı müzakirələr Əhməd Cavad irsinin tədqiqatçısı, indi Almaniyada yaşayan Aybəniz Əliyeva Kəngərlinin "Respublika" qəzetinin 1999-cu il 5 fevral tarixli sayında dərc olunmuş "Cəmo bəy kimdir" məqaləsi ilə başladı. Aybəniz xanımın məqaləsindən sonra Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun o zamankı direktoru Yaşar Qarayev məsələnin Elmi Şurada müzakirəsini təşkil etdi. Yekun qənaət birmənalı olmadı. Ardıyca problem AMEA-nın akademik-katibi Bəkir Nəbiyevin sədrliyi ilə yaradılmış komissiyada araşdırıldı. Lakin o komissiya da işini yekunlaşdırmadı. Göründüyü kimi, müzakirə 25 ildir ki, davam edir.

Aybəniz Əliyeva Kəngərlidən sonra məsələyə tənqidçi İlham Abbasov rəvac verdi. Onun, hətta "Himnimizin müəllifi" adlı kitabı çıxdı.

Professor Alxan Bayramoğlu isə israrla bildirdi ki, bu, "Cəmo bəy" Cəmo Cəbrayılbəyli deyil, Camo Hacinskidir. Hətta Alxan müəllim yazılarının birində belə bir ilginc məqamı qeyd edirdi ki, "Mənə öz mövqeyimdən müəyyən maraqlar müqabilində geri çəkilmək və ya həmin şeirin C.Cəbrayılbəylinin olması barədə mətbuatda çıxış etmək təklif edildi".

İndi isə məsələni "Himn Əhməd Cavadın deyil, Cəmo bəy Cəbrayılbəylinindir" qənaəti ilə professor Asif Rüstəmli aktuallaşdırır: ("Cəmo Cəbrayılbəyli. Həyatı və bədii yaradıcılığı" kitabında bu məsələyə ayrıca hissə ayırır).

2005-ci ildə Alxan Bayramoğlu, 2025-ci ildə isə Asif Rüstəmli "yanlışın" təshih olunması üçün Milli Məclisə xitab edirlər.

"Himn mətninin müəllifi Camo Hacinskidir" deyən Alxan Bayramoğlu təklif edirdi ki, məsələni "parlamentin müzakirəsinə çıxarıb, mövcud qərarda redaktə xarakterli düzəliş aparmaq nəinki mümkün, hətta vacibdir. Camo bəy Hacinskinin müəlliflik hüququnun bərpası həm də dövlət atributumuzun saflığının, nöqsansızlığının təmininə xidmət etmiş olardı".

Üstündən 20 il keçib. İndi də "himnin müəllifi Cəmo Cəbrayılbəylidir" fikrini yenidən gündəmə gətirən Asif Rüstəmli "Yol verilmiş yanlışlığın hüquq və ədalət naminə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə aradan qaldırılması təşəbbüsləri zəruridir. Burda müəlliflik hüququnun ciddi şəkildə pozulması faktı müəyyən edilmişdir", - deyə yazır.

Asif Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli" kitabında himnin mətni ilə bağlı hissələri oxuduqca akademik Bəkir Nəbiyevin 2004-cü ildə nəşr olunmuş "Əhməd Cavad" kitabında yazdıqlarını xatırladım. Əhməd Cavadın şeirlərini təhlil edən Bəkir Nəbiyev bildirirdi ki, "Bu şeirlərdən biri musiqisini Üzeyir Hacıbəyovun yazdığı Azərbaycan Xalq Cümhuriyyətinin himnidir. Himn çox böyük fikri-bədii təsir qüvvəsinə malikdir... Adama elə gəlir ki, onun sözləri adicə mürəkkəblə yox, şairin ürəyinin qanı ilə yazılmışdır... Bu, himnin ilk baxışda çox dar görünən meydanında şair doğma Azərbaycanın miniatür poetik tarixçəsini vermişdir... Nəqəratda dönə-dönə təkrarlanan "Azərbaycan!", "Azərbaycan!" nidası mətnin və musiqinin bütün tərkib hissələrini özündə birləşdirən böyük və qüdrətli bir akkord kimi səslənərək, onların hamısını himnin əsas məqsədi, baş ideyası ətrafında birləşdirir". Bunlar himnin mətn müəllifinin kimliyini araşdırmaq üçün yaradılmış komissiyanın sədri Bəkir Nəbiyevin kitabında həmin müzakirələrdən sonra himnlə bağlı yazılan hissənin cüzi bir qismidir. Məsələ burasındadır ki, himni Əhməd Cavadın əsəri olaraq şərh və vəsf edən Bəkir Nəbiyevin həmin kitabının redaktoru bu gün "himnin müəllifi Əhməd Cavad deyil", - deyə israr edən Asif Rüstəmli idi.

