RU

Mahir Emreli “Elversberq”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 32-ci turu çərçivəsində baş tutmuş “Elversberq”lə matçın iştirakçısı olub.

Nürnberqlilər doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:3. Futbolçumuzun komandası 44-cü dəqiqədə hesabı açsa da, ikinci hissədə buraxdığı qollar nəticəsində məğlubiyyətə üzülüb.

Mahir bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Əvvəlki oyunlarda ardıcıl qollar vurmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

“Nürnberq” 32 oyuna topladığı 45 xalla hazırda 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 13 qələbə qazandığı halda 6 heç-heçə edib, 13 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını mayın 9-da evdə “Köln”ə qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 23 rəsmi matça çıxıb, 8 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Избранный
0
5
arena.az

10Источники