RU

Mətbuatımız 150 ildə nə qazandı, gözləntilər nələrdir? -

Azərbaycan mətbuatı 150 illik şərəfli tarixi boyunca təkcə informasiya vasitəsi kimi deyil, həm də ictimai düşüncənin formalaşmasında, milli kimliyin qorunmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Bu möhtəşəm yubiley sadəcə bir tarixə nəzər salmaqla kifayətlənmir – o, həm də bu günün və gələcəyin media mənzərəsini düşünmək, jurnalistikanın qarşısında duran çağırışları, dəyişən oxucu tələblərini və informasiya mühitinin gələcək istiqamətlərini dəyərləndirmək üçün mühüm fürsətdir. 150 il sonra bu mərhələ bir keçmiş hesabatı deyil, həm də yeni bir başlanğıc nöqtəsidir. Məhz bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Sərəncamda qeyd olunur ki, Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə vətənpərvərlik və həmrəylik nümayiş etdirərək şanlı Qələbənin əldə olunmasında mühüm informasiya cəbhəsində fəaliyyət göstərmiş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etmişdir. Bu, Azərbaycan jurnalistikasının həm peşəkarlıq, həm də vətəndaşlıq mövqeyi baxımından yüksək qiymətləndirilməsidir. Metbuat.az 150 illik yubiley ərəfəsində Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli ilə həmsöhbət olub: Müşfiq müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatının 150 illiyi ilə bağlı verdiyi sərəncamı necə qiymətləndirirsiniz? Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamı xüsusi əhəmiyyət daşıyır. Bu sənəddə Azərbaycan media ictimaiyyətinin uzun illər ərzində göstərdiyi fəaliyyəti yüksək qiymətləndirilir. Xüsusilə Vətən müharibəsi zamanı jurnalistlərin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və informasiya cəbhəsindəki əzmkarlığı ön plana çəkilir. Sərəncamda vurğulanır ki, Azərbaycan mediası Zəfər yolunda informasiya silahı kimi çıxış edərək həm ölkə daxilində, həm də beynəlxalq aləmdə haqq səsimizin çatdırılmasında mühüm rol oynayıb. Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərib. Prezidentin Sərəncamında yer tutan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirmək üçün mənbə rolunu oynayır. Amma bu Sərəncam Azərbaycan mediasının təkcə keçmiş fəaliyyətini qiymətləndirmir, həm də jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri ifadə edir. Sizcə, media sahəsində aparılan bu islahatlar Azərbaycan mediasının beynəlxalq standartlara uyğunlaşmasına nə dərəcədə töhfə verir? Ümumiyyətlə, media islahatları təkcə struktur dəyişikliyi ilə yekunlaşmalıdır, yoxsa məzmun və etik yanaşma da dəyişdirilməlidir? Bildiyiniz kimi, son illərdə qlobal informasiya axınının sürətlənməsi, sosial medianın güclənməsi və texnoloji yeniliklər medianın funksiyalarını və fəaliyyət prinsiplərini köklü şəkildə dəyişib. Bu dəyişikliklər Azərbaycan media məkanında da yeni yanaşmaların və institusional islahatların həyata keçirilməsini zəruri edib. Məhz bu zərurətdən doğaraq 2020-ci illərdən etibarən ölkədə media sahəsində genişmiqyaslı və kompleks islahatlar dalğasına start verilib. Azərbaycan media məkanında 2020-ci illərdən etibarən həyata keçirilən islahatlar dalğası kompleks xarakterlidir, media üzrə bütün komponentləri əhatə edir. Məlumat üçün qeyd edək ki, beynəlxalq mərkəzlər ölkələr üzrə media mühitini dəyərləndirərkən 4 mühüm istiqamətə birlikdə diqqət yetirirlər. Media qanunvericiliyinə, KİV-lərin maliyyə müstəqilliyinə, jurnalist təhlükəsizliyinə və nəhayət, etik standartların tətbiqi imkanlarına kompleks şəkildə yanaşılmasını zəruri sayırlar. Media mühitinin normal olması üçün, bu istiqamətlərdən hər birinin normativlərə uyğun gəlməsi vacibdir. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Media sahəsində islahatların daha da dərinləşdirilməsi haqqında” Fərmanı bu prinsiplərin hər birini özündə cəmləşdirir. Fərman ayrı-ayrı istiqamətlərin deyil, ümumilikdə media mühitinin yeniləşdirilməsini ehtiva edir. Paralel olaraq, jurnalistlərin sosial durumunu və statuslarını da diqqətə alır. Son islahatların nəticəsi olaraq Azərbaycan informasiya məkanı həm də struktur tərtibatı baxımından yenilənir. Dəyişiklik dövlətin kommunikasiya işinə cavabdeh olan müvafiq strukturlarından başlayaraq medianın özünütənzimləmə qurumlarına qədər ən geniş spektiri əhatə edir. