BAKI, TurkicWorld
Motosiklet sektorunun nəhənglərindən biri olan Tayvan mərkəzli KYMCO şirkəti Türkiyəni istehsal bazası elan edib.
TurkicWorld xəbər verir ki, KYMCO şirkəti İzmirdə yeni istehsal müəssisəsinin fəaliyyətə başladığını elan edib.
Doğan Trend-in distribütorluğu ilə Türkiyədə təmsil olunan KYMCO, İzmirin Kemalpaşa Mütəşəkkil Sənaye Bölgəsində qurulan bu müəssisə vasitəsilə həm yerli bazara məhsul təqdim etməyi, həm də Avropa bazarına ixracat imkanlarını genişləndirməyi planlaşdırır. İlk mərhələdə Skytown 125 modeli ilə başlanan yerli istehsalın davamında hissələrin Türkiyədə lokallaşdırılması və yeni modellərin xəttə əlavə edilməsi nəzərdə tutulur.
Doğan Trend Automotive-in CEO-su Kağan Dağtekin bu təşəbbüsün Türkiyənin motosiklet sənayesindəki potensialını üzə çıxardığını bildirib. “KYMCO fabriki, həm keyfiyyət və innovasiyaya önəm verən yerli istehsal gücümüzü artıracaq, həm də məşğulluğa və ixracata mühüm töhfə verəcək. Məqsədimiz bu müəssisənin istehsal gücünü 20 min ədəddən 100 minədək artırmaqdır”- deyə o bildirib.
Qeyd edək ki, ekoloji standartlara uyğun şəkildə qurulan bu istehsal müəssisəsi 5 min kvadrat metrlik sahəni əhatə edir və tədricən daha böyük miqyaslı ixracata yönələcək.