Bu "yanlışlıq" heç zaman ortadan qalxmayacaq. Ona görə ki,

1. Bu gün himn olaraq oxunan "Azərbaycanın Dövlət Himni" Cümhuriyyət dövrü parlamentində təsdiq olunmayıb. Çünki Azərbaycan Nazirlər Şurasının "Azərbaycan Cümhuriyyətinin milli himninin layihəsinin hazırlanması haqqında" 1920-ci ilin 30 yanvarında qəbul etdiyi qərara əsasən, Azərbaycan Maarif Nazirliyinin elan etdiyi müsabiqənin son müddəti 1920-ci il mayın 20-də göstərilir. Belə ki, müsabiqə yekunlaşmadan, necə deyərlər, Cümhuriyyət özü tamamlanıb. Deməli, bu himn parlamentdə müzakirə edilməyib. Parlamentin sənədlərində də bu barədə heç bir işarə yoxdur.

2. "Milli nəğmələr" kitabında dərc olunan şeirdə müəllif olaraq "Cəmo bəy" yazılıb. Tədqiqatçıların bir qismi, yuxarıda xatırlatdığım kimi, "Cəmo bəy"in Cəmo Cəbrayılbəyli, bir qismi Cəmo Hacinski, bir qismi də "Cavad Əhməd Məmmədəli Oğlu" olduğunu deyir.

3. Asif Rüstəmli Cəmo bəyin Cəmo Cəbrayılbəyli olduğunu israrla iddia edir. Bunu təsdiq edəcək hansısa qaynaq varmı? O, Qulam Məmmədlinin "İmzalar" kitabına istinad edir: "Qulam Məmmədlinin "İmzalar" (Bakı, 1977) kitabına əsasən düşünmək olar ki, bu Cəmo bəy Cəbrayılbəylidir..." Belə bir qərara necə gəlmək olar? Bir halda ki, Qulam Məmmədlinin "İmzalar" kitabında təqdim olunan gizli imzalar Azərbaycan ədəbi-mədəni həyatındakı imzaları tam əks etdirmir. Məsələn, bu kitabda Əli bəy Hüseynzadənin "Turani", "Səlyani", "Əbdülnəqqaş", "Ə.B.Hüseynzadə", "Ə.H.", "Ə.H.-zadə", "Həyati", "Füyuzati", "Hürrəndiş", yaxud Məhəmməd Əmin Rəsulzadənin "Yalvac oğlu", "M. Əlif Rəsulzadə", "Məhəmməd Əmin", "Haman", "Sosialist", "MAR", "MAR-zadə", "M. R-zadə", yaxud Mirzə Bala Məmmədzadənin "Mirzə Bala", "A.Kut", "M.M.Məmmədzadə", "Əli Kutluk", "M.B.Daşdəmir", "Nuhoğlu", eləcə də bir çox başqalarının gizli imzaları heç yerli-dibli yoxdur. Nəinki gizli imzaları, bu müəlliflərin adları belə sovet ideoloji tabularına görə o kitabda xatırlanmır. Yaxud Qulam Məmmədlinin "İmzalar" kitabında "Nofəl" imzasının sahibi kimi iki nəfərin - Şuşalı İbrahim Tahir Musayevin və Əliağa Vahidin adı göstərilir. Yaxud "Mülhid" imzası həm Vahidin, həm də Həsən Səyyarın gizli imzası olaraq təqdim edilir. Və Əliağa Vahidin 1975-ci ildə Qulam Məmmədlinin tərtibatı ilə çap olunmuş kitabında, Həsən Səyyarın da, İbrahim Tahir Musayevin də bəzi yazıları Vahidin kitabına daxil edilmiş və bu, elə zamanında Azərbaycan ədəbiyyatşünaslarının müzakirəsinə səbəb olmuşdu. Bu barədə Məmməd Nuruoğlunun 1983-cü ildə nəşr olunmuş "Əsər ki qaldı cahanda" kitabında ayrıca bəhs olunub. Mən Qulam Məmmədlinin mədəniyyət və ədəbiyyat tariximizdəki əvəzsiz xidmətlərinə təzim edərək bu faktları bu məqamda xatırlatmağı zəruri hesab etdim. Bu mənada, Asif Rüstəmlinin irəli sürdüyü "Qulam Məmmədlinin "İmzalar" kitabına əsasən düşünmək olar ki, bu Cəmo bəy Cəbrayılbəylidir" qənaətinə birmənalı şəkildə necə inanmaq olar?