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Prezident Fərmanına əsasən, 2021-ci ildəMedianın İnkişafı Agentliyi qurulub. 2022-ci ildə isə Audiovizual Şura yeni tərtibatda formalaşdırılıb. Bu dönəmdə həm də Azərbaycan Mətbuat Şurasının yeni qurultayı keçirilib. Şuranın tərkibi yeniləşdirilib, əlavə missiyaları elan edilib. Bəllidir ki, adı çəkilən təsisatların hər biri özlərindən əvvəl mövcud olmuş müvafiq qurumların bazasında, yeni adlar altında formalaşdırılıb. Amma dəyişiklik təkcə adlarla məhdudlaşmayıb. Səlahiyyət, məsuliyyət, öhdəlik, informasiya işinə yanaşma, media mühitinə baxış fərqlidir. Belə fərqlilik Medianın İnkişafı Agentliyi ilə yanaşı yenidən qurulmuş digər təsisatlar üçün də xarakterikdir. İslahatlar fonunda yeniləşdirilmiş bu qurumlar çevik funksionallıq mexanizmlərinə malikdirlər. Proseslərə, tendensiyalara, problemlərə reaksiyaları operativdir. KİV-lərdə, sosial media platformalarında müzakirə olunan istənilən məsələyə, məlumatlara çevik reaksiya verə bilirlər. Müşfiq müəllim, yeni “Media haqqında” Qanunun media subyektlərini təsnif etməsi sizcə, informasiya mühitinin şəffaflığına necə təsir göstərə bilər? Müasir informasiya cəmiyyəti dövründə media sahəsinin hüquqi əsaslarının zamanla yenilənməsi zərurətə çevrilmişdir. Texnoloji inkişaf, rəqəmsallaşma və sosial platformaların güclənməsi mövcud qanunvericiliyin təkmilləşdirilməsini tələb edirdi. Bu reallıqdan çıxış edərək, Azərbaycanda media sahəsində hüquqi-normativ baza üzərində ciddi iş aparılıb. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmana uyğun olaraq, bu sahəni tənzimləyən qanun dəyişdirilib. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunudövlət və media münasibətlərinin hüquqi mənzərəsini aydınlaşdırır. Yeni qanunu əvvəlkindən fərqləndirən əsas məqamlardan biri də budur ki, o, media subyektlərinin dəqiq təsnifatını verir. Çap, onlayn, audiovizual mediasubyektlərinin, informasiya agentliklərinin standartlarını, fəaliyyət çevrəsinimüəyyənləşdirir. Qanun rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir. Yeni qanun media subyektləri ilə yanaşı, jurnalistlərin də statuslarını, hüquq və vəzifələrini dəqiq ifadə edir ki, bu da yeni media alətlərinin inkişaf etdiyi bir dövrdə son dərəcə zəruridir. Bəs, hazırda sürətlə inkişafda olan müasir texnologiya və sosial media milli mətbuatın inkişafına necə təsir edir? Son illər informasiya texnologiyalarının inkişafı və rəqəmsallaşma prosesi media mühitində ciddi dəyişikliklərə səbəb olub. Ənənəvi medianın yanında sosial şəbəkələr də xəbər istehsalı və paylaşımı sahəsində mühüm rol almağa başlayıb. Bu dəyişikliklər informasiya istehsalçılarının strukturunu genişləndirməklə yanaşı, yeni risk və çağırışları da gündəmə gətirib. Sosial şəbəkə platformalarının sürəti inkişafı xəbər istehsalçılarının çeşidini artırıb. Analitik mərkəzlər qeyd edirlər ki, hazırda dünya əhalisinin yarıdan çoxu sosial media istifadəçisidir. “Statista.com”un hesablamalarında bu göstərici təqribən 5.7 milyard nəfərlə ifadə olunur. Dünya əhalisinin 62,6 faizi sosial şəbəkə platformaları üzərindən xəbər alır və yayır. Yəni, xəbər istehsalçısı rolunda çıxış edir. Azərbaycan seqmentində də mənzərə oxşardır. Son məlumatlara əsasən, ölkə əhalisi arasında sosial media istifadəçilərinin sayı 50 faizi ötüb. Bu dinamika bir tərəfdən alternativ informasiya mənbələrinə çıxış imkanlarını artırmaqla fayda verirsə, digər yandan xəbərin keyfiyyətinə təsir göstərir. Etimadlı xəbərin kəmiyyətini azaldır, “feyk xəbər”in çəkisini çoxaldır. Öz növbəsində, peşəkar xəbər istehsalçısı olan jurnalistlərin vəziyyətinə da ciddi təsir göstərir. Onların hüquq və səlahiyyətlərinin qorunması üçün tədbirlər görülməsini zərurətə çevirir. Mövzu beynəlxalq jurnalist təşkilatlarının gündəmində yer tutur. Peşəkar medianın qorunub saxlanılması, jurnalistlərin hüquq və səlahiyyətlərinin dəqiq müəyyən edilməsi üçün təkliflər hazırlanır. Keyfiyyətli Jurnalistika Uğrunda Beynəlxalq Hərəkat (KJUBH) da bu səbəbdən təsis edilib. KJUBH jurnalistikanı sosial medianın yaratdığı təhdidlərdən qorumağa çalışır . “Media haqqında” Qanun sosial media ilə peşəkar jurnalistika arasında sərhədi dəqiq çəkə