"Tesla"nın model sırası köhnə və çox bahalıdır, avtomobilləri isə olduqca bahalıdır..."
İlon Maskın siyasətə qısamüddətli marağı ona milyardlarla dollarlıq ziyana başa gəlib. Amerikanın elektrik avtomobilləri istehsal edən "Tesla" şirkətinin əsas ixrac bazarı olan Avropada satışlar mart ayında təxminən 29 faiz azalıb, bu gün isə dünya iqtisadi nəşrləri artıq 50 faizlik geriləmədən yazır.
Moderator.az xəbər verir ki, bu barədə " The Wall Street Journal" nəşri yazıb.
Nəşr yazır ki, "Tesla"nın satışları Avropada ciddi şəkildə azalıb: Fransa, Danimarka və Almaniyada 60 faizədək geriləmə qeydə alınıb. İqtisadçılar bu meylin
davam edəcəyini bildirir.
Səbəblər arasında Maskın siyasətə müdaxiləsi, bahalı və köhnəlmiş model çeşidi, rəqabətli Çin elektromobilləri və Avropada yeni modellərə satış icazəsinin olmaması göstərilir. Qazanc və mənfəət kəskin düşüb. Nəşr İlon Maskın vəzifədən uzaqlaşdırıla biləcəyini yazsa da, bu iddialar rəsmi olaraq təkzib olunub.
Aprel ayında Fransada cəmi 863 ədəd “Tesla” avtomobili satılıb ki, bu da ötən ilin həmin ayına nisbətən 59,4 faiz azdır. Yanvar-aprel ayları arasında isə satışlar 43,9 faiz düşüb. Danimarkada apreldə 180 ədəd "Tesla" alınıb, bu da keçən ilə görə 67 faizlik bir eniş deməkdir. Almaniyada isə ilin ilk üç ayında, Maskın seçki kampaniyasına kobud müdaxiləsindən sonra satışlar 62 faiz azalıb.
İqtisadçılar düşünür ki, bu hələ satışların tam çökməsinin başlanğıcıdır: bir çox ölkələrin məlumatları hələ dərc edilməyib və onların da Mask üçün məyusedici olacağı gözlənilir. Qeyd olunur ki, məsələ təkcə şirkət rəhbərinin siyasi baxışlarına qarşı antipatiyada deyil. "Tesla"nın model sırası köhnə və çox məhduddur, avtomobilləri isə olduqca bahalıdır.
Rəqiblər, xüsusilə Çinin BYF şirkəti heç də geri qalmayan, amma daha ucuz elektromobillər təqdim edir. Digər bir məsələ də ondan ibarətdir ki, Avropa ölkələri hələ "Tesla"nın avtopilot funksiyaları olan yeni qabaqcıl modelinin satışına icazə verməyib. Halbuki bu model Şimali Amerikada uğur qazanıb. Nəticədə şirkətin birinci rübdəki gəliri 20 faiz, xalis mənfəəti isə 71 faiz azalıb.
Ötən həftə İlon Mask Hökumətin Effektivliyi Departamentinə ayırdığı vaxtı azaldacağını və "Tesla" işlərinə daha çox diqqət yetirəcəyini bildirib. Çərşənbə günü "The Wall Street Journal" yazıb ki, "Tesla"nın Direktorlar Şurası Maskın Tramp administrasiyası ilə sıx əməkdaşlığına görə onu baş direktor vəzifəsindən çıxarmaq üçün alternativ namizədlər axtarır.
İddialara görə, onlar artıq bir neçə iri şirkətin rəhbərləri ilə əlaqə saxlayıb. Lakin ertəsi gün Direktorlar Şurasının sədri bu məlumatı təkzib edib. Onun sözlərinə görə, şura Maskın şirkəti böhrandan çıxarmağa qadir olduğuna inanır. Mask isə məqaləni "açıq-aşkar saxtakarlıq" adlandırıb.