4. Filoloji baxımdan təhlil olunsa, Cəmo Cəbrayılbəylinin digər şeirlərinin intonasiyasının, poetikasının bu şeirlə əsaslı bir təzad təşkil etdiyi görünəcək. Məsələn, Cəbrayılbəylinin bu şeirinin strukturu, intonasiyası və poetikası:

İstər idim səninlə bir yerdə

Bir az artıq bulunmaq.

Etməz ömrüm daha vəfa, yoldaş!

Bu yavuqda qayıtsan evimizə sən,

Soran olsa məni bir əhli-vətən,

De: "Dəyib güllə sinəsin keçmiş!

Yox gücü... Həm ümid yox dursun".

5. Alxan Bayramoğlu "himnin müəllifi Camo Hacinskidir" deyəndə istinad etdiyi qaynaq "Azərbaycan Sovet Ensiklopediyası"nda Hacinski barədə yazılmış bu cümlədir: "Milli nəğmələr" kitabçalarında şeirləri çap edilmişdir". Müəllifin bundan başqa hansısa dəlil və sübutu yoxdur.

6. Asif Rüstəmli "himnin müəllifi Cəmo Cəbrayılbəylidir" deyəndə, istinad etdiyi qaynaq yenə həmin "Milli nəğmələr" kitabındakı "Cəmo bəy" imzası ilə çap olunmuş "Vətən marşı" şeiridir. Və onun da bundan başqa hansısa dəlil və sübutu yoxdur.

7. Şeirin əlyazması yoxdur. Asif Rüstəmlinin kitabında təqdim etdiyi əlyazma Cəmo Cəbrayılbəyliyə aid deyil, Cəbrayılbəylinin böyük bacısının nəvəsi Gülsüm Əfəndizadə tərəfindən sonradan kağıza köçürülüb. Halbuki himn Akademiyada müzakirə olunarkən, o zaman Cəbrayılbəylinin qohumları şeirin əlyazmasını hansısa arxivə verdiklərini demişdilər. Arxivlər yerindədir və Bakıdadır. Həmin arxivə baş çəkmək, şeirin əlyazmasını ortaya çıxarmaq olmazdımı? Üstündən 20 ildən artıq vaxt keçəndən sonra, 1967-ci ildə bir qohumun yaddaşdan yazıya köçürdüyü əlyazma belə ciddi mövzunun dəlili ola bilərmi?

Əgər dedikləri sənəd Asif Rüstəmlinin kitabında təqdim etdiyidirsə, bu, dediyim kimi, Cəmo bəyin xətti deyil, onun böyük bacısının nəvəsinin xəttidir. Yoxsa arxivə verilmişdisə, bəs onu iyirmi ildən sonra Asif Rüstəmliyə Cəmo bəyin nəvəsi niyə təqdim edirdi?

Haşiyə çıxmaq istəyirəm: Asif Rüstəmli Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunduğu günlərdən bəhs edərkən, yazır ki, "...Cəmo bəy qələminə sarıldı, qəlbindən keçən coşqun poetik duyğular selini kağıza köçürdü. Marş motivləri üzərində düzənlədiyi şeirinin adını "Vətənim" qoydu... Cəmo bəyin "Vətənim" şeiri həqiqətən, zamanında yazıldı və çox uğurlu poeziya nümunəsinə çevrildi. Müəllif şeirin misralarını dodaqaltı zümzümə etməkdən yorulmaz, uşaqlar üçün vətənpərvərlik mövzusunda sevilən nəğmə ola biləcəyini düşünərək mətni Üçüncü ali-ibtidai məktəbdə birgə işlədiyi müəllim yoldaşı Üzeyir bəy Hacıbəyliyə təqdim etdi". Yaxud Asif Rüstəmli bu əlyazmanı kitabının bir yerində belə təqdim edir: "C.Cəbrayılbəyli yenicə yazdığı "Vətənim" şeirinin əlyazmasını Ağa Həsən Mirzəzadə üçün oxudu..." (Müəllif bütün bunları hansı qaynağa istinadən deyir? Cəbrayılbəylinin şeiri Üzeyir bəyə verdiyini, "dodaqaltı zümzümə etməkdən yorulmadığı" şeiri əlyazmadan Ağa Həsən Mirzəzadə üçün oxuduğunu bildirən hansısa bir qeyd varmı? Ümummilli bir məsələdə və bu qədər həssas bir mövzuda yazılmış elmi araşdırmada, Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qrifi ilə nəşr olunmuş əsərdə xəyal qurmaq, əsaslı mənbələrə istinad etmədən fikir söyləmək hansı anlama gəlir?)