bilirmi? Əlbəttə, bu tendensiyalar kontekstdə yanaşsaq, Azərbaycanda hazırlanaraq tətbiq edilən “Media haqqında” yeni Qanun ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin səlahiyyətlərini müəyyənləşdirmək, haqlarını qorumaq üçün faydalıdır. Eyni zamanda, peşəkar jurnalistikanı qoruyub yaşatmaq istəyən dünya ölkələri üçün bir örnəkdir. Yeni qanun sosial media istifadəçiləri, həvəskar xəbər istehsalçıları ilə peşəkar jurnalistlər arasındakı sərhədləri çox dəqiq şəkildə müəyyənləşdirir. Konvergensiya olunmuş ənənəvi media qurumları ilə sosial şəbəkə platformaları üzərindən xəbər yayan həvəskarlar arasındakı fərqi göstərir. Jurnalistlərin hüquq və səlahiyyətlərini qoruyur, inkişaf etdirir. Bir cümlə ilə ifadə etsək, “Media haqqında” Qanun Azərbaycanda peşəkar medianın inkişafına təminat verir. Onlayn media qurumlarına dövlət səviyyəsində dəstək göstərilməsi rəqəmsal informasiya təhlükəsizliyi baxımından nə qədər vacibdir? Müasir dövrdə medianın davamlı inkişafı üçün təkcə hüquqi deyil, həm də iqtisadi mexanizmlərlə dəstəklənməsi zərurətə çevrilib. Bu baxımdan, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət peşəkar jurnalistikanın qorunmasına və təşviqinə yönəlib. Media sahəsində sərhədlərin dəqiq müəyyənləşdirilməsi bu dəstək mexanizmlərinin ədalətli və effektiv şəkildə tətbiqinə imkan yaradır. Sərhədlərin müəyyənləşməsi peşəkar media üçün güzəştlərin və imtiyazların tətbiq olunmasına şərait yaradır. Təsadüfi deyil ki, “Media haqqında” Qanun imzalandığı gün - 8 fevral 2022-ci il tarixdə Prezident İlham Əliyev həm də İpoteka qanunvericiliyi üzrə dəyişiklikləri təsdiqləyib. Beləliklə, jurnalistlərə dövlət təminatlı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilib.Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində isə Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. 2021-ci ilin sonlarından etibarən, medianın müstəqil biznes modelinə keçidinin sürətləndirilməsi üçün sistemli addımlar atılır. Prosesin davamı olaraq, 2023-cü il yanvarın 1-dən ölkə mətbuatına vergi tətilləri tətbiq olunub.Çap və onlayn media subyektləri gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən, eyni zamanda əlavə dəyər vergisindən 3 il müddətinə azad edilib. Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün verilən dövlət dəstəyinin həcmi artırılıb. Məlumat üçün bildirək ki, 2009-2020-ci illər aralığında ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə - qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. Son 3 ildə hər il üzrə 39 xəbər saytına (xəbər portalına) müsabiqəli yardımlar göstərilib. 39 xəbər saytı, 17 qəzet redaksiyası olmaqla ümumilikdə il ərzində 56 media subyektinə iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki təminatlarının yaxşılaşdırılması, faliyyətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə maliyyə yardımı ayrılır. Bu, ölkədə KİV qollarının paralel inkişafını təmin edir. O cümlədən, onlayn media subyektlərinin qurulmasını, inkişafını və peşəkarlaşmasını stimullaşdırır. Media Reyestrində qeydə götürülmək üçün xəbər saytları qarşısında orjinal məzmun yaradıcılığı tələbinin qoyulması bu seqmentdə keyfiyyət göstəricilərini xeyli dərəcədə yüksəldir. Saytlar keyfiyyətli, etimadlı, məzmun müxtəlifliyi olan xəbərlər yaymaq üçün daha çox çalışırlar və nəticədə özləri də institutlaşıb peşəkarlaşırlar. Media Agentliyinin qurduğu monitorinq sistemi real dataları (orjinal kontent, istinad sayları və s ) ortaya qoyur və bunun nəticəsində sayt vitrini yenilənir. Onlayn mediaya dövlət dəstəyinin göstərilməsi bu platformada qeyri-şəffaflıq meyillərini də azaldır. Azərbaycan milli media məkanında baş verən bu dəyişikliklər dövlətin informasiya təhlükəsizliyinə xüsusi önəm verməsinin və milli informasiya resurslarının inkişafına ciddi şəkildə dəstək göstərməsinin bariz nəticəsidir. Son dörd il ərzində göstərilən ardıcıl və məqsədyönlü dəstək sayəsində ölkənin milli media resursları sürətli inkişaf yoluna çıxmış, artıq xarici mediada və beynəlxalq hesabatlarda istinad edilən etibarlı mənbələrə çevrilmişdir. Gülbəniz Hüseynli / Metbuat.az Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.

Избранный
0
metbuat.az

1Источники