RU

Pensiya yaşı ilə bağlı MÜHÜM AÇIQLAMA

Müasir cəmiyyətin sosial ədalət göstəricilərindən biri də vətəndaşların layiqli pensiyaya çıxmaq imkanlarının təmin edilməsidir. Lakin Azərbaycanda pensiya yaşına yaxınlaşmış vətəndaşların əmək bazarından kənarlaşdırılması tendensiyası bu prinsipi ciddi şəkildə sarsıdır. Əmək fəaliyyətinin son mərhələsində işsizliklə üzləşmək, yalnız iqtisadi yox, həm də psixoloji və sosial təcrid riski yaradır. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bu mövzu ilə bağlı fikirlərini Musavat.com əməkdaşı ilə bölüşüb.

 

Əliməmməd Nuriyev təklif edir ki, pensiyaya az qalmış şəxslərin əmək və sosial müdafiə hüquqlarının qorunması ilə bağlı mövcud vəziyyət araşdırılmalıdır:

 

"Son illərdə Azərbaycanda bəzi vətəndaşların pensiya yaşına az qalmış bu və ya digər səbəblərdən işsiz qalmaları halları adi bir mənzərəyə çevrilməkdədir. Xüsusilə 45–60 yaş aralığında olan şəxslərin tez-tez işdən azad olunmaları, onların yeni iş və məşğuliyyət tapmaqda çətinlik çəkmələri və nəticədə pensiya hüququndan məhrum qalmaları ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq müşahidə olunur. Belə şəxslərin əmək fəaliyyətlərini davam etdirmələri üçün tələb olunan 25 illik sosial sığorta stajı və ödənişləri bir çox hallarda tamamlanmır. Bəzən bu kateqoriyaya daxil olan şəxslərə münasibətdə “vurulanlar”, “atılmışlar” və ya “kimsəsizlər” kimi ifadələr işlədilir ki, bu da problemin təkcə hüquqi və iqtisadi deyil, həm də sosial-psixoloji xarakter daşıdığını göstərir".

 

Əliməmməd Nuriyev deyib ki, eyni zamanda, məsələnin həlli yolları ilə bağlı bir çox mütəxəssislər tərəfindən maraqlı və diqqətçəkən təkliflər səsləndirilir:

 

"Bu, təkcə fərdi deyil, həm də struktur səviyyəsində ciddi sosial ədalətsizlik yaradan bir problemdir. Düşünürəm ki, bu sahədə hüquqi, institusional və sosial səviyyədə müəyyən addımlar atılmalıdır. İlk növbədə məsələnin hüquqi tənzimlənməsi üçün Əmək Məcəlləsinə “pensiyaya yaxın dövrdə əmək münasibətlərinin qorunması haqqında” yeni norma daxil edilə bilər. Belə ki, əmək qanunvericiliyinə aşağıdakı məzmunda müddəanın əlavə edilməsi məqsədəuyğun görünür: “İşçinin yaşa görə pensiya hüququnun yaranmasına beş ildən az müddət qaldıqda, onun əmək müqaviləsinə yalnız qanunda göstərilmiş ciddi əsaslar – cinayət tərkibli əməl, kobud intizam pozuntusu və ya struktur islahatı – olduqda xitam verilə bilər”.

 

Əliməmməd Nuriyev hesab edir ki, bu cür müdafiə norması əmək müqavilələrinin birtərəfli ləğvini çətinləşdirər:

 

“İşəgötürənlər daha məsuliyyətli davranmağa məcbur olacaqlar. Bu da son nəticədə vətəndaşın stajını itirmədən pensiyaya çatmasına şərait yaradar. Paralel olaraq, pensiya sistemində islahat aparılaraq pensiya yaşına üç il qalmış, lakin sığorta stajı çatmayan şəxslər üçün dövlət tərəfindən qismən sosial sığorta ödənişi (kompensasiya) həyata keçirilə bilər. Alternativ olaraq isə, işsizlik statusunda olan bu kateqoriyaya xüsusi “pensiyaya keçid dövrü təqaüdü” tətbiq edilə bilər. Yaş diskriminasiyası ilə mübarizə çərçivəsində vakansiya elanlarında yaş həddinin göstərilməsi qadağan olunmalı, bu qadağanın pozulması inzibati məsuliyyətə səbəb olmalıdır. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaşa görə diskriminasiyanı izləyən və qiymətləndirən monitorinq mexanizmi yaradılmalıdır. Qanunvericilik baxımından belə səlahiyyət Ombudsman təsisatına verilsə də,  bu prosesi effektiv şəkildə icra etməsi üçün yetərli resurslarla təmin  edilməyib. Halbuki nazirlik struktur baxımından bu işi koordinasiya və idarəetmə imkanına malikdir. Dövlət məşğulluq xidmətləri tərəfindən bu yaş qrupuna uyğun reabilitasiya və təlim proqramlarının təşkili də çox vacibdir. İctimai iş yerləri və dövlət sifarişi ilə yaradılan sosial işlər bu şəxslərin staj toplamasına imkan yarada bilər. Bununla yanaşı, dövlət müəssisələrində “yaşa görə həssaslıq prinsipi” tətbiq olunmalı, karyera tamamlanması dövrü üçün sosial paketlər – məsələn, staj tamamlama proqramı və ya yarımştat işlə təminat – nəzərdə tutulmalıdır”.

 

Əliməmməd Nuriyev deyib ki, beynəlxalq təcrübə də bu sahədə faydalı nümunələr təqdim edir:

 

“Almaniyada “Altersteilzeit” adlı proqram yaşlı işçilərin tədricən pensiyaya keçidini təmin edir. İsveçdə yaşlılar üçün uyğunlaşdırılmış iş yerləri yaradılır, Estoniyada isə 50 yaşdan yuxarı şəxslərin işə qəbulunu təşviq edən subsidiyalar tətbiq olunur. Bu yanaşmalar göstərir ki, yaşa görə sosial müdafiə mexanizmlərinin mövcudluğu bir çox ölkələrdə əmək və pensiya siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bu gün “pensiyaya çatmadan əvvəl işini itirən” şəxslərin problemi sistemdəki müdafiə və keçid mexanizmlərinin zəifliyindən qaynaqlanır. Belə şəxslər üçün hüquqi “təhlükəsizlik yastığı” təmin edilmədən tam həcmdə sosial rifahdan və hüquqi bərabərlikdən danışmaq mümkün deyil. Əlbəttə ki, irəli sürülən bu və digər təkliflər geniş ictimai müzakirələrdən keçməli, bu sahədə müxtəlif ölkələrin təcrübəsi və məsələnin iqtisadi-maliyyə tərəfləri diqqətlə öyrənilməlidir.  Problem mövcuddur, diqqət və həssaslıq  məsələnin həllini sürətləndirər!

 

Pensiya yaşına yaxınlaşan vətəndaşların əmək münasibətlərində müdafiəsi, sadəcə fərdi rifahın deyil, ümumi sosial sabitliyin təminatı baxımından da strateji əhəmiyyət daşıyır. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, yaş diskriminasiyasına qarşı mübarizə və uyğunlaşdırılmış məşğulluq proqramları bu problemi yüngülləşdirə bilər. Əgər yaşlı nəslin hüquqları bu gün qorunmazsa, sabah gənc nəsil də öz gələcəyinə inamla baxa bilməyəcək. Bu səbəbdən məsələ cəmiyyətin bütün təbəqələrinin diqqətini tələb edən mühüm sosial çağırış kimi qiymətləndirilməlidir”.

Tarix: 5 May 2025, 12:16   
Избранный
0
4
pravda.az

5Источники