Asif Rüstəmli əlyazma ilə bağlı fikirlərini bu axarda davam etdirir: "Cəmo bəy "Vətənim" şeirinin ilk əlyazmasında tarix qeyd etməsə də... Cəmo bəyin böyük bacısının nəvəsi Gülsüm Nüsrət qızı Əfəndizadə bu şeirin əlyazması olan vərəqin ətəyinə 1918-ci ildə yazıldığını qeyd etmişdir".

Kitabın başqa bir səhifəsində isə təqdim olunan əlyazma ilə bağlı belə bir qeyd var: "Gülsüm Əfəndizadənin Şəfiqə xanım Cəbrayılbəyliyə (Cəmo bəyin həyat yoldaşı) əski əlifba ilə surətini köçürərək ünvanladığı Cəmo bəyin "Vətənim" şeiri..." Bu qədər, hətta son günlər televiziya kanallarından ölkə ictimaiyyətinə tapıntı kimi təqdim olunan əlyazma budur və belədir.

Qeyd: Əlyazmada şeirin adı "Vətənim"dir. Amma "Milli nəğmələr" kitabında o, "Vətən marşı" adı ilə çap olunub. Asif Rüstəmli bunu Ağa Həsən dünyasını dəyişəndən sonra kitabı çap etdirən Qafur Rəşadın redaktəsi kimi şərh edir...

Bu bizim himnimizin taleyidir. Biz qutsal bir başlanğıcı olan himnimizin mətni ilə bağlı məsələni belə bir labirintə salmışıq.

Qutsal başlanğıc deyəndə nəyi nəzərdə tuturam? Azərbaycanda himn, yaxud milli marş, milli nəğmə ideyasının müəllifi Yusif Vəzir Çəmənzəminlidir. İlk dəfə, 1917-ci il dekabrın 19-da yazdığı "Milli Şərqi" məqaləsi ilə himnin, marşın bir millət üçün zəruriliyini diqqətə çatdıran Çəmənzəminli deyirdi ki, "Bizə milli şərqi lazımdır... Milli şərqi bizim yatmış milli hisslərimizi oyadar. Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız, Üzeyir bəy Hacıbəyov çalışmalıdırlar. Yaxşı olardı ki, milli komitə və ya Mərkəzi-Musavat milli şərqi əmələ gətirmək üçün mükafat vəd edəydi". Məsələyə bir də bu aspektdən yanaşılmalıdır. Himnin yazılması üçün mükafat söhbəti varsa, deməli, müsabiqə elan olunmalıdır. Olunubmu, olunmayıbmı, bilmirəm. Cümhuriyyət dövrünü araşdıran alimlərimiz həm də bu suala cavab tapmalıdırlar.

Qulam Məmmədlinin "Üzeyir Hacıbəyov" salnaməsində 1917-ci ilin 31 dekabrına aid bir xəbər var. Xəbər "Uluq Türküstan" qəzetində dərc olunub: "Qafqaz müsəlmanlarının məşhur kompozitorlarından Üzeyir bəy Hacıbəyov cənabları gözəl bir milli marş yazmışdır". Üzeyir bəy özü isə yazırdı ki, "milli qəsidə yazmaq haqqında mən bir müddət çalışıram. Hələlik bir milli marş yazmışam". Deməli, Üzeyir bəy ikinci marşı da yazmaq niyyətindədir. Çünki "hələlik bir milli marş yazmışam" deyir.

Milli komitə, musavat firqəsi Çəmənzəminlinin təklif etdiyi müsabiqəni keçiribmi? Keçiribsə, o zaman Əhməd Cavad bu mətni Cümhuriyyətin qurulmasından əvvəl "CƏMO" şifrəli imza ilə yaza bilməzdimi? Yusif Vəzirin məqaləsindən beş ay sonra Cümhuriyyət qurulub. "Cəmo bəy"ə aid olan şeir isə 1919-cu ildə nəşr olunub. Növbəti il, yəni 1920-ci ilin yanvarında Cümhuriyyət hökuməti müsabiqə elan edib. Və müsabiqə yekunlaşmadan Cümhuriyyət süqut edib.

Asif Rüstəmli Əli Yusifin 1919-cu ilin 30 may sayında dərc olunmuş "Pəncərə önündə yarım saat" məqaləsinə istinad edir, Əli Yusif yazır ki, "on yaşından yeddi yaşınadək çocuqlar... bir cınqıraq sədası qədər lətif səslərilə oxuyurlardı. Mən yalnız "Şanlı Vətən" dediklərini anlaya bildim Pək müəssir bir mənzərə idi".

