RU

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər » AzadMedia.az



Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri


5 May dünyada Əlilliyi Olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar gün cəmiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının qorunmasına, sosial müdafiəsinə və onların cəmiyyətə tam şəkildə inteqrasiyasına yönəltmək məqsədi daşıyır. Bu gün bizlər üçün yalnız bir təqvim tarixindən ibarət deyil – bu, sosial məsuliyyətə çağırış, bərabərlik prinsipini qorumaq və unudulmamalı bir sosial öhdəlikdir.

Azərbaycan dövləti əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial rifahının təmin edilməsi və layiqli həyat şəraitinin yaradılması istiqamətində mühüm addımlar atır. Son illərdə ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən qayğının institusional əsaslarla gücləndirilməsi müşahidə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar paketində bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi prioritet istiqamətlərdən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ildən-ilə təkmilləşdirilir. Mən özüm dəfələrlə Reablitasiya Mərkəzlərində yaradılan şəraitlə tanış, əlilliyi olan şəxslərə qayğının şahidi olmuşam. Elektron sistemlərin tətbiqi bu sahədə şəffaflığı artırmaqla yanaşı, insan amilini minimuma endirib, vətəndaş məmnunluğunu yüksəldib. Mənzil təminatı, avtomobil verilməsi kimi sosial proqramlar əhəmiyyətli sosial dəstək vasitələridir.

Lakin görülən işlərlə yanaşı, hələ də mövcud olan və həllini gözləyən problemlər var. Ən başlıcası – regionlarda reabilitasiya xidmətlərinə çıxış imkanları məhduddur. Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün müvafiq stimullar və kvotalar praktiki səviyyədə yetərincə tətbiq olunmur. İctimai nəqliyyatın, inzibati binaların və digər ictimai obyektlərin fiziki əlçatanlığı hələ də geniş miqyasda təmin olunmayıb. Bu isə əlilliyi olan şəxslərin gündəlik həyatını çətinləşdirir və onların sosial fəallığını məhdudlaşdırır. Digər mühüm məsələ isə cəmiyyətin bəzi təbəqələrində əlilliyi olan şəxslərə qarşı mövcud olan stereotiplər və laqeyd münasibətdir. Bu, yalnız fiziki deyil, mənəvi maneə olaraq da onların həyatında iz buraxır.

Unutmayaq ki, əlilliyi olan şəxslər cəmiyyətin tamhüquqlu üzvləridir. Onların hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən də dövlətin atdığı addımlara paralel olaraq vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və media qurumlarının bu məsələyə yanaşması həm də ictimai rəyə təsir baxımından mühüm əhəmiyyət kəsb edir.

5 May bizə bir daha xatırladır ki, hər bir insanın hüquqlarının müdafiəsi cəmiyyətin bütövlükdə inkişafının və mədəni yetkinliyinin göstəricisidir. Əlilliyi olan şəxslərə verilən dəstək – əslində insanlığa verilən dəyərin göstəricisidir.

Избранный
0
1
azadmedia.az

2Источники