RU

3 May Ümumdünya Mətbuat Azadlığı Günü

 

     Bütün dünyada hər il mayın 3-də qeyd olunan bir gündür.

     Bu gün 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Məqsəd mətbuatın demokratiyanın qorunmasındaki rolunu vurğulamaq, etik jurnalistikanı işıqlandırmaq və dünyada mətbuatın senzuraya məruz qaldığı ölkələrə mesaj verməkdir.

 

1. Demokratiyanın təməl daşı: Açıq və şəffaf cəmiyyət üçün mətbuat azadlığı həyati əhəmiyyət kəsb edir. Müstəqil və qərəzsiz mətbuat ictimaiyyətin məlumat almaq hüququnu qoruyur, hakimiyyət orqanlarına nəzarət edir və siyasi iştirakı təşviq edir. Bununla da demokratiyanın fəaliyyət göstərməsi və inkişafı üçün lazımi zəmin yaradır.

 

2. İnsan Hüquqlarının Müdafiəsi: Bu, mətbuat azadlığı, ifadə azadlığı və məlumat hüququ kimi əsas insan hüquqları ilə birbaşa bağlıdır. Jurnalistlər insan haqları pozuntularını və ədalətsizlikləri üzə çıxarmaqla qurbanların səsini çıxarmağa və hesabatlılığın təmin olunmasına töhfə verirlər.

 

3. Sosial inkişaf: Mətbuat cəmiyyətdə mühüm məsələlər ətrafında müzakirə və fikir mübadiləsi üçün platforma yaradır. Fərqli perspektivləri təqdim etmək və tənqidi düşüncəni təşviq etmək sosial inkişaf və tərəqqi üçün vacibdir.

 

4. Güclü Vətəndaş Cəmiyyəti: Müstəqil mətbuat qeyri-hökumət təşkilatlarının və fəalların işini dəstəkləyir və ictimai iştirakçılığı artırır. Bu yolla daha ədalətli və bərabərlikçi bir cəmiyyətin qurulmasına töhfə verir.

 

5. Qlobal Sülh və Təhlükəsizlik: Mətbuat azadlığı müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu və anlaşmanı təşviq edir. Bu yolla beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasına və sülhün qorunmasına töhfə verir.

      Artıq 32 ildir mayın 3-ü bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.

     Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir.

     Dövlətimiz ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb.

    1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilmiş, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkşafı üçün əlverişli mühit yaradılmağa başlanmışdır.

    Ulu öndər Heydər Əliyevin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və "Kütləvi informasiya vasitələri haqqında" qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlanıb.

     Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının ləğv edilməsi, qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları ilə, o cümlədən orden və medallarla təltif olunmaları dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olub.

     2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərmişdir.

     Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynamışdır.

    Ümummilli liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2005-ci il mayın 31-də Milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu sahəyə olan diqqət və qayğının bariz nümunəsi olmuşdur.

     Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" mətbuat-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır.

    Bu sənəd əsasında 2009-cu il aprelin 3-də "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" dövlətimizin başçısının Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addım olmuşdur.

     Ölkə mətbuatının daha da inkişafını təmin etmək üçün Milli Məclis "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "İnformasiya əldə etmək azadlığı haqqında" qanunlara bir sıra mütərəqqi dəyişikliklər etmişdir.

       Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməmişdir. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Peşəkar jurnalistlər ölkədə və onun xaricində baş verən ictimai, siyasi, mədəni hadisələri tam obyektiv işıqlandırır, onları təhlil edir və oxucuya qərəzsiz, düzgün çatdırırlar. Belə jurnalistlər ictimai-siyasi, iqtisadi, mədəni, elm və texnika sahələrindəki nöqsanları qərəzsiz mövqedən açır, göstərir və onların həlli istiqamətində araşdırmalar aparırlar.

       3 may - Ümumdünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını alıb.

       Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumu və ölkə mətbuatının inkişafı yollarını müzakirə edirlər.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

Избранный
0
1
herbiand.az

2Источники