Asif Rüstəmli Əli Yusifin məqaləsindəki "Mən yalnız "Şanlı Vətən" dediklərini anlaya bildim" cümləsini belə şərh edir: "Dövrün nüfuzlu qəzetində dərc edilən bu məlumat dövlət himninin yaradılması haqqında müsabiqəyə göndəriləcək, dahi Üzeyir Hacıbəyovun bəstələdiyi, son misraları "Şanlı vətən, şanlı vətən" misrası ilə bitən "Vətən marşı" haqqında ilk və ən dəyərli fakt idi". O illərdə, Bakıda daha çox türk hərbi marşları səslənirdi və "şanlı vatan" bir çox türk marşlarının mətnində təsadüf olunan adi bir ibarəydi:

Bağrındadır ulu toprak

Qanlı göydən şafak şafak

Parıldıyor Haqq nurunun

Hey göy qədər şanlı vatan.

Bəllidir ki, dünyada yazılmış bütün himn mətnlərinin üzərində sonradan təshihlər aparılıb. Necə ki, Azərbaycan himnindəki "Al bayraq" bir neçə ay sonra üçrəngli bayraqla əvəz olunub. Əhməd Cavadın "Al bayrağa" şeirini xatırlatmaq, bilmirəm, indi nə dərəcədə yerinə düşər:

Bu bənzəyiş nədən gözüm,

Şəhidlərin qanına?!

Uğurunda can verənlər

Neyçün qıyar canına?!

Himnin mətni ilə bu şeiri eyni ruhun yaratmadığına necə inanasan?

Qeyd: Alxan Bayramoğlu 2003-cü ildə, yəni Akademiyadakı həmin müzakirələrdən sonra nəşr etdirdiyi "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" adlı çox dəyərli əsərində Camo Hacinskinin yaradıcılığı barədə söhbət açmır və himnin mətnini (!) Cümhuriyyət dövrü ədəbiyyatından bəhs edən antologiya səciyyəli kitabına daxil etmir. Maraqlıdır ki, Alxan Bayramoğlunun bu kitabının rəyçisi də Asif Rüstəmli olmuşdu və kitabda, Camo Hacinski barədə hansısa fikir olmadığı kimi, Cəmo Cəbrayılbəyli barədə də bir işarə yox idi. Üstəlik, kitaba yazdığı "Cümhuriyyət ədəbiyyatı" adlı Ön sözdə Yaşar Qarayev "onlarla ehtiraslı şeiri elliklə oxunan marşa, himnə, nəğməyə çevrilmiş" Əliyusif Rai, Um Gülsüm, Əmin Abid (Gültəkin), Cəfər Cabbarlı, Davud, Əli Şövqi kimi gənclərin sırasında öncə Əhməd Cavadı xatırladır və onu "Cümhuriyyət şairi" epiteti ilə fərqləndirir. Və həmin siyahıda, yəni şeiri "marşa, himn"ə çevrilmiş gənc şairlərin sırasında nə Cəmo bəy var, nə Cəbrayılbəyli, nə də Hacinski...

Xatırladım ki, başqa bir yazısında, böyük şairin "Seçilmiş əsərləri"nin latın qrafikalı nəşrinə yazdığı Ön sözdə Ədəbiyyat İnstitutunda himnlə bağlı keçirilən elmi şuraya sədrlik etmiş Yaşar Qarayev Əhməd Cavadın Cümhuriyyət dövrü poeziyasını təhlil edərkən qeyd edirdi ki, "Dövlət himninin mətni, həmçinin "Can Azərbaycan", "Al bayraq", "Azərbaycan bayrağına", "Qardaş", "Mən bulmuşam" həmin dövrün bədii sənədləridir". Yaşar Qarayevin təbirincə, Azərbaycan sözü ilk dəfə poetik mübtədaya, xəbərə dönüb və Əhməd Cavadın yazdığı nəğmədə təkrir və nəqərat olub".

Bilmirəm, Yaşar Qarayev Əhməd Cavadın hansı nəğməsini nəzərdə tutur. Amma Cümhuriyyət dövrünün yalnız iki poetik nümunəsində, 1919-cu ildə yazılmış iki şeirdə bu hal təkrar olunur. Cavadın "Azərbaycan" şeirində "Qorxun yoxdur, düşmanın var. Azərbaycan! Azərbaycan!" təkriri eynən himndəki kimidir: "Azərbaycan, Azərbaycan. Ey qəhrəman övladın şanlı vətəni!"

Asif Rüstəmli deyir ki, Azərbaycan himninin mətni Azərbaycandan kənarda heç vaxt Əhməd Cavadın imzası ilə çap olunmayıb. Məsələ burasındadır ki, 1925-ci ildən etibarən Türkiyənin də, Avropanın da müxtəlif nəşrlərində onu çap edən mühacirlər müəllif olaraq heç Cəmo bəy imzasını da göstərməyiblər. Türkiyədə "İstiqlal uğrunda" toplusunun hazırlanmasında yaxından iştirak edən Əmin Abid bu şeirin onun əziz dostu Cəmo Cəbrayılbəyliyə aid olduğunu bilmirdimi? Yaxud bilirdisə, Asif Rüstəmlinin ifadə etdiyi kimi, bunu, yəni şeiri imzasız çap etməyi Cəbrayılbəylinin təhlükəsizliyi naminə edirdisə, bu ikili münasibəti necə anlamaq olar? Əhməd Cavadın şeirləri öz imzası ilə çap olunur. Cəbrayılbəylinin şeiri imzasız... Əhməd Cavadın təhlükəsizlik qarantiyasımı var idi? Türkiyədə məhz həmin topluda nəşr edilmiş şeirlərinə görə Bakıda ideoloji məhşərə çəkilən Əhməd Cavad deyildimi? Yalnız o idi. Bu mövzu təkcə 1929-cu ildə "Kommunist" qəzeti müəlliflərinin deyil, az qala, ölkə yazıçılarının böyük əksəriyyətini Əhməd Cavada qarşı səfərbər etmiş, Cavad buna görə tövbə mislində izahat verməyə məcbur edilməmişdimi? Hətta daha sonrakı illərdə (yəni altmışıncı illərdə) də həmin məsələ Azərbaycan ədəbiyyatşünaslığının diqqət mərkəzində olmuşdu. Bu sətirlər də, 1967-ci ildə nəşr olunmuş ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" kitabındandır: "Əhməd Cavadın İstambul mətbuatında millətçi şeirlər çap etdirməsi, ədəbi ictimaiyyəti çox narahat edirdi..." və s.

Türkiyədə nəşr olunmuş "İstiqlal uğrunda" məcmuəsindən söz düşmüşkən, xatırladım ki, professor Bədirxan Əhmədli də 2017-ci ildə nəşr olunmuş "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" kitabında həmin məcmuədə Əhməd Cavadın 10 şeirinin dərc olunduğunu bildirir, müəllifsiz təqdim edilən "Azərbaycan" himnini də Əhməd Cavadın həmin on şeiri sırasında xatırladırdı.

Asif Rüstəmli isə "İstiqlal uğrunda" məcmuəsi barədə danışarkən, Əhməd Cavadın "Ə.Cavad" imzası ilə 9 şeirinin topluya salındığını bildirir və ardıyca da "Cəmo bəyin "Vətənim" şeiri "İstiqlal uğrunda" məcmuəsində "Azərbaycan" adı ilə imzasız nəşr edilmişdir" deyir.

Burda mətnin kim tərəfindən yazıldığını, əsl müəllifin aydınlaşdırılması üçün atribusiya mütləq nəzərə alınmalıdır. Əziz Mirəhmədovun bildirdiyi kimi, bunun üçün arxiv, memuar ədəbiyyatı, senzura materiallardan ibarət zəngin məxəzlərə nəzər salınmalıdır. Statistik metod və s. tətbiq edilməlidir. "Bu məqsədlə əsərin dilçilik, üslubiyyat baxımından təhlilinə də böyük əhəmiyyət verilir. Yazıçının ifadə xüsusiyyətləri və üslub sistemi üçün səciyyəvi özünəməxsusluq, orijinallıq tədqiq olunub üzə çıxarılmalıdır". Himnin müəllifinin kimliyini isbatlamaq üçün bütün bunlar edilibmi?

***

Haşiyə: 1937-ci il repressiya qurbanı olan şairlərimizin bəraətdən sonra nəşr olunan kitablarında diqqəti cəlb edən məqamlar barədə. Tutaq ki, Mikayıl Müşfiqin "Seçilmiş əsərləri" 1957-ci ildə, Əhməd Cavadın "Şeirlər" kitabı 1958-ci ildə nəşr olunub. Hər iki kitabda əksər şeirlərin altında şeirlərin yazılma tarixi göstərilir. Amma hər iki kitabda hər iki şairin eyniadlı şeirinin - "Qurban olduğum" şeirinin ətəyində tarix yoxdur. Əhməd Cavadın "Qurban olduğum" şeirinin ilk iki misrası belədir:

Bir xeyli zamandır, getdi, gəlmədi

Əhd-peymanına qurban olduğum...

Müşfiqin "Qurban olduğum" şeirinin ilk iki misrası belədir:

Bilməm məni neçin atmış, unutmuş

Əhdü peymanına qurban olduğum...

Bu şairlərin mətninin atribusiyaya ehtiyacı yoxdur. Çünki onların yaradıcılığı dəqiqləşdirmə tələb etmir... Amma problem "Azərbaycan himni ilə bağlıdırsa, bu zaman vəziyyət tamam başqa şəkil alır...

Himnin mətninin Cəmo Cəbrayılbəyliyə aid olması barədə ilk qənaət Mövsüm Əliyevin 1990-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan "Tarixin "ağ səhifələri" məqaləsindən qaynaqlanıb. Asif Rüstəmli də bunu kitabında bir neçə dəfə vurğulayır. Yazır ki, "Mövsüm Əliyev 70 illik sovet rejimi dövründə Üzeyir Hacıbəylinin "Azərbaycan marşı"nın, yəni "Milli Nəğmələr" (1919) kitabındakı "Vətən marşı"nın sözlərinin Cəmo Cəbrayılbəyliyə məxsus olduğunu mətbuat vasitəsilə ilk dəfə bəyan etmişdir". Mövsüm Əliyev bunu hansı qaynağa istinadən deyib? Asif müəllim yazır: "o, "Milli nəğmələr" (1919) kitabındakı "Vətən marşı"nı yazmış "Cəmo bəy" imzasının kimliyini müəyyənləşdirmək üçün Qulam Məmmədlinin "İmzalar" kitabına da istinad edərək doğru nəticəyə gəlmişdir". Mövsüm Əliyevin həmin məqaləsindən məlum hissəni sitat verirəm. Bunu Asif Rüstəmli də kitabında sitat gətirir: "Ü.Hacıbəyov "Milli Azərbaycan marşı" (sözləri Əhməd Cavadındır) və "Azərbaycan marşı" (sözləri Cəmo Cəbrayılbəylinindir) əsərlərini bəstələmişdir. O, 1920-ci ilin əvvəllərində Azərbaycan Demokratik Respublikasının dövlət himni üçün elan olunmuş müsabiqədə birinci mükafatı almışdır. Azərbaycan Respublikasının dövlət himni (sözləri Əliabbas Müznibindir) İstiqlal dövründə təntənəli surətdə səsləndirilmişdir." Mövsüm Əliyevin Qulam Məmmədliyə istinadən belə söylədiyini dedik. Bəs Əhməd Cavada məxsus Milli Azərbaycan marşının sözləri hanı? 1990-cı ildə Mövsüm Əliyev bunu deyərkən hansı qaynağa istinad edib? Yaxud indi heç kəsə sirr deyil ki, Əliabbas Müznibin yazdığı mətn, nə vaxtsa Azərbaycan Respublikasının dövlət himni olmayıb və İstiqlal dövründə təntənəli surətdə heç bir yerdə səsləndirilməyib.

Yenə də Üzeyir bəyin yazdığı marşa qayıtmaq istəyirəm. Üzeyir bəy "Hələlik bir milli marş yazmışam" deyirdi. Və həmin marşın klavir variantı bəstəkar Sərdar Fərəcovun "Ədəbiyyat və incəsənət" qəzetində (14 iyul 1989) çap olunmuş "Üzeyir Hacıbəyovun iki marşı" adlı yazısından sonra Ramazan Xəlilov tərəfindən üzə çıxarıldı. Bəs bu gün himn olaraq oxunan marş? Sərdar Fərəcovdan bu barədə soruşmuşam. O, həmin marşın notunu 1966-cı ildə Ankarada Etem Üngör tərəfindən nəşr olunmuş "Türk marşları" kitabından götürüb. Üzeyir bəyin arxivində marşın not yazısı yoxdur. O zaman sual doğur: bəs Etem Üngör bu not yazısını haradan əldə edib? 1918-ci ildə bəstələnmiş marşın - himnin not yazısı Bakıda yoxdursa, burda qalmayıbsa o, SSRİ-nin dəmir pərdəsini necə yarıb, Ankaraya hardan və hansı yolla ulaşıb? Cavabını gözləyən əsl tədqiqat mövzusu budur...

Himnin mətninin Əhməd Cavada aid olması fikri 1992-ci ildə Vaqif Səmədoğludan qaynaqlanıb. "1968-ci ildə maestro Niyazi Türkiyədən "Azərbaycan" adlı jurnal gətirmişdi. Mənə zəng vurub bu barədə danışdı və görüşdük, o həmin dərgini mənə verdi... Jurnalın əvvəlində indiki himnimizin sözləri və notu çap olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir Hacıbəyovun, mətn müəllifi kimi isə Əhməd Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni köçürdüm, həm də notu. Sonra jurnalı Niyazinin özünə qaytardım... Hər kəs də mətn müəllifinin Əhməd Cavad olduğunu bilirdi. Düşünürəm ki, bunu problem etməyə dəyməz".

Xalq yazıçısı Anar Əhməd Cavadın 1918-1920-ci illər yaradıcılığı barədə danışarkən qeyd edir ki, "bu əsərlər arasında öz dövründə Azərbaycan himni olan və ikinci müstəqilliyimiz dönəmində də dövlət himni kimi bərpa edilən şeirlər var idi". Anar bunu yazır və "Min beş yüz ilin oğuz şeiri" antologiyasının 1-ci cildində "Azərbaycan himni"ni Əhməd Cavadın şeiri olaraq təqdim edir və s.

"Himnin mətni Əhməd Cavadın deyil" fikrində israr edən Asif Rüstəmli qeyd edir ki, Əhməd Cavadın 1919-cu ildə nəşr olunan "Dalğa" kitabında himnin mətni yoxdur. Ona qalsa, Mehmet Akif Ərsoy da "İstiqlal marşı" haqqında "bu mənim şeirim deyil, onun müəllifi türk millətidir" deyə marşı külliyyatına - "Səfahət"ə daxil etməmişdi. Bir türk cümhuriyyətinin "İstiqlal marşı"nı başqa bir türk cümhuriyyətinin "İstiqlal marşı"ndan 2 il əvvəl qələmə almış Əhməd Cavad da Mehmet Akif kimi davrana bilməzdimi?

İndi necə olsun?

"Milli Məclis qərar çıxarıb yanlışı təshih etsin" deyirlər. Amma Parlament o qərarı nəyə və hansı arqumentə əsasən çıxarsın? Azərbaycan ədəbiyyatşünaslığının bu suala konkret cavabı varmı? Yalnız 1919-cu ildə çap olunmuş şeirin altındakı imza - "Cəmo bəy" Cəmonun kimliyini təsbit etmək üçün yetərlidirmi? Bəlkə, yuxarıda dediyim kimi, "Cəmo" Cəbrayılbəyli Cəmo deyil, Cəmo Hacinskidir, yaxud Cavad Əhməd Məmmədəli Oğludur? Bəlkə başqa bir Cəmodur?

***

"Azərbaycan Milli Ensiklopediyası"ndakı "Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyəti himninin müəllifidir", yaxud "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nda "Cümhuriyyətin himninin yazılması Üzeyir Hacıbəyli və Əhməd Cavadın adı ilə bağlıdır", yaxud "Üzeyir Hacıbəyov Ensiklopediyası"nda "Hacıbəyovun bəstələdiyi ADR Dövlət Himninin sözləri Əhməd Cavadındır" sözlərinə yenidən düzəlişmi ediləcək? Orta məktəb dərsliklərinin ilk səhifəsi dəyişiləcəkmi? Bəs məsələnin mənəvi tərəfi? 30 ildir ki, dərs kitablarını Üzeyir Hacıbəylinin və Əhməd Cavadın müəllifi olduqları "Azərbaycan Himni" ilə açan nəsil belə bir müqəddəs mövzuda xəyal qırıqlığınamı uğrasın?

***

Nə qəribə taleyi var imiş Əhməd Cavadın?!

Ermənilər "Çırpınırdın, Qara dəniz"ə iddialıdır.

Biz isə Himnin sözlərinin Əhməd Cavada aid olmadığını iddia edirik...

"Pələng dərisi geymiş pəhləvan" əsərinin Cavad tərəfindən tərcüməsi də təxminən, eyni aqibəti yaşayıb və s.

Mistikadırmı? Mistikadır...

***

Bu yazını bitirərkən, hardansa fikrimə Kekulenin sözləri gəldi: "Gəlin, xəyal etməyi öyrənək, cənablar". Unutmayaq, övladlarımıza Əhməd Cavad sevgisi hələ uzun illər gərək olacaq... Bu sevgiyə rəxnə salmaq heç kəsin haqqı deyildir. Bu mövzu ədəbiyyatşünaslıq predmetindən daha çox, Azərbaycançılıq problemidir.

Ədalətli qərarın verilməsi üçün bir-birini təkzib edən mülahizələrə deyil, mütəfəkkir münasibətə ehtiyacımız vardır. Yaşar Qarayevin fikirlərini xatırlatmaq istərdim: "Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavadın poeziyasından alıb".

Sizcə, bu, bəs deyil?

28 aprel 2025

Избранный
0
kulis.az

1Источники